Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Sərəncamda qeyd olunan fikirlər 150 yaşlı mətbuatımıza verilən qiymət və dəyərdir. XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Azərbaycan milli mətbuatının bünövrəsini qoyan "Əkinçi" qəzeti sadə xalq dilində yazılmış məqalələri ilə insanları maarifləndirmək, elmi və praktik biliklər vermək məqsədi güdürdü. Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan "Əkinçi", milli oyanışın əsas təkanverici qüvvələrindən biri oldu. Bu qəzetin nəşri ölkəmizdə maarifçilik hərəkatının ilhamvericisi, ölkə mətbuatının bütöv bir dövrünü əhatə edən geniş jurnalistika platformasının məhək daşı oldu.
Bu günlərin prizmasından keçilən mərhələyə nəzər salanda Azərbaycan milli mətbuatının ölkəmizin inkişafı və qarşılaşdığı problemlərlə mübarizədə diqqətəlayiq bir inkişaf tarixi keçdiyini yəqin edirik. Milli mətbuatın 150 illik yubileyi ərəfəsində həmin tarixin səhifələrini vərəqləmək yerinə düşərdi.
1875-1900-cü illərin yaradıcılıq axtarışlarından sonra tədrici inkişaf yoluna çıxan milli mətbuat da dünyada baş verən tərəqqi proseslərinə fokuslandı. Həmin ərəfədə 1905-ci il rus inqilabı çar imperiyasında mətbuata müəyyən qədər sərbəstlik gətirdi. Bu azadlıqdan Azərbaycan ziyalıları da geniş şəkildə faydalandılar. Nəticədə Bakıda, Tiflisdə və digər şəhərlərdə Azərbaycan dilində qəzet və jurnallar nəşr olunmağa başladı. Bu dövrdə mətbuat siyasi fikrin formalaşmasında, azadlıq ideyalarının yayılmasında, cəmiyyətin təhsilə, elmə və milli birliyə təşviq edilməsində əsas vasitəyə çevrildi. Sözügedən zaman kəsiyində fəaliyyət göstərən əsas mətbu orqanlardan biri, heç şübhəsiz ki, "Molla Nəsrəddin" jurnalı idi. 1906-cı ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunmağa başlayan bu jurnal yalnız Azərbaycan deyil, bütün müsəlman Şərqində satirik jurnalistikanın banisi oldu. "Molla Nəsrəddin" karikaturalar, şeirlər, hekayələr və ictimai tənqidi yazılar vasitəsilə cəmiyyətin problemlərini - rüşvət, savadsızlıq, dini fanatizm, qadın hüquqlarının pozulması və sosial bərabərsizlik kimi problematik mövzuları cəsarətlə gündəmə gətirirdi.
Bu dövrdə yazıb-yaradan və mətbuatla sıx əlaqədə olan bir sıra ziyalılar Azərbaycan milli fikrinin, məfkurəsinin əsas daşıyıcıları oldular. Əli bəy Hüseynzadə "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasını irəli sürərək həm mətbuatda, həm də siyasətdə yeni bir düşüncə cərəyanına öncüllük etdi. Onun rəhbərliyi altında nəşr olunan "Füyuzat" jurnalı (1906-1909) Azərbaycan mətbuatının elmi və fəlsəfi səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynadı.
Əhməd bəy Ağaoğlu da dövrün nüfuzlu mətbuat xadimlərindən idi. O, təkcə yazıçı və publisist deyil, eyni zamanda siyasi ideoloq kimi çıxış edirdi. Onun yazılarında milli müstəqillik, qadın hüquqları, vətəndaş azadlığı kimi mövzular ön planda yer alırdı. Onun "Tərəqqi" və digər mətbu orqanlardakı çıxışları dövrün maarifçilik ruhunu əks etdirirdi.
