Prezident İlham Əliyevin Zəfərin 6-cı ildönümü münasibətilə Xankəndidə etdiyi müraciət tarixi qələbəmizin siyasi, hərbi və mənəvi mahiyyətini bir daha nümayiş etdirən mühüm mesajlarla yadda qaldı. Müraciətin Xankəndidən, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən edilməsi isə xüsusi rəmzi məna daşıyır. Bu, ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa etmiş Azərbaycanın qalib dövlət statusunun nümayişidir.
Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin vaxtilə bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida!” ifadəsi bu gün artıq tarixi reallığa çevrilib: "Vaxtilə Azərbaycanın ərazi bütövlüyünə qarşı separatizmin mərkəzi olan Xankəndi bu gün Zəfərin rəmzidir.Prezident İlham Əliyevin müraciətinin əsas istiqamətlərindən biri 44 günlük Vətən müharibəsinin tarixi nəticələri və Azərbaycan xalqının qələbəyə gedən yolunun təhlili idi. Dövlət başçımız bir daha vurğuladı ki, bu qələbə təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli həmrəyliyin və xalqın sarsılmaz iradəsinin məntiqi nəticəsidir".
Deputat bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında işğaldan azad edib. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən həlledici hərbi-siyasi hadisə oldu. Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur edildi. Nəticədə digər ərazilər də şəhid vermədən Azərbaycana qaytarıldı.
Müraciətdə diqqətçəkən məqamlardan biri Azərbaycan və Ermənistan ordularının müharibə dövründə nümayiş etdirdiyi mənəvi-psixoloji vəziyyətin müqayisəsi idi. "Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Ermənistan rəhbərliyinin öz etirafına görə isə onların ordusunda 12 minə yaxın fərari qeydə alınmışdı. Bu müqayisə müharibənin həm də mənəvi üstünlük, milli ruh və döyüş əzmi ilə qazanıldığını göstərir. Dövlət başçımız da bəyan etdi ki, Azərbaycanın qələbəsinin əsasını təşkil edən amillərdən biri xalqın ləyaqət və milli iradəsi idi. Bizi irəliyə aparan milli ruhumuz idi",- deyə o əlavə edib.
N.Məmmədova vurğulayıb ki, Azərbaycanın hərbi qələbəsini şərtləndirən amilləri təhlil edərkən uzunmüddətli dövlət quruculuğu siyasətini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı, müdafiə potensialının gücləndirilməsi, müasir silah və hərbi texnologiyaların əldə olunması, Silahlı Qüvvələrin peşəkarlığının artırılması qələbənin mühüm təməllərini formalaşdırdı.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, fəal diplomatiya və müstəqil xarici siyasət kursu da milli maraqlarımızın müdafiəsində mühüm rol oynadı. İşğal dövründə müxtəlif xarici qüvvələrin təzyiqlərinə, qəbuledilməz güzəşt təkliflərinə baxmayaraq, Azərbaycan rəhbərliyi prinsipial mövqeyindən geri çəkilmədi.Prezident müraciətində bu məsələyə toxunaraq bildirdi ki, Ermənistanın arxasında dayanan bəzi dövlətlər Azərbaycanı işğalla barışdırmağa çalışırdılar. Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı.Bu baxımdan 2020-ci il Vətən müharibəsi ilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı vahid strateji məqsədin iki mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Müzəffər Ali Baş Komandanın da bəyan etdiyi kimi, “o nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada – Xankəndidə qoyduq".
Deputat qeyd edib ki, bir zamanlar təcavüzün və separatizmin simvolu olan məkan artıq Azərbaycan xalqının milli mübarizəsinin tarixini yaşadır: "Prezident İlham Əliyev müraciətində azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxundu. Dövlət başçımızın da bəyan etdiyi kimi, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Azərbaycan şəhər və kəndləri yerlə-yeksan edilmiş, tarixi abidələrimiz, məscidlərimiz dağıdılmış, mədəni irsimizə qarşı vandalizm siyasəti həyata keçirilmişdi. Bu gün isə Azərbaycan həmin ərazilərdə tamamilə fərqli reallıq yaradır. Təsadüfi deyil ki, artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və çalışır. Bu göstərici “Böyük Qayıdış” Proqramının miqyasını və real nəticələrini nümayiş etdirir".
N.Məmmədova bildirib ki, Azərbaycanın böyük zəfəri fonunda milli birliyimizin və dövlətçiliyin ideoloji təməlində isə azərbaycançılıq məfkurəsi dayanır. Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, “Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir”. Azərbaycan təcrübəsi göstərdi ki, milli ideologiya suverenliyin qorunması, cəmiyyətin birliyi və gələcək inkişafın təminatıdır.Dövlət başçısının “biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” fikri isə növbəti mühüm mesajdır. Söhbət Azərbaycanın siyasi, iqtisadi, hərbi, texnoloji və institusional potensialının davamlı şəkildə artırılmasından gedir. Bu gün Azərbaycan üçün Zəfər həm də gələcəyin inkişaf və təhlükəsizlik təminatıdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"