26 Sentyabr 2026 09:50
730
CƏMİYYƏT
A- A+
"Sən mənimlə həmişə fəxr edəcəksən"

"Sən mənimlə həmişə fəxr edəcəksən"


Bəzən insanın ömrünü illərin sayı deyil, arxasında qoyduğu iz müəyyənləşdirir. Elə ömürlər var ki, yarımçıq qırılsa da, bütöv bir qəhrəmanlıq salnaməsinə çevrilir. Arzular, doğmalar, sevilən peşə, gələcək üçün qurulan planlar bir anda Vətən qarşısındakı borcun kölgəsində qalır. Natiq Əhmədovun da həyatı belə oldu. "Vətən bizi çağırır", - deyərək müharibəyə könüllü yollanan, döyüşə gedərkən ailəsinə təskinlik verən və ən ağır anda belə atasına "Sən mənimlə həmişə fəxr edəcəksən" söyləyən Natiqin 23 illik ömrü Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlməklə əbədiləşdi.

Şəhid Əhmədov Natiq Namiq oğlu 1997-ci il martın 9-da Əhmədli qəsəbəsində anadan olub. Əhmədlidəki 86 nömrəli orta məktəbi bitirdikdən sonra kompüter texnologiyaları üzrə təhsil alıb. Ancaq onun marağı tamam başqa bir sahəyə idi. Bərbərlik sənətini sevirdi, bu peşəni öyrənmiş, gələcəyini də onunla bağlamaq qərarına gəlmişdi. Oğlunun həvəsini görən atası onun üçün salon açmışdı. Natiq burada böyük həvəslə çalışırdı. Gördüyü işlərin videosunu çəkib atasına, bacılarına və yaxınlarına göndərər, "Baxın əl işlərim necədir", - deyə sevincini bölüşərdi.

Həyat Natiqi çox erkən yaşlarından sınağa çəkmişdi. 2003-cü ildə, o hələ uşaq ikən anasını itirmişdi. Üç bacının tək qardaşı kimi böyüyən Natiq zaman keçdikcə ailəyə həm də arxa-dayaq olmağa çalışmışdır. Bacılarının hər çətinliyinə özünü yetirməsi, onların qayğısına qalması xarakterinin ayrılmaz hissəsinə çevrilmişdi. Elə buna görə də doğmalarının yaddaşında hər zaman ailəsinə bağlı, qayğıkeş və etibarlı bir qardaş, yaxşı övlad kimi yaşayacaq.

Natiq həyatı sevirdi. Rəqs etməyə xüsusi həvəsi vardı və yaxınlarının dediyinə görə, çox gözəl rəqs edirdi. Futbol isə uşaqlıqdan ən böyük maraqlarından biri idi. Məktəb illərində dərsdən sonra futbol məşqlərinə gedərdi. Dostları, doğmaları ilə keçirdiyi vaxtdan zövq alar, gələcəyə həmişə ümidlə baxardı. Onun dilindən tez-tez bir cümlə eşidilirdi: "Hər şey çox yaxşı olacaq". Sonralar bu sözlər ailəsi üçün sadəcə Natiqin nikbinliyini ifadə edən bir cümlə deyil, ondan qalan ən əziz xatirələrdən birinə çevriləcəkdi.

Onun Vətən sevgisinin təməli isə böyüdüyü ailədə qoyulmuşdu. Atası Namiq Əhmədov övladlarını vətənpərvərlik ruhunda böyütmüşdü. Evlərində, hətta atasının avtomobilində Azərbaycan bayrağı daim göz önündə olardı. Ailədə Vətəndən, Qarabağdan danışılar, torpaq sevgisi uşaqlara kiçik yaşlarından aşılanardı. Belə bir mühitdə böyüyən Natiq üçün Vətən anlayışı sadəcə söz deyildi.

2014-cü ildə hərbi xidmətə çağırıldıqda da böyük həvəslə əsgərliyə yollandı. Hərbi xidmətini Naxçıvanda yerinə yetirdi. Ordudan qayıtdıqdan sonra yenidən sevdiyi peşəsinə qayıtdı. Həyat öz axarı ilə davam edirdi. Qarşıda görüləcək çox iş, həyata keçiriləcək çox arzu vardı. Lakin 2020-ci ildə cəbhədən gələn xəbərlər Natiqin həyat istiqamətini dəyişdi.

Tovuz döyüşləri zamanı o, ailəsinə demədən könüllü qeydiyyatdan keçmişdi. Atası bundan sonradan xəbər tutmuşdu. Üç bacının tək qardaşı kimi hər zaman ailəsinin yanında olan Natiq Vətənin dar günündə də kənarda qala bilməzdi. Bu qərar onun üçün ani hisslərin deyil, illərlə formalaşmış Vətən sevgisinin nəticəsi idi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda artıq onun üçün gözləmək mümkün deyildi. Sentyabrın 29-da çağırış aldıqdan sonra dərhal döyüşə yollandı. Həmin gecə təcili tibbi yardım xidmətində çalışan atası Nizami rayonundakı çağırış məntəqəsində xidməti vəzifəsini yerinə yetirirdi. Namiq Əhmədov oğlunu döyüşə elə həmin çağırış məntəqəsindən yola saldı.

Cəbhədən imkan tapdıqca evə zəng edən Natiqin səsində böyük inam vardı. Atasına döyüşlərin gedişindən danışır, ordumuzun irəlilədiyini deyirdi. "İrəliləyirik, torpaqlarımızı, inşallah, erməni tapdağından azad edəcəyik", - söyləyirdi. Ailəsi onun bu sözlərindən həm qürur duyur, həm də narahatlıq keçirirdi. Natiq isə əksinə, cəbhədə olmasına baxmayaraq, sanki təhlükənin içində olan özü deyilmiş kimi ailəsinə ürək-dirək verirdi.