1905-1918-ci illər arasında nəşr olunan mətbu orqanlar içərisində "İrşad", "Həyat", "Tərəqqi", "Füyuzat", "Yeni Füyuzat" kimi qəzet və jurnallar öz ideoloji xəttinə və ictimai nüfuzuna görə seçilirdi. Bu nəşrlər, təkcə xəbərləri yaymaqla kifayətlənmirdi - onlar fikir tribunası, siyasi diskussiya platforması idi. Parlamentarizm ideyalarının, konstitusiyalı monarxiyanın, vətəndaş cəmiyyəti anlayışlarının təbliğində bu nəşrlər mühüm rol oynayırdı.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra mətbuat yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Cümhuriyyət dövründə söz azadlığı, fikir plüralizmi və mətbuat azadlığı Konstitusiyada rəsmən təsbit edildi. Bu müddət ərzində yüzdən çox qəzet və jurnal nəşr olunurdu. Bunların arasında "Azərbaycan" (rəsmi hökumət qəzeti), "İstiqlal", "Açıq söz", "İqbal", "Əhrar", "Ədalət", "Bəsirət", "Məktəb", "Qurtuluş" kimi nəşrlər xüsusilə diqqət çəkirdi.
Cümhuriyyət dövründə qəzetlər dövlətin fəaliyyətini izah edən, ictimai islahatları dəstəkləyən və tənqid edən yazılar dərc edir, xalqı maarifləndirmək, milli birliyi gücləndirmək və dünyada baş verən siyasi hadisələri şərh etmək funksiyasını yerinə yetirirdi. Bu dövr, həm də milli jurnalistikanın peşəkarlaşdığı, redaksiya mədəniyyətinin formalaşdığı, yazı üslublarının zənginləşdiyi bir mərhələ kimi qiymətləndirilir.
Təəssüf ki, bu inkişaf uzun sürmədi. 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal etməsi ilə mətbuat azadlığına son verildi və müstəqil fikirli qəzet və jurnallar bir-bir bağlandı. Bir çox mətbuat xadimləri təqiblərə məruz qaldı, bəziləri isə mühacirətə getməyə məcbur oldu.
1905-1920-ci illər Azərbaycan mətbuatının qızıl dövrlərindən biri sayılır. Bu dövr həm forma, həm məzmun, həm də peşəkarlıq baxımından milli mətbuatın ən yüksək nailiyyətlərinin əldə olunduğu zaman kəsiyi olmuşdur.
1920-ci ildə sovet hökumətinin Azərbaycanda hakimiyyətə gəlməsi ilə mətbuat tamamilə yeni bir mərhələyə qədəm qoydu. Bu dövrdə mətbuat dövlətin ideoloji alətinə çevrildi və təəssüf ki, müstəqil düşüncə, azad fikir ifadəsi ciddi şəkildə məhdudlaşdırıldı. Kommunist ideologiyasına əsaslanan senzura sistemi, mətbuatın məzmununu, istiqamətini və hədəf auditoriyasını mərkəzdən müəyyənləşdirirdi. 1920-1930-cu illər repressiyalar dövründə bir çox mətbuat xadimi həbs edildi, sürgünə göndərildi və ya repressiya olundu. Bu dövr Azərbaycan jurnalistikasında kəskin itkilər və qırılmalarla yadda qaldı. Lakin az sonra yeni yaranan sovet mətbuatı struktur baxımından təşkilatlanmağa başladı: "Kommunist" qəzeti Azərbaycan KP MK-nın rəsmi orqanı kimi fəaliyyət göstərirdi. Onun əsas məqsədi sovet ideologiyasının təbliği, beşillik planların icrası, əmək qəhrəmanlarının tərənnümü və sosialist həyat tərzinin təşviqi idi.
1930-cu illərdən etibarən mətbuat orqanlarının sayında artım müşahidə olundu. "Bakinskiy raboçiy", "Gənc işçi", "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" kimi qəzet və jurnallar vasitəsilə ictimai-siyasi və mədəni ideologiyalar formalaşdırılırdı. Bu nəşrlərdə partiyanın qərarları, Stalinin çıxışları və kommunist ideologiyasına xidmət edən yazılar əsas yer tuturdu.
1941-1945-ci illərdə, İkinci Dünya müharibəsi dövründə mətbuatın əsas funksiyası vətənpərvərlik ruhunun yüksəldilməsi, cəbhə və arxa cəbhədə çalışan insanlara dəstək olmaq, düşmənə nifrəti artırmaq idi. Bu dövrdə qəzetlərdə cəbhə xəbərləri, qəhrəmanlıq nümunələri və təbliğat yazıları geniş yer alırdı.
