İlham Əliyevin Davosda qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycana siyasi-iqtisadi dividendlər gətirəcək
Ötən həftə dünyanın qlobal güclərinin diqqəti yenə də Davosa kökləndi. Yanvarın 20-dən 24-nə qədər Davosda Dünya İqtisadi Forumunda qlobal güclər mühüm məsələlər ətrafında müzakirələr apardılar. 1974-cü ildən sonra, demək olar, hər il keçirilən forumda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar olub. Builki foruma isə 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı qatılıb.
Beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin genişləndiyi, bir çox bölgələrdə münaqişələrin davam etdiyi vaxtda dünya liderləri, eləcə də özəl sektorun yüksəksəviyyəli nümayəndələri yenidən bir araya gələrək "ağıllı əsr" üçün əməkdaşlıq imkanlarını dəyərləndirdilər. Təsadüfi deyil ki, Davos forumu çərçivəsində aparılan müzakirələrdə özəl və dövlət sektorunun liderləri birlikdə işləməyə çağırıldı, qlobal iqtisadiyyatın bağlarını qırmağın heç kimin marağında olmadığı bir daha bəyan edildi.
2025-ci ilin Dünya İqtisadi Forumu "Ağıllı əsr üçün əməkdaşlıq" mövzusunda qlobal çağırışlara toxundu. Forumda iqtisadi artımın yenidən başlaması, ən müasir texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlılığın gücləndirilməsi məsələləri də müzakirə olundu.
Ümumiyyətlə, beynəlxalq səviyyədə ən mühüm tədbirlərdən olan forum bir sıra ölkə liderini, əsas beynəlxalq aktorları və ekspertləri bir məkanda birləşdirən nəhəng platformadır.
Prezident İlham Əliyev hər il foruma dəvətlilər sırasında olur. Foruma beyin mərkəzləri, qlobal layihələrlə bağlı təkliflər irəli sürən, çıxış yolu göstərən mütəxəssislər dəvət edilirlər. Azərbaycan Prezidenti də dünyada baş verən qlobal hadisələri dəyərləndirmək bacarığı, analiz etmək qabiliyyəti, qiymətləndirmək istedadı, qətiyyətli fikir söyləmək imkanına sahib lider kimi tanınır. Bu səbəbdən də İlham Əliyev qlobal iqtisadi tədbirin ən nüfuzlu qonaqları sırasında olur.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, strateji layihələri və əməkdaşlıq perspektivləri forum çərçivəsində dünyaya çatdırılır. Dövlətimizin başçısı öz iqtisadi, siyasi və sosial strategiyalarını geniş formatda təqdim edir. Bir mərama da diqqət yetirmək lazımdır ki, İlham Əliyev hər il forumda iştirakı zamanı ayrı-ayrı ölkələrin liderləri ilə yanaşı, dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri, tanınmış iş adamları ilə çoxsaylı görüşlər keçirir, beynəlxalq miqyaslı media qurumlarına, jurnalistlərə müsahibələr verir. Xüsusilə vurğulanmalıdır ki, bu görüşlərin hər biri qarşı tərəfin müraciətləri əsasında keçirilir.
Prezident habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Budəfəki forumda Azərbaycanın iştirakı ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli oldu.
Prezident İlham Əliyev forumda iştirakın əhəmiyyətini iki nöqteyi-nəzərdən yüksək dəyərləndirir. İlk olaraq Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir, ikincisi də, bu mötəbər toplantıya qatılmaq dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək imkanından yararlanmaqla ölkəmizdə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.
Ölkəmizin rəhbərinin Davos Forumu iştirakçılarının özlərinin arzusu, təşəbbüsü ilə keçirilmiş çoxsaylı görüşlərində tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirməsi böyük marağa səbəb olub. Ölkə iqtisadiyyatının, infrastrukturunun və "yaşıl iqtisadiyyat"ın əhəmiyyətli inkişafında xarici investisiyaların cəlb olunması ilə bərabər bu uğurun qazanılmasında qarşılıqlı fayda gətirəcək əməkdaşlığın da önəmli rol oynaması vurğulanıb. Digər bir mühüm məqam isə dünyanı lərzəyə salan ekoloji kataklizmlərin gücləndiyi bir zamanda ölkəmizdə ən mühüm prioritetlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən "yaşıl iqtisadiyyat"a verilən mühüm önəm və COP29-un çox uğurla keçirilməsinin mötəbər xarici iştirakçılar tərəfindən yüksək dəyərləndirilməsidir.
Bir sözlə, cənab İlham Əliyevin bu il Davosda keçirdiyi çoxsaylı və ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən görüşlərdə Azərbaycanın "yaşıl enerji", tranzit potensialı və texnoloji innovasiyalar sahələrində böyük perspektivlərə malik olması iştirakçıların diqqətinə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və turizm imkanları, "yaşıl enerji" potensialının dünyaya tanıdılması ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.
Bir sözlə, sayca 55-ci olan Dünya İqtisadi Forumunda da bir daha təsdiq olundu ki, İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı da qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizliyə və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
Prezidentin Davosda qarşı tərəfin təşəbbüsü, xahişi ilə keçirdiyi görüşlər, apardığı müzakirələr yaxın zamanlarda Azərbaycana siyasi, iqtisadi dividendlər gətirəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"