Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası yalnız tikinti və infrastruktur layihələri ilə ölçülmür. Bu prosesin ən təhlükəli və eyni zamanda həyati əhəmiyyət daşıyan mərhələsi torpaqların mina və partlayıcı sursatlardan təmizlənməsidir. Bu missiyanı həyata keçirən ANAMA işçiləri - minatəmizləyənlər hər gün həyatlarını təhlükəyə ataraq insanların təhlükəsiz qayıdışını təmin edirlər. Onların fəaliyyəti birbaşa insan həyatının qorunması ilə bağlıdır və bu səbəbdən də dövlət tərəfindən xüsusi diqqət və sosial müdafiə tədbirləri ilə əhatə olunur.
Minatəmizləmə fəaliyyəti dünyada ən riskli peşələrdən biri hesab olunur. Çünki kiçik diqqətsizlik belə ən ağır nəticələrə səbəb ola bilər. Azərbaycan reallığında isə bu risklər daha da yüksəkdir. Uzun illər işğal altında qalmış ərazilərdə geniş miqyasda minalar basdırılıb və onların dəqiq xəritələri mövcud deyil. Bu isə hər addımı potensial təhlükəyə çevirir. Vətən müharibəsindən indiyədək 264 min 581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub, nəticədə 248 min 583 ədəd mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. 2020-ci il noyabrın 10-dan bu günədək mina hadisəsi nəticəsində 422 nəfər bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həyatını itirib.
Azərbaycan dövləti təhlükəni və minatəmizləyənlərin üzərinə düşən məsuliyyəti nəzərə alaraq onların sosial müdafiəsini gücləndirmək istiqamətində mühüm addımlar atır. Bu addımlardan biri də minatəmizləmə fəaliyyəti zamanı həlak olan və ya aldığı xəsarətlər nəticəsində həyatını itirən şəxslərin ailə üzvləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsidir. Bu qərar təkcə sosial yardım deyil, həm də dövlətin bu sahədə çalışan insanlara verdiyi yüksək dəyərin göstəricisidir.
Fərmana əsasən, minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya sonradan aldığı xəsarətlərdən vəfat edən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat məbləğində Prezident təqaüdü müəyyən olunub. Bu məbləğ ailə üzvlərinin sayına uyğun olaraq bərabər hissələrə bölünür. Təqaüdün verilməsi isə dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Bu təqaüdün əhatə etdiyi şəxslər dəqiq şəkildə müəyyən olunub. Belə ki, mərhum minatəmizləyənin dul həyat yoldaşı, valideynləri, 18 yaşına çatmamış övladları bu sosial təminatdan yararlanır. Əgər övladları təhsil alırlarsa, bu hüquq onların təhsil müddəti bitənədək, lakin maksimum 23 yaşına qədər qüvvədə qalır. Eyni zamanda 18 yaşına çatmamışdan əvvəl əlilliyi müəyyən edilmiş və 18 yaşdan yuxarı olan əlilliyi olan övladlar da bu təqaüdü almaq hüququna malikdir. Bundan əlavə, uşaq evlərində tərbiyə olunan qardaş və bacılar, həmçinin birinci növbədə digər qohumları olmayan baba və nənələr də bu sosial təminat sisteminə daxil edilib.
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin övladlarının ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil istisna olmaqla) təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və onların ailə üzvlərinə vergi güzəştinin tətbiqi nəzərdə tutulur.
Bununla bağlı hazırlanmış Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib. Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.
ANAMA işçilərinin fəaliyyəti təkcə təhlükəli deyil, həm də strateji əhəmiyyət daşıyır. Onların fədakarlığı nəticəsində kəndlər, şəhərlər, yollar, əkin sahələri və digər obyektlər təhlükəsiz hala gətirilir. Bu isə məcburi köçkünlərin doğma yurdlarına qayıdışını mümkün edir, iqtisadi fəaliyyətin bərpasına şərait yaradır və regionda ümumi sabitliyə xidmət edir. Başqa sözlə, minatəmizləyənlər Azərbaycanın post-münaqişə dövründə yenidənqurma prosesinin ön cəbhəsində dayanırlar.
