Azərbaycan Respublikasının Dövlət Bayrağı milli dövlətçilik tariximizin, müstəqilliyimizin və xalqımızın azadlıq iradəsinin təcəssümüdür. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın milli rəmzlərimizə, tarixi keçmişimizə və dövlətçilik ənənələrimizə ehtiramının ifadəsidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilərək rəsmi dövlət bayramı kimi təsis olunub.
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edildiyi gündən başlanır. Mavi, qırmızı və yaşıl rənglər xalqımızın milli ideologiyasının əsas prinsiplərini özündə birləşdirir. Bu rənglər eyni zamanda milli-mənəvi dəyərlərə bağlılığı, müasir inkişafı və ümumbəşəri ideallara sadiqliyi ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, xalqımızın milli yaddaşında və müstəqillik ideallarında yaşamaqda davam edib. Onun yenidən dövlət bayrağı kimi qəbul edilməsi isə Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə mümkün olub. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edilib. Bununla da Azərbaycanın müstəqillik ideyasının mühüm dövlətçilik atributlarından biri yenidən siyasi və hüquqi müstəviyə qayıdıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunun qəbul edilməsi ilə üçrəngli bayrağımıza dövlət statusu yenidən qaytarılıb.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə üçrəngli bayrağımız müstəqil dövlətimizin rəsmi atributu kimi təsbit olunub. Hazırda bayrağın hüquqi statusu və təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi və 2018-ci il noyabrın 2-də qəbul edilmiş Konstitusiya Qanunu ilə müəyyən edilir. Dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın konstitusion vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. 2004-cü il iyunun 8-də qəbul edilmiş Qanunla Dövlət Bayrağının istifadəsi qaydalarının və ona dair tələblərin müəyyənləşdirilməsi də bu müqəddəs rəmzin qorunmasının hüquqi əsaslarını möhkəmləndirib.
Azərbaycanın Dövlət Bayrağına göstərilən ehtiramın mühüm təzahürlərindən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla əsası qoyulan meydanın açılışı 2010-cu il sentyabrın 1-də, Dövlət Bayrağı Muzeyinin açılışı isə həmin il noyabrın 9-da keçirilib. 2024-cü il noyabrın 8-də meydan yenidən istifadəyə verilib və burada dünyanın ən böyük bayraqlarından biri ucaldılıb. Meydanın ərazisində fəaliyyət göstərən yenilənmiş Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” ekspozisiyası da nümayiş etdirilir. Burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qaldırılan Azərbaycan bayraqlarının fotoları və videomaterialları yer alır. Bu ekspozisiya dövlət rəmzimizin müasir tariximizin mühüm hadisələri, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlılığını əks etdirir.
Bu gün üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanması müstəqil dövlətimizin suverenliyinin əyani təzahürüdür. Vaxtilə işğal altında olan torpaqlarımızda dövlət bayrağımızın ucaldılması xalqımızın tarixi yaddaşında xüsusi yer tutan hadisə olmaqla yanaşı, milli birliyin və dövlətçilik iradəsinin rəmzinə çevrilib. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bayrağımız bizim qürur mənbəyimiz, eşidilən səsimiz və duyulan nəfəsimizdir. Bu gün üçrəngli bayraq yalnız dövlət müəssisələrində və rəsmi tədbirlərdə deyil, hər bir azərbaycanlının qəlbində, ailəsində və gündəlik həyatında özünəməxsus yer tutur. Onun ucaldılması müstəqilliyə, milli dəyərlərə və dövlətçilik ənənələrinə sədaqətin ifadəsidir.
Dövlət Bayrağı Günü yalnız tarixi hadisələrin xatırlanması ilə məhdudlaşmır. Bu əlamətdar gün həm də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik və dövlətçilik düşüncəsi ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin də vurğuladığı kimi, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil dövlət bayrağının mahiyyətini dərk etməli, ona hörmət və ehtiramla yanaşmalıdır. Üçrəngli bayrağımız Azərbaycanın keçmişini, bu gününü və gələcəyini birləşdirən milli dövlətçilik rəmzidir. O, xalqımızın azadlıq mübarizəsini, müstəqillik əzmini, milli kimliyini və suveren dövlət qurmaq iradəsini özündə ehtiva edir. Dövlət Bayrağımızın ucalığı, əslində, Azərbaycanın dövlət müstəqilliyinin və milli birliyinin ucalığıdır.
Vasif Qafarov,
Milli Məclisin deputatı