Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətləridir
2025-ci ilin ilk həftələri də ölkəmizin xarici siyasətinin uğurlarına xidmət edən tədbirlərlə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirakının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında və Zayed Dayanıqlılıq Mükafatının təqdimatı mərasimində bir çox dövlət və hökumət başçısı ilə bərabər Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi 2008-ci ildə təsis olunub və ötən illər ərzində bu format dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak etmişlər.
Qlobal platformalarda iştirakın faydaları
Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin belə platformalarda ən yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti bir neçə əsas sahədə özünü göstərir. Bu cür platformalar ilk növbədə diplomatik münasibətlərin gücləndirilməsi baxımından önəmlidir. Ümumiyyətlə, cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı həm ölkəmizin dünya arenasında nüfuzuna, daha yaxından tanınmasına, mövqeyinin mötəbərliyinə xidmət edir, həm də Azərbaycanın diplomatik strategiyalarının və münasibətlərinin güclənməsinə kömək göstərir.
Belə platformaların iqtisadi əməkdaşlığın inkişafına da böyük töhfələri var. Bu baxımdan Əbu-Dabi Dayanıqlılıq Həftəsi kimi beynəlxalq tədbirlər ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək, yeni investisiya imkanlarını araşdırmaq və layihələri təqdim etmək üçün əlverişli zəmin yaradır. Azərbaycan Prezidentinin belə tədbirlərdə iştirakı isə bu sahədə potensial tərəfdarları ölkəmizə cəlb edir.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi kimi platformaların regionun sülh və davamlı inkişaf mühitinin dəstəklənməsi baxımından əhəmiyyəti böyükdür. Prezidentin bu cür tədbirlərdə iştirakı təkcə Azərbaycanın deyil, ümumilikdə yerləşdiyimiz regionun sülh və davamlı inkişaf perspektivlərinə verilən dəstəyin və niyyətin ifadəsidir. Çünki dövlətimizin başçısı Azərbaycanla yanaşı, ümumilikdə regional sabitliyin, sülhün, əməkdaşlıq və inkişaf mühitinin təmin olunmasına çalışır.
Mehriban qonşuluq, işgüzar münasibətlər
Bu günlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri rəsmi Tbilisinin Bakı ilə əlaqələrinə verdiyi diqqət və əhəmiyyətin ifadəsidir. Prezident İlham Əliyev bəyanatında dövlətlərimiz arasında olan mehriban qonşuluq və işgüzar münasibətlərdə xalqlarımızın rolunu belə qeyd etdi: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər".
Bu gün ölkələrimiz arasında regionda və dünyada baş verən proseslərə, siyasi münasibətlərə, iqtisadi iş birliyinə və cəmiyyətlərimizin önəm verdikləri tarixi irsə, milli dəyərlərə, adət-ənənələrə birgə baxışımızı əks etdirən zəngin gündəm mövcuddur. Modern Azərbaycan və Gürcüstanı bir-birinə sıx bağlayan hərtərəfli əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyevlə sabiq Prezident Eduard Şevardnadze tərəfindən qoyulub. Hazırda həm ölkələrimizin, həm də regionumuzun dayanıqlı inkişafı və gələcək çiçəklənməsi perspektivləri bu bünövrə üzərində bərqərar olub. Təqdirəlayiq haldır ki, sonrakı illərdə dövlətlərimiz bu strateji kursa sadiqliklərini nümayiş etdirərək bölgənin firavan gələcəyinə dair birgə səylərin sabitliyini təmin etməyə nail olublar.
Azərbaycanın regional siyasi və iqtisadi liderliyi Gürcüstan tərəfindən ardıcıl şəkildə dəstəklənir. Çünki bu liderlik yalnız Azərbaycanın deyil, bütöv regionun tərəqqisinə xidmət edir. Ölkəmizin siyasi kursunun və iqtisadi potensialının Gürcüstan üçün strateji anlamı var və bu reallıqda Azərbaycan Prezidentinin müdrik liderliyi regional sabitliyin dayanıqlığı baxımından müstəsna əhəmiyyətə malik tarixi-siyasi faktordur. Baş nazir İrakli Kobaxidzenin Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini vurğulaması qonşu gürcü dövləti və cəmiyyətinin Azərbaycana olan münasibətinin parlaq göstəricisidir: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur".
Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasında mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri də qeyd olundu. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunuldu. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində də qarşılıqlı maraq ifadə olundu. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu, nümayəndə heyətinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxışlar etdilər.