Bu reallıqları nəzərə alaraq, son illərdə minatəmizləmə sahəsində çalışanların sosial təminatının gücləndirilməsi istiqamətində bir sıra əlavə tədbirlər də həyata keçirilir. Onların əməkhaqları artırılır, sığorta təminatı genişləndirilir, peşə hazırlığı və təhlükəsizlik standartları yüksəldilir. Eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində yeni texnologiyaların tətbiqi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
Minatəmizləmə fəaliyyətində texnologiyanın rolu getdikcə artır. Müasir detektorlar, robot texnikası, dronlar və digər innovativ vasitələr risklərin azaldılmasına kömək edir. Lakin buna baxmayaraq, insan faktoru hələ də həlledici olaraq qalır. Çünki bir çox hallarda qərar vermək, riskləri qiymətləndirmək və son addımı atmaq məhz insanın üzərinə düşür. Bu isə peşəkar hazırlıqla yanaşı, böyük psixoloji dözümlülük tələb edir.
ANAMA işçilərinin psixoloji vəziyyəti də xüsusi diqqət tələb edən məsələlərdəndir. Daim təhlükə altında işləmək insanın psixikasına ciddi təsir göstərir. Bu səbəbdən onların dəstəklə təmin olunması, reabilitasiya proqramlarına cəlb edilməsi və stresin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi də vacibdir. Dövlət və müvafiq qurumlar bu istiqamətdə də müəyyən addımlar atır.
Cəmiyyətin bu peşəyə münasibəti də mühüm rol oynayır. Minatəmizləyənlər çox vaxt görünməyən qəhrəmanlar kimi fəaliyyət göstərirlər. Onların işi nəticəsində təhlükəsiz həyat təmin olunur, lakin bu əməyin dəyəri hər zaman yetərincə görünmür. Bu baxımdan, ictimai maarifləndirmə, mediada bu mövzunun işıqlandırılması və ANAMA işçilərinin fəaliyyətinin təbliği də önəmlidir. Eyni zamanda gənclərin bu sahəyə marağının artırılması da vacibdir. Peşəkar kadrların hazırlanması üçün təlim proqramlarının genişləndirilməsi, ixtisaslaşmış kursların təşkili və beynəlxalq təcrübənin öyrənilməsi gələcəkdə bu sahənin daha da inkişaf etməsinə şərait yaradacaq. Bu isə həm təhlükəsizliyin təmin olunması, həm də sosial-iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Minatəmizləmə sahəsində çalışanların sosial təminatının gücləndirilməsi yalnız humanitar məsələ deyil, həm də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu, bir tərəfdən, insan həyatına verilən dəyərin göstəricisidirsə, digər tərəfdən, strateji məqsədlərə xidmət edir. Çünki təhlükəsiz mühit olmadan inkişaf mümkün deyil. Prezident təqaüdünün təsis edilməsi bu siyasətin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu addım həm də cəmiyyətə mesaj verir ki, dövlət öz vətəndaşını, xüsusilə də həyatını riskə atanları tək qoymur. Onların ailələri daim diqqət və qayğı ilə əhatə olunur.
ANAMA işçiləri Azərbaycanın təhlükəsiz gələcəyinin təmin olunmasında əvəzsiz rol oynayırlar. Onların fəaliyyəti sayəsində torpaqlarımız yenidən həyat qazanır, insanlar öz yurdlarına qayıdırlar və ölkənin inkişafı üçün yeni imkanlar yaranır. Bu çətin və məsuliyyətli işin arxasında isə böyük fədakarlıq, peşəkarlıq və cəsarət dayanır. Dövlətin göstərdiyi sosial dəstək isə bu fədakarlığın qiymətləndirilməsi və gələcək nəsillər üçün nümunə kimi təqdim olunması baxımından xüsusi önəm kəsb edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"