26 Sentyabr 2026 09:00
607
SİYASƏT
A- A+
Tarix yaradan xalq

Tarix yaradan xalq


2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinin adi bir səhəri kimi açılmadı. O səhər illər boyu Qarabağ həsrəti ilə yaşayan bir xalqın taleyində yeni bir səhifə açıldı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumu ilə başlayan hərbi əməliyyatlar 44 gün davam edən Vətən müharibəsinə çevrildi. Həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 27 sentyabrın əsl mahiyyətini yalnız döyüş xəritəsində axtarmaq olmaz. Həmin tarixə səngərdən baxanda bir mənzərə, şəhid anasının pəncərəsindən boylananda isə tamam başqa mənzərə görünür. Əsgər üçün 27 sentyabr silahını çiyninə götürüb Vətən yoluna çıxmaq idi. Ana üçün övladının arxasınca dua etmək, ata üçün qürurla göz yaşını gizlətmək idi. Qazi üçün ömrünün sonuna qədər daşıyacağı bir ağrı və eyni zamanda şərəf idi. Şəhid ailəsi üçün isə dünyanın heç bir sözü ilə ifadə olunmayacaq bir itki... Bütün bu fərqli talelərin mərkəzində bircə söz dayanırdı - Vətən.

Bəlkə də 27 sentyabrın böyüklüyü elə bundadır - milyonlarla insanın fərqli həyatı, düşüncəsi, siyasi baxışları, taleyi bir anda eyni mənanın ətrafında birləşdi. Azərbaycan xalqı özünün ən çətin və taleyüklü məqamlarından birində göstərdi ki, milli məsələlər qarşısında onu birləşdirən daha böyük bir dəyər var - Azərbaycan. O gün xalqın səsi səngərin səsi ilə birləşdi. Cəbhədə güllə açılırdı, evlərdə dualar yüksəlirdi. Əsgər irəliləyirdi, ana gözləyirdi. Həkim yaralını həyata qaytarmağa çalışırdı, müəllim uşağa Vətən haqqında danışırdı, jurnalist həqiqəti dünyaya çatdırmağa çalışırdı, diaspor nümayəndəsi yaşadığı ölkədə Azərbaycan həqiqətlərini səsləndirirdi. Hər kəs öz yerində, ümumilikdə isə hamı bir yöndə idi - Vətənin tərəfində. Elə buna görə də  sentyabrın 27-sini yalnız müharibənin başlanğıcı adlandırmaq azdır, bu tarix həm də xalqın  dövlətinə, ordusuna və gücünə inamının böyük sınaqdan keçdiyi gündür.

Azərbaycan xalqı həmin günlərdə dövlətin yanında dayandı. Dövlət də xalqın səsini eşitdi, onun iradəsini öz siyasətinin əsas dayaqlarından birinə çevirdi. Prezident İlham Əliyevin müharibə günlərində xalqa müraciətləri, xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələr əsl həqəqətin, Azərbaycanın mövqeyinin beynəlxalq informasiya məkanına çatdırılmasının mühüm vasitələrindən oldu.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. Müharibə yalnız səngərdə aparılmırdı. Bir tərəfdə Azərbaycan əsgəri torpağı uğrunda vuruşurdu, digər tərəfdə Azərbaycan diplomatı dünya kürsülərində ölkəmizin haqq işini müdafiə edirdi. Bir tərəfdə hərbi əməliyyatlar gedirdi, digər tərəfdə informasiya müharibəsi aparılırdı. Prezident İlham Əliyevin xarici media ilə müsahibələrində Azərbaycanın mövqeyini izah etməsi də həmin mübarizənin mühüm istiqamətlərindən idi. O günlər dünya Azərbaycanın səsini eşidirdi. Bu səs təkcə bir dövlət başçısının səsi deyildi, həm də 30 ilə yaxın doğma torpaqlarından ayrı düşmüş insanların səsi idi. Bu səs kəndindən, evindən, yurdundan didərgin salınmış insanların səsi idi. Övladını Qarabağda itirmiş atanın, illərlə yol gözləmiş ananın səsi idi. O günlər səngərdən gələn səslə diplomatiya  masasından gələn səs eyni idi. Bu, müharibənin görünən və görünməyən iki cəbhəsi idi. Birinci cəbhədə əsgər torpağı addım-addım geri alırdı, ikinci cəbhədə isə Azərbaycanın haqqı dünyaya çatdırılırdı. Bu iki cəbhənin arxasında bir xalq dayanmışdı. O xalq ki, 44 gün ərzində bir yumruq kimi birləşdi. "Dəmir yumruq" ifadəsi də məhz həmin günlərin siyasi və mənəvi yaddaşında belə bir məna qazandı - birliyin gücü. Bu birlik təsadüfən yaranmamışdı. Onun arxasında illərlə aparılan dövlət siyasəti, ordunun gücləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, ən başlıcası, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi dayanırdı.

10 noyabr 2020-ci il bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı. Qarabağ uğrunda mübarizə xalqımızın yaddaşında böyük məna daşıyırdı. Bu həm də ləyaqətin bərpası, ədalətin yenidən öz yerini tapması, milli iradənin sınanması idi. İllərlə "nə vaxt?" sualını verən bir xalqın, nəhayət, "yetişdi!" dediyi məqam idi. Bu yetişməyin arxasında səbir, onilliklərin ağrısı, atəşkəs illərinin susqunluğu, itirilmiş yurdların həsrəti vardı. Və bütün bunların sonunda qərar, qətiyyət, möhkəm iradə  vardı. 27 sentyabr həmin qərarın, qətiyyətin, iradənin tarixə yazıldığı gündür. Bu qərarın ən ağır yükünü Azərbaycan zabiti və əsgəri daşıdı. O oğullar ki, 18-20 yaşında idi, həyatın nə olduğunu yenicə anlayırdılar. Bəlkə, bir neçə ay sonra toy edəcəkdi, universitetə qayıdacaqdı, anasına "qayıdacağam" demişdi. Amma Vətən çağıranda şəxsi arzularını arxa plana keçirmişdi. O əsgər torpağı azad etməyə getmişdi. Bəzisi geri qayıtdı, bəzisi qayıtmadı. Qayıtmayanların adı isə Azərbaycan tarixinin uca zirvəsində yazıldı.