Davosda Azərbaycana maraq yenə böyük oldu
Yanvarın 20-24-də İsveçrə Konfederasiyasının Davos şəhərində Dünya İqtisadi Forumunun növbəti toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir. Builki toplantı sayca 55-ci idi. Ölkəmizin bu forumda iştirakının və fəallığının ilbəil artırılması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində qazandığımız davamlı uğurlarla bağlıdır. Dövlətimizin başçısı forum çərçivəsində çıxışlar etmiş, panellərə qatılmış, çoxsaylı sualı cavablandırmışdır. Yeri gəlmişkən, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsini yaratmaqda önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata əlavə istiqamətlər verir.
Prezident İlham Əliyev Davosda bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin rəhbərləri ilə görüşüb. Onu da bildirək ki, bu görüşlər qarşı tərəflərin təşəbbüsləri ilə baş tutub. Bu da Azərbaycana olan hörmətdən, ölkəmizin qazandığı etibarlı tərəfdaş imicindən, dövlətimizin başçısının yüksək nufuzundan qaynaqlanır.
Prezident İlham Əliyevin görüşdüyü şirkət rəhbərləri birmənalı olaraq Azərbaycanda fəaliyyətlərini genişləndirmək, yaxud iş birliyi qurmaq, əməkdaşlıq və tərəfdaşlıq etmək istədiklərini bildiriblər.
Çoxvektorlu yanaşma
Bu aparıcı niyyəti Azərbaycanın 2024-cü il ərzində həyata keçirdiyi müstəqil siyasət kursunda, ölkə rəhbərinin xarici səfərlərində hər birimiz görə bilərik. 2024-cü il bu baxımdan ölkəmizin çoxvektorlu xarici siyasətində mühüm nəticələr, böyük nailiyyətlərlə müşayiət olundu. Dövlətimizin başçısının məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüslər, atdığı davamlı strateji addımlar sayəsində respublikamızın beynəlxalq arenada mövqeyi daha da gücləndi, regionun lider dövləti mövqeyi möhkəmləndi. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrildi.
Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həmin səfərlər çərçivəsində keçirdiyi görüşlər, bu çərçivədə dövlətlər və hökumətlər arasında imzalanan sənədlər mühüm rol oynadı. Xüsusilə, enerji, nəqliyyat və investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artıraraq gücləndirdi.
Təkcə 2024-cü il ərzində Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərlərdə olmuşdur.
Dövlətimizin başçısı ötən il xarici səfərlərinə Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında iştirakla başladı. Üç gün (fevralın 16-18-də) davam edən səfər çərçivəsində Prezident İlham Əliyev 24 mühüm görüş keçirdi. Bu görüşlərin qarşı tərəflərin təşəbbüsləri ilə baş tutması Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və təşəbbüslərinin qlobal səviyyədə qəbul edildiyini bir daha sübuta yetirirdi. Görüşlər zamanı Azərbaycanın sülh təşəbbüsləri, ölkəmizin enerji təhlükəsizliyindəki rolu və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Bu görüşlərdən biri də Ermənistanın baş naziri ilə idi. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olundu. Prezident İlham Əliyevin Münxen səfəri Azərbaycan diplomatiyasının qlobal miqyasda mövqeyini möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb etdi.
Almaniya səfərindən dərhal sonra Prezident qardaş Türkiyəyə səfər etdi. Fevralın 18-19-da səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlər ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm rol oynadı.
Səfər zamanı imzalanan sənədlər isə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakterini daha da gücləndirmiş oldu. Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma, təhsil sahəsində yeni mərhələ kimi gənc kadrların yetişdirilməsinə mühüm töhfə verəcək. Baytarlıq sahəsində əməkdaşlıq və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər isə iqtisadi və kənd təsərrüfatı sahələrində əlaqələrin genişlənməsinə, eyni zamanda ticarət münasibətlərinin daha da asanlaşdırılmasına şərait yaradacaq.
Azərbaycan Prezidentinin Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə 22 aprel tarixində Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüş də iki ölkə arasında iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər strateji məsələlər ətrafında geniş müzakirələr baxımından faydalı oldu.
Bu səfərlər zamanı Azərbaycanla adıçəkilən ölkələr arasında siyasi, iqtisadi-ticari, nəqliyyat, mədəniyyət, elm-təhsil və digər sahələrə dair mühüm sənədlər imzalandı. Eyni zamanda Cənubi Qafqazda sülhün təmin edilməsi məqsədilə Azərbaycan dövlətinin atdığı addımlar və ölkəmizin artan geosiyasi rolu müzakirə mövzusu oldu.
