26 Sentyabr 2026 08:50
5043
SİYASƏT
A- A+
Vətən tariximizin 27 sentyabr səhifəsi

Vətən tariximizin 27 sentyabr səhifəsi


Azərbaycan xalqı üçün 30 illik dözümün, sınmayan iradənin və səbrin zəfər əzminə çevrildiyi an - 2020-ci ilin 27 sentyabr sabahı oldu. O gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi kəlmələr  həm də xalqımızın milli qürurunun bərpası üçün verilən tarixi hökm idi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


Səbrin və ədalətin sınaq meydanı


2020-ci ilin 27 sentyabrı təqvimə sadəcə növbəti bir gün kimi yazılmadı. O gün otuz ildən bəri sinəmizdə dağa çevrilən Qarabağ nisgilini birdəfəlik qoparıb atmaq üçün ayağa qalxdığımız tarixi məqam oldu.

İşğalçı Ermənistanın növbəti dəfə həddini aşaraq bütün cəbhəboyu ağır silahlardan, artilleriyadan istifadə etməklə hücuma keçməsi, birbaşa kəndlərimizi və dinc insanları hədəfə alması artıq səbrimizin son damlası idi. Düşmənin bu xain təxribatı ədaləti bərpa etməkdən başqa bir yol qoymadı. Azərbaycan bu təxribatların cavabını vermək və ərazilərini işğaldan azad etmək üçün "Dəmir yumruq" əməliyyatına başladı. 

Əslində, bu, 2020-ci ildə düşmənin ölkəmizə qarşı ilk təxribatı deyildi. Hələ iyul ayında Tovuz istiqamətində sərhədlərimizi pozmaq cəhdi mülki sakinlərimizin və hərbçilərimizin şəhid olması ilə nəticələnmişdi. Ancaq Azərbaycan Ordusu həmin vaxt düşmənə layiqli dərs verərək onu geri oturtmuşdu. İşğalçı Ermənistan  isə məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, sentyabrın 27-də daha böyük təcavüzə əl atmaqla öz sonunu hazırladı.

Azərbaycanın səbri tükənmişdi. Onilliklər boyu aparılan mənasız danışıqlardan heç bir nəticə alınmayacağı bəlli idi. İkili standartların hökm sürdüyü dünyada beynəlxalq ədalətdən nəsə gözləmək olmazdı. Düz 27 il idi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirdi. Digər tərəfdən də Ermənistan beynəlxalq havadarlarına güvənərək işğalı əbədiləşdirməyə çalışır, ölkəmizə qarşı hərbi təxribatlar törədirdi.  

2020-ci il 27 sentyabrında etdiyi səhv işğalçıya baha başa gəldi. Həmin gün səhər saatlarından etibarən Azərbaycan Ordusu Vətən torpağının hər qarışı uğrunda müqəddəs savaşa başladı. Qəhrəman döyüşçülərimiz doğma torpaqlarımızı düşmən tapdağından xilas etmək, işğalçıya unudulmaz dərs vermək üçün dərhal irəli atıldı.

Müharibənin ilk saatlarında Prezident İlham Əliyev birbaşa xalqa müraciət edərək cəbhədəki vəziyyəti, düşmənin növbəti hərbi təcavüzünü faktlarla diqqətə çatdırdı və rəsmi olaraq bəyan etdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".

Bu tarixi müraciət sadəcə operativ məlumat vermək məqsədi daşımırdı. Bu, torpaqlarımızın azadlığı uğrunda hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti göstərən, dövlət-xalq-ordu birliyini sarsılmaz bir qüvvəyə çevirən milli bəyanat idi.

Dövlət başçısı qətiyyətlə vurğulayırdı ki, Azərbaycan heç vaxt təxribata əl atmayıb: "Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır". 

Ali Baş Komandanın beynəlxalq aləmə ünvanlanan ittihamı isə məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyurdu: "Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".


44 günlük qəhrəmanlıq salnaməsi 


27 sentyabrda Azərbaycan Ordusu ərazilərimizin işğalına son qoymaq üçün müqəddəs haqq yürüşünə çıxdı. Bütün cəbhə boyu əks-hücuma keçən qəhrəman döyüşçülərimiz irəliyə - doğma torpaqlarımıza doğru şığıdılar. Düşmənin illər boyunca qurduğu keçilməz istehkamlar, dərin səngərlər və beton maneələr igidlərimizin inamı qarşısında darmadağın oldu. 

Rəşadətli ordumuz düşmənə nə yerdə, nə də göydə aman verdi. Dəqiq artilleriya zərbələri, havada dronlarımızın sarsıdıcı həmlələri və qurudakı cəsur döyüşçülərimizin qarşısıalınmaz hücumları işğalçıları dəhşətə gətirdi. Elə o tarixi gün - sentyabrın 27-də torpaqlarımız addım-addım düşmən tapdağından azad edilməyə başlandı.

İllərdir həsrətlə gözlədiyimiz o ilk qələbə müjdələri, strateji yüksəkliklərin və kəndlərimizin azad olunması xəbərləri elə 27 sentyabr günü xalqımıza əvəzsiz Zəfər sevinci yaşatdı. Bu, 44 günlük böyük Qələbə dastanının ilk mübarək addımları idi.

2020-ci ilin 27 sentyabrında başlayan o haqq yürüşü çox keçmədən öz tarixi məntiqinə çatdı. Aradan cəmi iki aya yaxın vaxt keçmişdi ki, biz artıq otuzillik Qarabağ düyününün tamamilə çözülməsindən, münaqişənin parlaq Zəfərlə bitməsindən böyük qürurla söz açırdıq. Cəmi 44 gün sürən bu haqq mübarizəsi xalqımızın şərəf və ləyaqət dastanına çevrildi.

Müzəffər Ali Baş Komandanın dahi sərkərdəliyi, rəşadətli əsgər və zabitlərimizin misilsiz fədakarlığı sayəsində düşmən tapdağındakı şəhər və kəndlərimiz bir-birinin ardınca azad olundu. Yaradılan sarsılmaz birlik "dəmir yumruğ"a çevrilib düşmənin başını əzdi və işğalçını kapitulyasiya - məğlubiyyət aktına imza atmağa, diz çökməyə məcbur etdi. 

Bu gün başımızı uca tutub azad Qarabağdan, bərpaolunan torpaqlarımızdan və qalib xalqımızdan qürurla söz açırıqsa, bunu 27 sentyabr sabahı cəsarətlə irəli atılan, torpaqlarımızın bütövlüyü uğrunda canından belə keçməyə razı olaraq bir addım da geri çəkilməyən, Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını zirvələrimizdə dalğalandıran  qəhrəmanlarımıza borcluyuq.

27 sentyabr təqvimi  - Azərbaycan xalqı üçün sadəcə Anım Günü deyil, eyni zamanda bir millətin yenidən doğulduğu, öz taleyini öz əlləri ilə yazdığı Zəfər salnaməsinin təməl daşıdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, bu tarixi Qələbəni bizə bəxş edən qəhrəmanlarımızla hər zaman fəxr edirik!


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!