1950-1960-cı illər "ilıqlaşma dövrü" kimi tanınır və bu mərhələdə senzura müəyyən dərəcədə yumşaldıldı. Jurnalistlər sosial problemləri qismən tənqid edə bildilər. Bu dövrdə mədəniyyət və ədəbiyyat mövzularında yazan publisistlərin fəaliyyəti genişləndi. "Azərbaycan", "Ulduz", "Elm və həyat" kimi jurnallar vasitəsilə milli ədəbiyyat və elmi biliklər ictimaiyyətə çatdırılırdı. 1970-1980-ci illər sovet mətbuatının struktur baxımından zirvəyə çatdığı, lakin məzmun baxımından yenidən durğunluğa girdiyi dövrdür. Qəzet və jurnallar yüksək tirajla nəşr olunsa da, yazılarda stereotiplər və partiya dili üstünlük təşkil edirdi. Yalnız bədii-publisistik yazılar və elmi-kütləvi məqalələrdə nisbi sərbəstlik müşahidə edilirdi. Bu dövrdə jurnalistikanın peşəkar institutları da inkişaf edirdi - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi yetişməkdə olan jurnalistlərin əsas təhsil ocağı idi.
1985-ci ildən sonra baş verən "yenidənqurma" (perestroyka) siyasəti nəticəsində mətbuatda müəyyən canlanma başladı. Qorbaçovun rəhbərliyi ilə tətbiq olunan aşkarlıq (qlasnost) siyasəti jurnalistlərin sosial problemlərdən, korrupsiyadan, ekoloji fəlakətlərdən (məsələn, Sumqayıt hadisələri, Çernobıl qəzası və s.) yazmasına şərait yaratdı. Bu, Azərbaycan mətbuatında cəmiyyətin aktual problemlərinin daha açıq müzakirəsinə yol açdı.
1990-cı illərin əvvəllərində, SSRİ-nin süqutuna yaxın mətbuat, demək olar ki, senzurasız fəaliyyət göstərməyə başladı. Milli Azadlıq Hərəkatının informasiya təminatında mətbuat əsas rol oynadı. "Azadlıq", "Yeni Musavat", "Aydınlıq" kimi qəzetlər həmin dövrdə azad sözün carçısına çevrildilər. Bu dövr həm də milli şüurun yüksəldiyi, müstəqillik ideyasının kütlələrə aşılandığı mərhələ oldu. 1990-cı illərdə mətbuat böyük ideoloji və siyasi gərginlik fonunda fəaliyyət göstərirdi. "Azadlıq", "Azərbaycan"," Yeni Musavat", "525-ci qəzet", "Ayna", "Zerkalo", "Exo", "Bizim yol", "Zaman" kimi qəzetlər cəmiyyətin informasiya ehtiyaclarını ödəmək, ictimai rəy formalaşdırmaq və hökumətə ictimai nəzarəti təmin etmək baxımından mühüm rol oynadılar. Bu dövrdə müstəqil qəzetlər, əsasən, siyasi polemika, ictimai tənqid və sosial problemlərin işıqlandırılması ilə məşğul idilər. Beləliklə, sovet dövrü Azərbaycan mətbuatı üçün ziddiyyətli bir mərhələ idi. Bir tərəfdən, total nəzarət və ideoloji basqılar, digər tərəfdən isə mətbuatın təşkilatlanması, peşəkar jurnalistikanın formalaşması və informasiya yayımının genişlənməsi kimi proseslər baş verdi. Bu dövrdə yaradılmış texniki baza və kadr potensialı sonrakı mərhələdə müstəqil medianın formalaşmasına zəmin yaratdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə ölkənin ictimai-siyasi həyatında olduğu kimi, mətbuat sahəsində də əsaslı dəyişikliklər baş verdi. Sovet senzura sistemi ləğv olundu və söz, fikir və mətbuat azadlığı ölkə Konstitusiyasında təsbit edildi. Bu, yeni nəşrlərin yaranmasına, jurnalistlərin azad fəaliyyəti üçün hüquqi və ictimai mühitin formalaşmasına şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərliyə başlamasından sonra bütün sahələrdə olduğu kimi, jurnalistikada da pozitiv mənzərə nəzərə çarpdı, ardınca konkret irəliləyişlərə şahidlik etdik. Azərbaycan dövləti 1990-cı illərin ortalarından başlayaraq, informasiya sahəsində hüquqi islahatlara başladı. 1998-ci ildə senzuranın rəsmi olaraq ləğv edilməsi, mətbuat azadlığı istiqamətində mühüm addım oldu. Eyni zamanda Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunlar, "İnformasiya azadlığı haqqında" qanun və digər normativ aktlar jurnalistikanın hüquqi əsaslarını gücləndirdi. Heydər Əliyev şəxsiyyəti dövlət idarəçiliyində mətbuatın gücündən istifadənin örnəyi kimi də daim tariximizdə qalacaq. O, mətbuatımızın ictimai fikir tarixindəki roluna yüksək qiymət verdiyindən, həmçinin cəmiyyətdə söz azadlığı və plüralizmin dərinləşməsinin vacibliyinə həssas yanaşdığından, mediaya dövlət dəstəyini gücləndirdi. Heydər Əliyev respublikamıza ikinci rəhbərliyi zamanı mətbuata və jurnalistikaya təşkilati və mənəvi dəstək tədbirlərini reallaşdırdı. İlk növbədə, qeyd etdiyimiz kimi, 1998-ci ildə senzuranın ləğvi vurğulanmalıdır. Müharibə şəraitində olan ölkə üçün belə bir qərarın verilməsi böyük cəsarət nümunəsi idi.
