Ermənistandakı seçkiöncəsi ideoloji savaş dərinləşir
Ermənistanın Baş naziri Nikol Paşinyan seçki proqramını təqdim edib. Sənəddə Ermənistan və region üçün sülh dövrünün açılması əsas missiya kimi müəyyən edilib. Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının yeni inkişaf mərhələsi yaratdığı və qarşıdan gələn seçkilərdə bu istiqamətin davam etdirilməsi əsas məqsəd kimi qiymətləndirilib. Seçki proqramının əsasını isə "Real Ermənistan" konsepsiyası, eləcə də ölkənin iqtisadi və institusional transformasiyası təşkil edir.
Mövzu ilə əlaqədar qəzetimizə danışan Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, Nikol Paşinyan tərəfindən təqdim olunan yeni seçki proqramında yer alan "Real Ermənistan" konsepsiyası daha praqmatik təsir bağışlayır. Bu konsepsiyanın nə vəd etdiyi və hansı nəticələr doğura biləcəyi həm ölkə daxilində, həm də regionda ciddi müzakirə mövzusudur. "Paşinyan bildirib ki, Vətəndaş Müqaviləsi partiyası ən vacib missiyasını yerinə yetirib, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və ölkəsi dinc inkişaf dövrünə qədəm qoyub. Onun sözlərinə görə, əgər Qarabağ hərəkatı davam etdirilərsə, bu, Azərbaycanla münaqişənin yenilənməsi və sülhün mümkün olmadığı anlamına gələcək. Baş nazir inandırmağa çalışıb ki, "Real Ermənistan" ideyasının mərkəzində emosional və tarixi iddialardan daha çox mövcud reallıqların qəbul edilməsi dayanır. Bu, ilk növbədə, Ermənistanın təhlükəsizlik siyasətindəki dəyişiklikləri, qonşularla münasibətlərin normallaşdırılmasını və iqtisadi inkişaf kimi istiqamətləri əhatə edir. Paşinyan hökuməti açıq şəkildə bildirir ki, ölkənin gələcəyi uzunmüddətli münaqişələrdə deyil, sabitlik və inteqrasiyada axtarılmalıdır", - deyə deputat bildirib.
Nigar Məmmədova deyib ki, bu konsepsiyanın ən diqqətçəkən tərəfi regional münasibətlərə yanaşmadır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət fonunda Ermənistanın daha realist siyasət yürütməsi zərurəti yaranmışdır. Bu kontekstdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prioritet kimi təqdim olunur. Bu isə revanşistlərin mövqeyi ilə ziddiyyət təşkil edir. Amma Paşinyan və komandası anlayır ki, kommunikasiyaların açılması Ermənistanı tranzit ölkəyə çevirə və iqtisadi artımı sürətləndirə bilər. Lakin bu yanaşmanın uğuru böyük ölçüdə siyasi sabitlik və qonşu ölkələrlə əldə olunacaq razılaşmalardan asılıdır.
N.Məmmədova vurğulayıb ki, bununla yanaşı, konsepsiya müəyyən riskləri də özündə ehtiva edir: "Ən böyük çətinlik daxili ictimai rəyin transformasiyasıdır. Uzun illər formalaşmış narrativlərin dəyişdirilməsi, təbii ki, asan proses deyil. Revanşist qüvvələr artıq bu siyasəti tənqid edərək onu "güzəştlər toplusu" kimi təqdim etməyə çalışırlar. Burada Paşinyandan ciddi qətiyyət gözlənilir. Belə ki, "Real Ermənistan" konsepsiyası uğur qazanarsa, ölkə üçün yeni inkişaf imkanları yarana bilər. Əks halda daxili siyasi böhran daha da dərinləşəcək".
Deputat yekunda qeyd edib ki, yeni konsepsiyanın taleyi yalnız seçki nəticələrindən deyil, həm də Ermənistan cəmiyyətinin yeni reallığı nə dərəcədə qəbul etməsindən asılı olacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"