Uzun illərdir ölkəmizin neft, qaz və ixrac layihələrindəki etibarlı tərəfdaşları sırasına son vaxtlar dünyada "yaşıl enerji" sahəsində şöhrət qazanmış bir sıra şirkətlər də qoşuldu. Qısa zamanda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri gerçəkləşdirdikləri layihələrlə Azərbaycanda da öz dəst-xətlərini tanıtdılar.
"ACWA Power"ın inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi bu il yanvarın 8-də keçirildi. Əvvəlcə həmin möhtəşəm stansiyanı tikən şirkət haqqında: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji sektorunda aparıcı şirkətlərindən olan "Acwa Power" 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.
Sözügedən stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon dollar xarici investisiya yönəldilib.
Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin "Power China Group"un törəmə şirkəti olan "Power China Huadong Engineering Co., Ltd."dir. Beləliklə, demək olar ki, bu layihənin həyata keçirilməsində üçtərəfli - Azərbaycan, Səudiyyə Ərəbistanı, Çin tərəfdaşlığı yaranıb.
Stansiyanın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev dedi:" Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə investor olan "ACWA Power" şirkətinə, onun rəhbərliyinə".
"Xızı-Abşeron" bu şirkətin Azərbaycanda inşa etdiyi birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Onun ölkəmizdə daha böyük planları var və Azərbaycan dövləti də bu planları tam dəstəkləyir.
Təsadüfi deyil ki, iki il əvvəl "ACWA Power"in Azərbaycanda "ACWA Power Technical Financial Services" törəmə şirkəti də yaradılıb. Şirkət məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında və 50 min dollar nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.
"ACWA Power" şirkəti ilə tərəfdaşlığımızın tarixi qısa olsa da, zəngindir. Ötən bir neçə il ərzində hər iki tərəfdən olan qurum rəhbərlərinin, mütəxəssislərin çoxsaylı görüş və müzakirələri olub. Heç uzağa getməyək, keçən ilin sentyabrında energetika naziri Pərviz Şahbazov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arcelli görüşmüşdülər. Görüşdə "ACWA Power" şirkətinin Azərbaycanda yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirməsi məmnunluqla qeyd olunmuşdu. Azərbaycanın "yaşıl enerji" gündəliyinin reallaşdırılmasında şirkətlə tərəfdaşlıq çərçivəsində quruda və dənizdə sənaye miqyaslı külək enerjisi istehsalı, habelə ötürülməsi layihələrinin icrası müzakirə edilmişdi. Həmçinin ixrac, eləcə də daxili istehlak məqsədilə yeni, əlavə "yaşıl enerji" güclərinin enerjisistemə inteqrasiyası məqsədilə aparılan şəbəkə tədqiqatı çərçivəsində şirkətlə 200 MVt-lıq külək-elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmışdı. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin tədarükü məqsədilə aparılan araşdırmalar barədə məlumat verilmiş və burada "ACWA Power" şirkəti ilə külək enerjisi layihəsinin reallaşdırılması perspektivləri dəyərləndirilmişdi. Söhbət zamanı dənizdə enerji istehsalı üzrə əməkdaşlığa da toxunulmuşdu.
Dənizdən söz düşmüşkən onu da qeyd edək ki, ölkəmizdə ilk dəfə icra ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də investoru bu şirkət olacaq.
"Xızı-Abşeron" stansiyasının açılışında "ACWA Power" şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əbunəyyanın çıxışı da məhz gələcəkdə tərəfdaşlığın daha da genilənəcəyindən xəbər verir: "Biz hamımız bir araya gəldik, layihə çərçivəsində çalışdıq, əl-ələ verdik ki, bu uğur əldə olunsun və bu gün həmin uğur artıq göz qabağındadır. Bu, bizim tərəfdaşlığımızın və nümunəvi işgüzar münasibətlərimizin yaxşı bir göstəricisidir... Cənab Prezident, biz xoşbəxtik ki, burada - Azərbaycandayıq. Biz xoşbəxtik ki, Siz bizə etimad göstərmisiniz. Siz bizə bu fürsəti yaratdınız. Biz həmçinin burada duzsuzlaşdırma layihəsi ilə bağlı məsələləri də müəyyən etdik. Qeyd etdik ki, bu da bizim növbəti gözəl layihəmiz ola bilər. Biz bu nadir layihəni Xəzər dənizində icra edəcəyik. Dünyada bir çox ölkələr bu kimi layihələri hələ həyata keçirməyib".
Flora SADIQLI,
"Azərbaycan"