Ümummilli Lider, bütövlükdə, mətbuatın qanunvericilik bazasının formalaşdırılması istiqamətində müstəsna tədbirlər reallaşdırdı, fərman və sərəncamlar imzaladı ki, bunlar da mətbuata dövlət dəstəyinin institusionallığını təmin etdi. Digər tərəfdən, müstəqillik illərində milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin əsasını qoyan məhz Prezident Heydər Əliyev olmuşdu. Ulu Öndərin mətbuat azadlığının təminatı baxımından həyata keçirdiyi ən böyük tədbirlərdən biri də Mətbuat və İnformasiya Nazirliyinin ləğvi idi. Bunun özü də tamamilə yeni mərhələnin, belə demək mümkünsə, mətbuatın dövlətsizləşdirilməsi yolunun başlanğıcı idi.
Heydər Əliyev jurnalistlərlə mütəmadi olaraq görüşlər keçirir, onların problem və çətinlikləri ilə maraqlanırdı. Məhz Ulu Öndərin o dönəm qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan boclarının dondurulmasını həyata keçirməsi mətbuata qayğı baxımından əhəmiyyətli və yaddaqalan olmuşdur.
Ulu Öndər, eyni zamanda media sahəsindəki qabaqcıl təcrübənin tətbiqi ilə bağlı jurnalistlər tərəfindən irəli sürülmüş fikirləri də dinləyir, dəstəyini əsirgəmirdi. 2003-cü ildə bütövlükdə postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda medianın özünütənzimləmə modeli kimi Mətbuat Şurasının yaradılması da bu dəstəyin sayəsində ərsəyə gəlmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövrü, bir çox sahələrdə olduğu kimi, media sahəsində də bir sıra real tədbirlərin görülməsi və aktual islahatların reallaşması dövrüdür. Dövlətimizin başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mediaya dövlət dəstəyi ənənəsini daha da inkişaf etdirdi, onu yeni səviyyəyə çatdırdı.
Müstəqillik illərində ilk dəfə milli mətbuatımızın 130 illik yubileyində qələm sahiblərinin bir qrupu dövlət təltiflərinə - orden-medallara və fəxri adlara layiq görüldü. Bu baxımdan "Əməkdar jurnalist" fəxri adının bərpası xüsusi qeyd edilməlidir. Ümumən, milli mətbuatımızın 135, 140, 145 illik ildönümlərinin təntənəli şəkildə qeyd edilməsi, təkcə jurnalist cameəsində deyil, ümumən cəmiyyətdə də böyük hörmət və ehtiramla qarşılandı.
Bu dövrdə televiziya və radio yayımı sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Dövlət televiziyasının yanında özəl televiziya kanalları (ANS, Space, Lider, ATV və s.) fəaliyyətə başladı. ANS televiziya kanalı Azərbaycanın ilk müstəqil televiziya orqanı kimi çıxış edərək yeni jurnalistika ənənələrinin formalaşmasında aparıcı rol oynadı.