Döyüş yolu Füzuli və Hadrut istiqamətlərindən keçdi. Azərbaycan Ordusunun çavuşu Natiq Əhmədov həmin ərazilərin azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak etdi. Günlər keçdikcə döyüşlər daha da şiddətlənirdi, telefon əlaqəsi yaratmaq çətinləşirdi. Buna görə hər zəng ailə üçün Natiqdən gələn ən qiymətli xəbər idi. Oktyabrın 11-i sübh tezdən edilən zəng isə sonuncu oldu.

Natiq atasına bir müddət əlaqə saxlaya bilməyəcəyini deyərək halallıq istəmişdi və "Ata, narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən", - demişdi. Bu sözlərdən sonra telefon susmuşdu.

Ailə əvvəlcə rabitənin zəif olduğunu düşündü. Saatlar keçdikcə narahatlıq artdı. Zənglər cavabsız qalırdı. Ertəsi gün isə atasına oğlunun şəhid olduğu xəbəri çatdırıldı. Natiq Əhmədov oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlər zamanı artilleriya atəşi nəticəsində ağır yaralanaraq şəhidlik zirvəsinə ucalmışdı.

Onun həyatının son anlarının şahidi döyüş yoldaşı Hüseyn Qurbanov olmuşdu. Hüseynin xatirəsində həmin gün bütün ağrısı ilə yaşayır. Döyüşçülər Hadrut istiqamətində dağlıq ərazi ilə irəliləyərək hücuma keçərkən qarşı tərəf onları artilleriya atəşinə tutmuşdu. Hüseyn Natiqdən bir qədər arxada hərəkət edirmiş. Sonuncu mərmilərdən biri Natiqin yaxınlığına düşmüşdü. Hüseyn ona çatanda Natiq ağır yaralanmış, xeyli qan itirmişdi. Döyüş yoldaşı onun başını qolları arasına alaraq ayıq qalması üçün danışdırmağa çalışmışdı. "Yatma, danış mənimlə", - deyə səslənəndə Natiq bir neçə saniyə onun üzünə baxaraq son sözlərini söyləmişdi: "Gedirəm anamın yanına"...

Hüseyn bölüyə çatanda komandirin ilk sualı "Natiq haradadır?" olmuşdu. Döyüş yoldaşı isə artıq söz tapa bilməmiş, dizləri üstünə çöküb ağlamışdı. Natiqdən qalan qanlı qol saatını və şəhid olduğu yerdən bir ovuc torpağı yadigar götürmüşdü. Daha sonra döyüş yoldaşının qisasını almağa söz verərək özü yaralananadək Natiqin silahı ilə döyüşmüşdü.

Natiq Əhmədov oktyabrın 13-də Binədəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Bu tarix ailə üçün başqa bir ağrılı xatirəni də daşıyırdı. İllər əvvəl anası da məhz həmin tarixdə dəfn edilmişdi. Uşaqlıqda ana itkisi ilə üzləşən Natiq illər sonra anasının torpağa tapşırıldığı gündə son mənzilə yola salındı.

Vətən qarşısında göstərdiyi xidmət dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Natiq Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.

Atası oğlunun yoxluğunun ağrısını daşısa da, onunla qürur duyduğunu gizlətmir. Natiqin Vətən, haqq və ədalət uğrunda mərdliklə döyüşdüyünü deyir. Onun üçün ən böyük təsəlli oğlunun Vətən qarşısında borcunu yerinə yetirmişdir. Namiq Əhmədovun "İkinci oğlum olsaydı, onu da Vətənin müdafiəsinə göndərərdim" sözləri bir şəhid atasının həm böyük itkisini, həm də Vətən qarşısında sarsılmayan mövqeyini ifadə edir.

Natiqin atasına sonuncu zəngində söylədiyi "Sən mənimlə həmişə fəxr edəcəksən" sözləri geridə qalanlara bir vəsiyyət kimi səslənir. O, verdiyi sözə əməl etdi. Üç bacının tək qardaşı, atasının yeganə oğlu, arzuları və sevdiyi sənəti olan 23 yaşlı bir gənc kimi döyüşə getdi, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Natiqin uğrunda döyüşdüyü torpaqlar azad edildi. Bu gün azad Vətənin hər qarışında Natiq kimi oğulların igidliyinin, fədakarlığının və əbədi xatirəsinin izi yaşayır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Depressiyanın 7-ci növü aşkar oluna bilər  

14:17
03 Noyabr

Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb

14:17
03 Noyabr

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir  

14:15
03 Noyabr

ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

14:13
03 Noyabr

Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsini təsdiqləyib  

14:12
03 Noyabr

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır  

14:08
03 Noyabr

Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb

14:01
03 Noyabr

Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib 

13:57
03 Noyabr

Alimlər ən kiçik siqnallar aşkarlayıblar

13:39
03 Noyabr

Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib  

13:37
03 Noyabr

Elektromobillərin şarj edilməsi 6 dəqiqə çəkəcək: Çin şirkəti müvafiq danışıqlar aparır  

13:21
03 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:16
03 Noyabr

İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib

13:07
03 Noyabr

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb  

13:01
03 Noyabr

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

12:53
03 Noyabr

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib  

12:50
03 Noyabr

Azərbaycanda pul bazası artıb

12:49
03 Noyabr

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib  

12:48
03 Noyabr

Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar  

12:41
03 Noyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

12:40
03 Noyabr

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir  

12:37
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!