Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq bu ölkənin Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinə növbəti dəfə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.
Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da AİDA-nın humanitar yardımının təqdim edilməsi münasibətilə məktəbdə mərasim keçirilib. Mərasimdə Vihiqa əyaləti qubernatorunun müavini Uilberfors Kitiezo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Vihiqa əyalətinin komissarı Florens Sitava, Keniya Təhsil Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Hacıyev inklüziv təhsilin davamlı inkişafın və bərabərliyin əsas komponenti kimi əhəmiyyətini vurğulayıb. Azərbaycanın Heydər Əliyev Fondu və AİDA vasitəsilə Keniyada və digər Afrika ölkələrində təhsil, gənclərin gücləndirilməsi, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım göstərilməsi istiqamətlərində fəaliyyətindən danışıb.
Vihiqa əyalətinin qubernatorunun müavini Uilberfors Kitiezo AİDA-nın Keniyadakı humanitar fəaliyyətini Azərbaycanın dayanıqlı inkişafa və Cənub-Cənub əməkdaşlığına sadiqliyinin nümayişi olaraq qiymətləndirib və yardıma görə Azərbaycan Hökumətinə təşəkkür edib. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərini qeyd edərək, bu təqaüdün iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu vurğulayıb.
Təhsil müəssisəsinin direktoru Benina Vafula AİDA tərəfindən yenidən maddi yardım göndərilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, bu xeyirxah aksiyanın Vihiqa əyalətində Azərbaycan haqqında unudulmaz təəssüratların yaranmasına böyük töhfə olacağını bildirib.
Qeyd edək ki, bu yardım AİDA-nın 2025-ci ildəki ilk maliyyə töhfəsinin davamıdır. Təşəbbüs əqli qüsurlu uşaqların təhsil aldığı məktəbin sinif otaqlarının və yataqxanalarının təmiri, içməli su təminatı, təlim-tədris materiallarının və zəruri mebellərin alınması da daxil olmaqla bir sıra təcili institusional ehtiyaclarını qarşılayacaq.