Azərbaycanda 2000-ci illərdən etibarən internet medianın sürətli inkişafı müşahidə olundu. Onlayn xəbər portalları - "APA", "Report", "Oxu.az", "Modern.az", "Qafqazinfo" və digərləri ölkə və dünya xəbərlərini real vaxt rejimində yaymağa başladılar. Bu dəyişiklik mətbuatın strukturunda və jurnalistika peşəsində ciddi transformasiyaya səbəb oldu. Ənənəvi qəzet tirajlarının azalması və çap medianın oxucu auditoriyasının azalması müşahidə olunsa da, jurnalistikanın bütövlükdə rəqəmsallaşma prosesinə yol açdı.Sosial media platformalarının yayılması ("Feysbuk", "Tviter", "Yutub" və s.), bu mühitdə fəaliyyət göstərən yeni nəsil jurnalistlər və bloqçular informasiya məkanını daha da rəngarəng etdi. Həm rəsmi, həm də qeyri-rəsmi informasiya mənbələrinin artması cəmiyyətin məlumat əldə etmək imkanlarını genişləndirdi. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bu baxımdan qeyd olunmalıdır.
İndiyədək davamlı olaraq jurnalistikanın təhsili və peşəkarlıq səviyyəsinin artırılması üçün bir sıra layihələr reallaşdırılıb. Universitetlərdə jurnalistika ixtisasının inkişaf etdirilməsi, beynəlxalq təlim proqramlarına çıxış imkanlarının genişlənməsi, media etikası və informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri jurnalistikanın keyfiyyətinin artırılmasına yönəlib. 2020-ci illərdə medianın fəaliyyətini tənzimləyən hüquqi çərçivənin yenilənməsi, informasiya təhlükəsizliyi, kibertəhlükələr və sosial şəbəkələrin təsiri kimi çağırışlar dövlət-media münasibətlərində yeni yanaşmaları tələb edir. 2021-ci ildə qəbul olunan "Media haqqında" yeni qanun da bu ehtiyaclara cavab vermək məqsədi daşıyır.
1991-2025-ci illər arası dövr Azərbaycan mətbuatı üçün həm azadlıq imkanlarının genişləndiyi, həm də yeni çağırışların meydana çıxdığı bir mərhələ olmuşdur. Bu müddət ərzində mətbuatın funksiyası təkcə informasiya yayımı ilə məhdudlaşmayaraq, ictimai nəzarət, maarifləndirmə və cəmiyyətin demokratikləşməsi prosesində iştirak funksiyalarını da əhatə edirdi.
Azərbaycan mətbuat tarixində bir sıra nəşrlər öz dövrlərinə və ictimai funksiyalarına görə xüsusi əhəmiyyət daşıyır. Bu nəşrlər, təkcə informasiya daşıyıcısı olmaqla kifayətlənməyib, həm də milli şüurun formalaşması, ictimai düşüncənin inkişafı, azad sözün təşviqi və maarifçilik ideyalarının yayılmasında aparıcı vasitələr olmuşlar. Bu nəşrlər birgə şəkildə Azərbaycanın ictimai həyatında müxtəlif dövrlərdə özünəməxsus iz buraxmış, cəmiyyətin maariflənməsi, milli-mənəvi dəyərlərin qorunması və demokratik mədəniyyətin təşviqi istiqamətində mühüm rol oynamışlar.
Azərbaycan mətbuatı 150 illik tarixi ərzində cəmiyyətin maariflənməsi və ictimai-siyasi həyatında mühüm funksiyalar yerinə yetirmişdir. Hər dövrün mətbuatı mövcud siyasi hakimiyyətin və ictimai zərurətlərin diktəsi ilə formalaşsa da, onun maarifləndirici və istiqamətləndirici rolu həmişə dəyişməz qalmışdır.
Azərbaycan mətbuatında maarifçilik missiyası ilk növbədə XIX əsrin sonu və XX əsrin əvvəllərində özünü göstərmişdir. "Əkinçi", "Ziya", "Kəşkül" kimi nəşrlər sadə və anlaşıqlı dildə yazılmış yazılarla savadsızlığın aradan qaldırılmasına və xalqın təhsilə marağının artırılmasına xidmət edirdi. Bu qəzetlər vasitəsilə oxucular kənd təsərrüfatı, gigiyena, ailə həyatı və vətəndaş məsuliyyəti haqqında faydalı məlumatlar əldə edirdilər. Bu da maarifçi ziyalıların əsas məqsədlərindən biri olan xalqın intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaradırdı.
