Müasir dövrdə müharibələr yalnız döyüş meydanlarında getmir. Müharibələr həm də informasiya cəbhəsində, sosial şəbəkələrdə gedir. Bu proses "informasiya müharibəsi" və ya "hibrid müharibə" adlandırılır. Məqsədli şəkildə yayılan yalan, təhrif olunmuş və manipulyativ məlumatlar "informasiya təxribatı"nın ideoloji silahlarıdır. Texnologiyanın sürətli inkişafı isə bu silahların təsir dairəsini genişləndirərək informasiyanı döyüş vasitəsinə çevirib. İndi heç bir fiziki güc tətbiq etmədən, sadəcə dezinformasiyalar vasitəsilə cəmiyyəti daxildən sarsıtmaq və dövlətə olan etimadı parçalamaq mümkündür.
Ölkəmiz üçün "informasiya təxribatı" anlayışı tamamilə real təcrübəyə əsaslanır. Məlum olduğu kimi, Vətən müharibəsi zamanı informasiya məkanı ikinci döyüş meydanına çevrilmişdi. Döyüşlər getdiyi günlərdə sosial şəbəkələrdə və informasiya platformalarında yüzlərlə saxta məlumat yayılırdı. Belə bir şəraitdə Prezident İlham Əliyevin nüfuzlu xarici KİV-ə verdiyi müsahibələr informasiya cəbhəsində Azərbaycanın qələbəsini təmin etdi.
İnformasiya təxribatının əsas vasitələrindən biri sosial şəbəkələrdə yaradılan saxta hesablardır. Bu hesablar koordinasiyalı şəkildə eyni mesajları paylaşaraq süni ictimai rəy formalaşdırır. Bununla da real vəziyyətlə uyğun gəlməyən "kütləvi fikir" görüntüsü yaradılır. Bu texnologiyadan, xüsusilə, münaqişə dövrlərində daha aktiv istifadə olunur. Son illər süni intellekt alətlərinin inkişafı isə bu prosesi daha mürəkkəb və təhlükəli mərhələyə daşıyıb. İndi "botlar" sadəcə rəy yazmaqla kifayətlənmir, həm də real görünən profillər vasitəsilə hər kəsə öz marağına uyğun yalanlar çatdırır. Saxta səs və görüntülər həqiqəti yalandan ayırmağı, demək olar ki, imkansız edir. Bu, insanların düşüncə tərzini hədəf alan yüksəktexnologiyalı bir hücumdur.
Təxribatların başqa bir forması isə köhnə məlumatların yeni hadisə kimi təqdim edilməsidir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı xarici mediada yayılan bəzi görüntülər fərqli videolar idi və onlar yeni hadisə kimi təqdim olunaraq ictimai rəyə təsir etməyə yönəldilmişdi. Bu cür manipulyasiyalar cəmiyyət daxilində panika yaratmaq və informasiya xaosu formalaşdırmaq məqsədi daşıyırdı.
Ümumiyyətlə, informasiya təxribatlarının əsas hədəfləri cəmiyyətdə ölkənin imicini zədələmək, insanlarda inamsızlıq yaratmaq, milli birliyi zəiflətmək və sairdir. Xüsusilə, emosional məzmunlu, sensasion başlıqlı xəbərlər bu baxımdan daha təhlükəlidir. İnsanlar yalan və saxta informasiyaları həqiqət kimi qəbul edir, nəticədə təxribatın qurbanına çevrilirlər.
Rəqəmsal dünyada təhlükəsizlik fərdi məsuliyyətdən başlayır. Hər hansı bir informasiyanı paylaşmazdan əvvəl onun mənbəyini yoxlamaq onu icra edən insanın üzərinə düşən mənəvi öhdəlikdir. Bu şəraitdə media savadlılığı məsələsi ön plana çıxır. Ümumiyyətlə, hər bir vətəndaş informasiya mənbələrini ayırd etməyi, xəbərin doğruluğunu yoxlamağı və manipulyasiyaları tanımağı bacarmalıdır. Dövlət qurumlarının operativ və şəffaf informasiya siyasəti də bu sahədə mühüm rol oynayır. Çünki informasiya boşluğu yarandıqda onu çox vaxt dezinformasiya doldurur. Təxribatçı qüvvələrin qarşısını almaq üçün informasiyanın operativliyi ilə yanaşı, onun dürüstlük dərəcəsi həm medianın, həm də dövlət kommunikasiyasının əsas prioriteti olmalıdır.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, informasiya təxribatı və sosial mediada dezinformasiya ilə mübarizə olduqca həssas və çoxşaxəli məsələdir. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə ciddi işlər görülür. Zərərli məzmunun silinməsi, saxta hesabların məhdudlaşdırılması və şəffaflıq hesabatlarının təqdim edilməsi kimi proseslər müsbət nəticələr verməkdədir. Xüsusilə, koordinasiyalı dezinformasiya kampaniyalarının daha sürətli aşkarlanması bu tədbirlərin effektivliyini göstərir. Bununla belə, tam effektivlikdən danışmaq hələ ki, mümkün deyil.
Komitə sədri diqqətə çatdırıb ki, əsas problemlərdən biri texnologiyanın sürətlə inkişaf etməsinin doğurduğu nəticələrdir: "Deepfake" texnologiyaları, bot şəbəkələri və digər alətlər hüquqi tənzimləmələrdən daha sürətlə inkişaf edir. Bundan əlavə, dezinformasiya çox zaman transsərhəd xarakter daşıyır və müxtəlif ölkələrin qanunvericilik fərqləri bu mübarizəni çətinləşdirir. Bu baxımdan, milli səviyyədə hüquqi bazanın gücləndirilməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunması da vacibdir. Eyni zamanda qanunların aydın, konkret və şəffaf olması, onların müstəqil məhkəmə nəzarəti ilə tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Əks halda, "dezinformasiya" anlayışından sui-istifadə riski yarana bilər".
Komitə sədri əlavə edib ki, effektiv model kompleks yanaşmadan ibarətdir: "Media savadlılığının artırılması, hüquqi çərçivənin təkmilləşdirilməsi və platformaların məsuliyyətinin gücləndirilməsi paralel şəkildə həyata keçirilməlidir. Cəmiyyət təhlükəli dezinformasiyanı, qanuni məhdudiyyətləri və fikir müxtəlifliyini dəqiq ayırmağı bacarmalıdır. Azərbaycanda bu istiqamətdə mübarizə bir sıra hüquqi aktlar əsasında aparılır. Bunlara "Kütləvi İnformasiya Vasitələri haqqında", "Media haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında" qanunlar, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələri daxildir. Həmçinin ölkəmizdə bununla bağlı tənzimləyici qurumlar da fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, bu hüquqi baza dezinformasiyaya qarşı mübarizədə əsas çərçivəni formalaşdırır".
Bir həqiqət dəyişməz olaraq qalır. XXI əsrdə həqiqət uğrunda mübarizə də müharibənin bir formasıdır. Bu mübarizədə qalib gələn isə düzgün və dəqiq informasiya ilə silahlanan tərəf olur.
Təhminə VERDİYEVA,
"Azərbaycan"