BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP-31) həm də 2024-cü ildə Azərbaycanda keçirilən COP29 zirvəsində qəbul olunan qərarların icrası baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Antalyada baş tutan COP-31-in açılış günündə ölkəmizin ünvanına çoxlu müsbət fikirlər bildirildi. Çünkü müzakirə olunan bir çox qərar və təşəbbüslər məhz Azərbaycanda səsləndirilib.
Bunu Antalyada AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.
Onun sözlərinə görə, iqlim gündəliyinə qərarların icrası çox önəmlidir. “Biz çalışırıq ki, ölkələr və maliyə institutları bu sahəya daha fəal yanaşsınlar. Prezident İlham Əliyev ilk gündən bildirib ki, dünya ictimaiyyəti ada ölkələrinin və inkişaf etməmiş ölkələrin dəstəkçisi olmalı, onlara maliyyə resursları ayrılmalıdır. Bu kimi dövlətlərin problemlərini həll etmək üçün səylər artırmalıdır. Azərbaycan lideri yüksək tribunadan bütün ölkələri məsuliyyətə dəvət edib”, - deyən M.Babayev, Azərbaycan rəhbərliyinin mövqeyinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın COP29 gündəliyindəki əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır: “Azərbaycanın pavilyonunda Xəzər dənizi məsələsinə xüsusi yer ayrılıb. Bu, ən mürəkkəb mövzulardan biridir. Həm pavilyonda, həm də digər məkanlarda keçirilən tədbirlərdə bu məsələni gündəmə gətirəcəyik. Biz çalışacağıq ki, dünya təşkilatları və maliyyə institutlarının bu məsələyə marağı artsın”.
Gündəlikdəki mövzular arasında minalanmış ərazilər məsələsinin xüsusi yer tutduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, COP çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə ANAMA-nın birlikdə hazırladıqları film nümayiş etdiriləcək. “Biz çalışacağıq ki, böyük auditoriyanı buraya dəvət edək və bu məsələnin təkcə Azərbaycanın problemi olmadığını göstərək. Dünyada belə hallar çoxdur. Elə ölkələr var ki, 30–40 ildir bu problemi həll edə bilmirlər. Bu səbəbdən, minalanmış ərazilər problemini biz bir çox pavilyonda müzakirə edəcəyik. Çünki bu, həm də ekoloji və yaşayış problemləridir, insanların problemidir”, – deyə o əlavə edib.