XX əsrin əvvəllərində yaranan milli ideoloji nəşrlər - "Molla Nəsrəddin", "Füyuzat", "İrşad", "Tərəqqi" və digərləri ictimai düşüncənin formalaşmasında, milli özünüdərkin inkişafında və ictimai-siyasi hərəkatların təşkilində aparıcı rol oynadı. Bu nəşrlərdə xalqın hüquq və vəzifələri, qadın azadlığı, islahatlar, təhsil və sosial ədalət məsələləri müzakirə olunurdu. Bu dövr mətbuatı, eyni zamanda ictimai diskussiyanın təşəkkül tapdığı əsas məkana çevrildi.
Müstəqillik dövründə mətbuat maarifçilik funksiyasını daha geniş və sərbəst şəkildə həyata keçirməyə başladı. Mətbuat ictimaiyyətə demokratiya, hüquq dövləti, azad bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti prinsipləri haqqında məlumat verir, dövlət idarəçiliyi və siyasi proseslərə dair ictimai şüurun inkişafında rol oynayır. Xüsusilə seçki kampaniyaları, parlament müzakirələri, sosial problemlər və beynəlxalq münasibətlərə dair yayılan informasiyalar ictimai rəyin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
İnternet və sosial media platformaları mətbuatın ictimai funksiyalarını daha da genişləndirdi. Bloqçular, vətəndaş jurnalistikası və alternativ media resursları vasitəsilə məlumat əldə etmək imkanlarını artırdı, informasiya təkcə jurnalistlərdən deyil, istənilən vətəndaşdan gələ bildi. Bu, ictimai müzakirə imkanlarını genişləndirdi və medianın maarifləndirmə missiyasını kütləviləşdirdi.
Mətbuat həm də cəmiyyətin siyasi aktivliyini təşviq edən bir vasitədir. Sosial ədalətsizlik, insan hüquqları pozuntuları, korrupsiya halları və digər ictimai problemlər barədə jurnalist araşdırmaları və reportajlar cəmiyyətdə həm fərdi, həm də kollektiv məsuliyyət hissinin formalaşmasına kömək edir. Hazırda Azərbaycan mətbuatı həm keçmişdə, həm bu gün cəmiyyətin təkamülündə, maariflənməsində və siyasi iştirakının artırılmasında ayrılmaz və əvəzolunmaz bir institut kimi çıxış edir.
Azərbaycan mətbuatının 150 illik tarixi - yalnız qəzet və jurnalların deyil, eyni zamanda xalqın oyanışı, milli kimliyin formalaşması, siyasi şüurun inkişafı və demokratik dəyərlərin təbliği tarixidir. "Əkinçi" ilə başlanan bu yol, hər bir dövrdə öz spesifik çətinliklərini yaşasa da, daim cəmiyyətin irəliləməsinə xidmət etmişdir. Azərbaycan mətbuatı tarixində Həsən bəy Zərdabidən başlayaraq, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar kimi tarixi şəxsiyyətlərdən tutmuş bizim günlərin peşəkar jurnalistlərinə - Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nəcəf Nəcəfov kimi onlarla məşhur publisistin, maarifpərvər və ictimai xadimin izi qalır. Bu irs, təkcə keçmişin deyil, həm də gələcəyin sərvətidir.
Zaman keçdikcə texnologiyalar dəyişir, informasiya vasitələrinin formatı yenilənir, ancaq mətbuatın əsas vəzifəsi - cəmiyyətə xidmət, həqiqətin müdafiəsi və ictimai şüurun inkişafına töhfə vermək - dəyişməz qalır. Yeni texnologiyalar jurnalistika sahəsində yeniliklər gətirir. Mətbuatın gələcəyində süni intellekt, interaktiv kontentlər və fərdi informasiya təqdimatı kimi tendensiyalar əsas rol oynayacaq. Bu şəraitdə gənc nəslin mətbuata olan marağını artırmaq üçün innovativ yanaşmalara ehtiyac duyulur.
Azərbaycan mətbuatının 150 illik yubileyi bu möhtəşəm tarixi yenidən nəzərdən keçirmək, qiymətləndirmək və gələcək nəsillərə ötürmək üçün əvəzsiz bir fürsətdir. Bu yubiley həm də çağdaş medianın qarşısında duran məsuliyyəti - peşəkar, dürüst, vicdanlı və cəmiyyət yönümlü olmaq borcunu bir daha xatırladır.
Tofiq YUSİFOV,
Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının professoru, filologiya üzrə fəlsəfə doktoru