Bu gün 27 sentyabrı Anım Günü kimi qeyd etməyimizin əsas mənası da budur. 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edildi, sənəddə əsgər və zabitlərin, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə xalqın birlik və həmrəylik nümayiş etdirdiyi xüsusi vurğulandı. Deməli, 27 sentyabr yalnız şəhidlərimizi xatırladığımız gün deyil, həm də birlik haqqında yaxşı-yaxşı düşünüb birləşdiyimiz gündür. Çünki şəhidin bizdən istədiyi yalnız onun adını xatırlamaq deyil, onun qanı ilə azad olunan Vətəni qorumaqdır, uğrunda can verdiyi dövlətə sahib çıxmaqdır, bir-birimizə hörmət etməkdir, milli məsələlərdə şəxsi maraqları kənara qoya bilməkdir. Bu həm də hamımızın Vətən məsələsində eyni məsuliyyəti daşımağımızdır. Bu həqiqəti 2020-ci ilin payızı bizə bir daha göstərdi. Həmin payız Azərbaycan xalqı özünün nə qədər böyük mənəvi gücə malik olduğunu gördü. Şəhid ailəsi öz ağrısı ilə böyük bir millətin qarşısında dayandı, qazi yarası ilə Vətənə qayıtdı, əsgər bayrağını daha yüksəyə qaldırdı, diplomat haqqımızı müdafiə etdi, jurnalist həqiqəti yazdı. Ana dua etdi, ata gözlədi, uşaq atasının hərbi paltarını qucaqladı.

Dövlətimizin başçısının siyasi iradəsi, Ali Baş Komandanın qərarları və rəhbərliyi müharibənin gedişində mühüm rol oynadı. Azərbaycan Ordusunun hazırlığı, əsgər və zabitlərin peşəkarlığı, hərbi şücaəti isə Zəfərin əsas dayaqlarından oldu. Amma bütün bunları bir-birindən ayırmaq mümkün deyil. Dövlətin, ordunun gücü və xalqın birliyi bir bütövün müxtəlif tərəfləridir. Zəfər də məhz bu bütövlükdən yarandı. Bu gün geriyə dönüb baxanda Şuşaya gedən yolun sentyabrın 27-dən başladığını görürük. 44 gün ərzində Azərbaycan Ordusunun irəliləməsi, Şuşanın azad olunması və sonrakı proseslər 30 ilə yaxın davam etmiş işğalın sonunu gətirdi.

Hər zəfərin bir qiyməti olur. Bizim Zəfərimizin qiyməti şəhid qanıdır. Ona görə də bu Zəfər qarşısında sevinc qədər məsuliyyət də var. Şəhidlərin bizə əmanət etdiyi Vətən var, qazilərin bizə əmanət etdiyi ləyaqət var. Gələcək nəsillərin bizdən gözlədiyi qüdrətli Azərbaycan var. Bu gün bizim borcumuz həmin Zəfəri yalnız xatırlamaq deyil, onun mənəvi yükünü daşımaqdır. Dövlətimizi daha da gücləndirmək, ölkəmizin inkişafına  əməyimizlə töhfə vermək, milli həmrəyliyimizi qorumaq, gənclərimizə tariximizin həqiqətlərini anlatmaq, ən başlıcası, şəhidlərin xatirəsinə layiq yaşamaqdır. Tarix bizə yalnız keçmişi xatırlatmır, eyni zamanda sabah üçün məsuliyyət qoyur. Sentyabrın 27-nin bizə qoyduğu ən böyük məsuliyyət isə birliyi qorumaqdır. Bir xalqı böyük edən yalnız qazandığı qələbələr deyil, qələbəyə aparan dəyərləri qoruyub saxlaya bilməsidir. Bu gün Azərbaycan bayrağı Qarabağın şəhər və kəndlərində dalğalanırsa, həmin bayrağın kölgəsində 27 sentyabr səhərinin izi var. Həmin bayraqda şəhidin qanı, əsgərin nəfəsi, atanın, ananın duası, xalqın iradəsi, dövlətin qətiyyəti və bir millətin uzun illər içində böyütdüyü Azərbaycan adlı böyük arzusu var.

27 sentyabrı tarix edən Azərbaycan xalqının iradəsi oldu. Bu gün həmin iradənin, şəhidlərimizin qarşısında baş əyirik. Qazilərimizə minnətdarlığımızı bildiririk. Əsgərimizin qarşısında ehtiramla dayanırıq. Anaların səssiz duasını eşidirik. Və ürəyimizdə bir həqiqəti yaşadırıq:  bəzi günlər təqvimdə qalır. Bəzi günlər isə xalqın qan yaddaşına çevrilir. 27 Sentyabr Azərbaycan xalqının qan yaddaşına çevrilmiş belə bir gündür. Bu günün adı Anım Günüdür. Amma bu günün yaddaşında həm də bir xalqın birliyi, dövlətin iradəsi, ordunun qəhrəmanlığı və Vətənin Zəfəri yaşayır.

 

Elşən QƏNİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!