Azərbaycan Prezidentinin ötən ilin müxtəlif vaxtlarında Misirə, Pakistana, Böyük Britaniyaya, Özbəkistana, İtaliyaya, Qırğızıstana səfərləri, bu səfərlər zamanı qlobal platformalarda iştirakı, keçirdiyi görüşlər, əldə edilən razılaşmalar ölkəmizin xarici siyasətinin uğurlarına mühüm töhfələr verdi.
Səfərlər Azərbaycan Prezidentinə sülhə, əməkdaşlığa, ölkələr arasında qarşılıqlı münasibətlərə tarixi xidmətlərinə görə ali dövlət mükafatlarının təqdim edilməsi baxımından da əlamətdar oldu. Prezident İlham Əliyevə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan "Dostluq" ordeni, Bişkekdə isə "Çingiz Aytmatov" ordeni təqdim edildi. Bu mükafatlar Azərbaycanın beynəlxalq əlaqələrdəki uğurlarının, regionlararası əməkdaşlığın inkişafına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrin təqdir edildiyini, eləcə də beynəlxalq səviyyədə Azərbaycan Prezidentinin şəxsiyyətinə böyük hörmət və ehtiramın daha bir təsdiqidir.
Qlobal sülh təşəbbüslərinin mərkəzində
Ümumilikdə Azərbaycanın 2024-cü ildə xarici siyasət sahəsində əldə etdiyi uğurlar bir sıra mühüm sahələrdə öz əksini tapdı. Bu uğurlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, regional sabitliyin təmin olunmasına böyük təkan verdi. Azərbaycan il boyu qlobal sülh təşəbbüslərinin mərkəzində olaraq Cənubi Qafqazda bu prosesin irəliləməsi üçün konkret addımlar atdı. Ermənistanla münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası üzrə danışıqlar davam etdirildi. Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi və bir çox ölkə bu prosesə dəstək verməyə çalışdı.
Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan liderliyini davam etdirdi. Xüsusilə "Cənub qaz dəhlizi" və "yaşıl enerji" layihələri ilə bağlı əməkdaşlıq genişləndi. Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq daha da möhkəmləndi, Azərbaycan təbii qazın ixracı ilə yanaşı, "yaşıl enerji" sahəsində də yeni layihələrə start verdi. Qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətləri daha da gücləndirildi. Hər iki ölkə arasında iqtisadi, hərbi və mədəni sahələrdə yeni müqavilələr imzalandı, birgə layihələrin həyata keçirilməsi uğurla davam etdirildi. Rusiya, Çin, Mərkəzi Asiya və digər region ölkələri ilə ikitərəfli əməkdaşlıq dərinləşdirildi. Bu çərçivədə nəqliyyat və logistika dəhlizlərinin inkişafı üzrə əhəmiyyətli irəliləyiş əldə edildi.
Azərbaycan beynəlxalq humanitar təşəbbüslərdə yenə də yüksək fəallıq göstərdi. Ölkəmizin evsahibliyi etdiyi qlobal forumlar və digər tədbirlər vasitəsilə mədəniyyətlərarası dialoq, tolerantlıq və humanist dəyərlər təşviq olundu. Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirakını sədrlik müddəti bitəndən sonra da davam etdirərək postpandemiya dövründə bərpa və davamlı inkişaf məsələlərində aktiv rol oynadı. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın təşəbbüsləri dəstəkləndi və ölkənin qlobal məsələlərdə rolu daha da gücləndi.
"Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin fəaliyyətində Azərbaycan mühüm tranzit ölkəsi kimi mövqeyini daha da möhkəmləndirdi. Bu dəhlizlər vasitəsilə yükdaşımalar artdı və ölkəmizin geostrateji əhəmiyyəti daha da yüksəldi.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr də gücləndirildi, diaspor təşkilatlarının fəaliyyəti aktivləşdirildi. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınması və dəstək qazanması üçün mühüm rol oynayır.
Azərbaycanın 2024-cü ildə xarici siyasət uğurları ölkənin strateji hədəflərinə çatmaqda irəliləyiş olduğunu göstərir. Bu uğurlar həm regional sabitliyə, həm də Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə xidmət edir.
İradə ƏLİYEVA,
"Azərbaycan"