Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər bir azərbaycanlı üçün əziz və müqəddəs olan Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr tarixi Zəfər Günü kimi təsis edildi. Artıq 6-cı ildir ki, xalqımız bu müdəqqəs günü böyük təntənə və sevinclə qeyd edir. Zəfər sevincini xalqımıza yaşadan oğullar isə heç vaxt unudulmur, yaddan çıxmır, daim qürur və iftixarla anılır.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, 44 günlük Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin yaddaşlara həkk edilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin salınmasına başlanmışdır. Dövlət başçısının imzaladığı sərəncamdan 4 il sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə 8 noyabr 2024-cü ildə Zəfər parkının açılışı olmuşdur. Açılış mərasimində çıxış edən dövlətimzin başçısı demişdir: "Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır".
Zəfər parkı bu gün xalqımızın müqəddəs ziyarətgahıdır. Hamımızın qürur və iftixarla üz tutduğumuz park Azərbaycan dövlətinin və xalqının şəhidlərə olan ehtiramının, hörmətinin və diqqətinin rəmzidir. Yalnız əlamətdar günlərdə deyil, adi vaxtlarda da şəhərimizin sakinləri və qonaqları abidənin önünə gül dəstələri qoyur, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğulların xatirəsini ehtiramla yad edirlər.
Dünən isə parkda qələbəlik idi. Xalqımız böyük sevinc içində Zəfər gününü qeyd edirdi. Ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Xalqımızın vətənpərvər övladları əllərində gül dəstələri, ürəklərində böyük sevinc şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək üçün Zəfər parkına üz tuturdu.
Zəfər parkını ziyarətə gələnlərin arasında uşaqlar, gənclər, hərbi geyimli, sinəsi ordenli, medallı qazilər də az deyildi. Kimliyindən asılı olmayaraq, hamı şəhidlərimizə ehtiramını, hörmətini bildirməyə gəlmişdi. Bu xoş, qürur dolu gündə sanki yaxınlıqdakı ağacların da, hərdən seyrək buludların arasından boylanan Günəşin də üzü gülürdü.
Hərbi geyimli ziyarətçilərdən birinə yaxınlaşıb tanış olduq. Ehtiyatda olan zabit Ceyhun Əliyev dedi ki, İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub: "Addım-addım erməniləri geri qovurduq. Özünü "məğlubedilməz" hesab edən düşmən əks-hücumlarımız qarşısında dayana bilməyərək silah-sursatlarını, meyitlərini mövqelərində atıb qaçırdılar. Təəssüflər olsun ki, əməliyyatların birində ağır yaralandım, döyüş yolum yarımçıq qaldı. Qəhrəmanlığımızın, mübarizliyimizin rəmzi olan Zəfər parkına tez-tez gəlirəm. Bu möhtəşəm abidə İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan cəsur oğullarımzın şücaətini özündə əks etdirir. Buna görə əminlik hissi ilə deyə bilərəm ki, Zəfər parkı xalqımızın və dövlətimizin şəhidlərə olan ehtiramının, minnətdarlığının ifadəsidir".
Şəhid anası Nahidə Teymurova isə bildirdi ki, oğlu Vüsal da Zəfərin qazanılması, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük cəsarət və qəhrəmanlıqla vuruşub, qürur yerimiz olan Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub: "Azərbaycan xalqına böyük sevinc bəxş edən Zəfərin qazanılmasında onun da payı var. Buna görə də şəhid anası kimi Zəfər parkını ziyarətə böyük qürur və iftixarla gəlmişəm. Bu gün hamı kimi mən də göz yaşlarımı silib düşmən üzərində qazanılmış Zəfərimizə sevinirəm. Qoy qələbələrimiz əbədi olsun! Şəhidlərimizə, qəhrəmanlarımıza belə yüksək dəyər verdiyinə, şəhid ailələrinə böyük diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm".
Növbəti həmsöhbətimiz şəhər sakini Tamella Alqayeva oldu. Dedi ki, Zəfər parkı tez-tez üz tutduğu məkanlardan biridir: "Ziyarətə gələnlərin üzündəki sevinci görəndə sanki dünyanı mənə bağışlayırlar. Baxıram ki, ziyarətə gələnlərin arasında gənclərimiz çoxdur. Düşünürəm ki, Zəfər Parkının açılmasında vətənpərvərliyin təbliği çox mühüm rol oynayır. Park 44 günlük Vətən müharibəsində qazanılan zəfəri özündə yaşadır. Sözsüz ki, parkdakı abidələr və ekspozisiyalar gənclərimizin, sabahın əsgərlərinin vətənpərvərlik hisslərini daha da artırır".
Zəfər günündə Zəfər parkını ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Xalqımızın vətənpərvər övladları ürəklərində böyük qürur, əllərində gül dəstələri ilə böyük bayramı qeyd edirdilər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"