Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin peşə bayramı kimi qeyd olunur.
Bütün sahələrdə yüksəksürətli inkişafa və böyük uğurlara nail olan Azərbaycan indi dünyada həm də turizm ölkəsi kimi tanınır. Bu sahədə həyata keçirilən tədbirlər turizmin inkişafında mühüm rol oynayır. Davamlı islahatların məqsədi ölkədə müasir turizm sahəsinin formalaşması, beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişafı, ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılmasıdır.
Müasir dünyada turizm, sadəcə, istirahət və əyləncə sektoru deyil, həm də qlobal iqtisadiyyatın ən dinamik sahələrindən biridir. Statistikaya görə, turizm dünya ÜDM-in təxminən 10 faizini təşkil edir, milyonlarla insan üçün məşğulluq mənbəyidir. Bu sahə, həmçinin infrastrukturun inkişafına, xidmət sektorunun təkmilləşməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edir.
Azərbaycan üçün də turizm milli iqtisadiyyatın şaxələnməsi siyasətində xüsusi yer tutur. Xəzərin sahilində yerləşən Bakıdan tutmuş dağ turizminin inkişaf etdiyi bölgələrə qədər ölkənin hər guşəsi xarici qonaqlar üçün maraqlı imkanlar yaradır. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Qobustan qaya rəsmləri, İçərişəhər və Şəki Xan Sarayı Azərbaycanı turizm xəritəsində fərqləndirən əsas nümunələrdəndir. Dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri, viza prosedurlarının sadələşdirilməsi, beynəlxalq tədbirlərin Bakıda təşkili ölkəmizin turizm imkanlarını daha da genişləndirmişdir.
Ümumiyyətlə, Azərbaycanda dünya standartlarına uyğun turizm obyektlərinin yaradılması ölkə rəhbərinin daim xüsusi diqqət yetirdiyi, qayğı göstərdiyi sahələrdəndir. Bu il sentyabrın 17-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfər çərçvəsində "Pirqulu Park" hotelinin açılışı buna bir nümunədir. Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşən kompleksin ərazisi 16 hektardan və 2 hotel binasından ibarətdir. 188 və 172 yerlik binalarda müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.
Dövlət başçısı və Birinci-vitse prezidentin səfər çərçivəsində tanış olduqları "Nəsimi Bağları" kompleksi də sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkan kimi diqqət çəkir. Rayonda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulan kompleksin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.
Ölkəmizin Naxçıvan və Lənkəran, Quba-Qusar-Nabran, Şəki-Şamaxı-İsmayıllı, Qəbələ-Naftalan, Göygöl-Şəmkir-Gədəbəy və digər bölgələrdəki turizm mərkəzlərinin sıralarına erməni işğalından azad edilmiş Qarabağ bölgəsi də daxil olunub. Hər kəsə yaxşı məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur turizm baxımından geniş imkanlara malikdir. Burada turizmin istənilən növünün yaradılması və inkişafı mümkündür. Elə bu baxımdan Şuşa, Laçın, Xankəndi, Kəlbəcərə təşkil olunan turlar hər kəsin diqqətini cəlb edir.
Şuşa mədəni abidələri ilə turistlərin diqqətini çəkən unikal məkanlardan biridir. Turizmin inkişafı üçün yaradılan imkanlar - tikilən hotellər, restoranlar, digər iaşə obyektləri, ən əsası isə Zəfər yolu son bir neçə ildə bu bölgəni Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevirib. Eyni zamanda burada keçirilən qlobal əhəmiyyətli tədbirlər də Şuşanı daha çox tanıdıb.
Xatırladaq ki, Füzuli, Zəngilan və Laçında üç hava limanı istifadəyə verilib ki, bu da turizmin əsas komponentlərindən biridir. Belə ki, bu aeroportlar Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olmaqla xarici turistləri ölkəmizə cəlb edir.
Şuşa ilə yanaşı, Laçında, Kəlbəcərdə, Xankəndidə, Zəngilanda da mehmanxanalar fəaliyyət göstərir. Kəlbəcərdə "İstisu" sanatoriyası yaradılmaqdadır. Sağlamlıq turizmi bu gün dünyada ən çox inkişaf edən, turistləri cəlb edən turizm növlərindən biridir. Bu baxımdan, Kəlbəcərin gələcəkdə əsas turizm məkanlarından biri olacağı şübhəsizdir.
Üç il bundan öncə Tərtər rayonunun Suqovuşan qəsəbəsində istifadəyə verilən istirahət parkı səyahətçilərin ən çox üz tutduqları məkanlardandır. Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Tuğ kəndi, Ağdamda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması üzrə layihələr davam etdirilir.
Ötən il avqustun 30-dan Bakı-Ağdam-Bakı istiqamətində dəmir yolu fəaliyyətə başlayıb. Burada dövlət başçısının tapşırığı ilə infrastruktur tam olaraq bərpa edilib. Bölgədə infrastrukturun qurulması ilə yanaşı, turizm imkanları nəzərə alınaraq paralel qaydada zəruri işlər həyata keçirilir. Bu o deməkdir ki, yaxın gələcəkdə bu bölgəyə gələn turistlərin sayı daha çox olacaq.
Qarabağ və Şərqi Zəngəzur zəngin təbiətə malikdir. Bu ərazilərdə ekoturizm inkişaf edə bilər. Bundan başqa, səyahət turizmi, qış turizmi, sağlamlıq və kənd turizmi, bir sözlə, turizmin bütün növlərinin inkişafı mümkündür. Hazırda həmin ərazilərdə müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi gələcəkdə burada turizmin də inkişafına təkan verəcək.
Görünən odur ki, 30 illik erməni işğalından azad olunmuş şəhər və kəndlərdə turizmin hər bir növünün yaradılması üçün böyük potensial var. Əminliklə demək olar ki, yaxın zamanlarda bu yerlərin xoş sorağı dünyaya yayılacaq. Azərbaycanın turizm coğrafiyası genişləndikcə, ölkəmizə gələn turistlərin sayı daha da artacaq.
Rəhman SALMANLI,
"Azərbaycan"