Ermənistanda siyasi gərginlik hökm sürür
Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Ermənistanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir. İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövləti, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir.
Digər tərəfdən də Rusiya ilə ticari əlaqələrini genişləndirir. Ermənistan sanksiyalar altında olan Rusiyaya reeksport məsələsində əsas müttəfiqdir. Bu iki ölkə arasında ticarət dövriyyəsi indiyədək görünməyən həddə - 12 milyard dollara çatıb. Ermənistan üzdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atmaqla özünü pərdələməyə çalışır. Başqa tərəfdən isə Qərbyönümlülüyünü gizlətmir. Göründüyü qədərilə rəsmi İrəvan ikili oyun oynayır.
"Hraparak" nəşri yazıb ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması haqqında" qanun layihəsinin Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasında müzakirəsi zamanı hakim fraksiyanın deputatı Sona Qazaryan bildirib ki, yalnız Aİ-yə inteqrasiya məsələləri ilə məşğul olacaq 3-cü baş nazir müavini olmalıdır. Nəşrə görə, məsələ ondadır ki, hakim partiyanın Sorosa bağlı bölməsində və Avropa referendumunun təşəbbüskarları qrupunda baş nazirin müavini Mher Qriqoryana qarşı dərin etimadsızlıq var.
Qriqoryanı "rus casusu" hesab edirlər və düşünürlər ki, bu prosesin uğursuzluğa düçar olmaması üçün qərbpərəstlərin öz seçimi olan baş nazirin müavini olmalıdır. Təbii olaraq hakim fraksiyadan olan deputat bunu etiraf etməyib, əksinə deyib ki, Qriqoryan öz funksiyaları ilə, o cümlədən demarkasiya komissiyasının işi ilə çox məşğuldur, Tiqran Xaçatryan isə, məlum olduğu kimi, maliyyə blokunu koordinasiya edir, ona görə də başqa baş nazirin müavini vəzifəsi yaratmaq lazımdır. "Lakin bizə deyilənə görə, təxminən iki ay əvvəl Avropa referendum qrupu hətta müzakirə edib ki, onlardan biri, məsələn, "Respublika" partiyasının lideri Aram Sarkisyan, yaxud Arman Babacanyan baş nazir müavini təyin olunmalıdır. Babacanyan bəyan edəcək ki, onun hökumətin iqtisadi və digər siyasəti ilə heç bir əlaqəsi yoxdur, yalnız bir öhdəliyi var, o da Avropaya inteqrasiya məsələləri ilə məşğul olmaqdır", - deyə nəşr bildirib.
Erməni siyasi xadim Hakop Hakopyan öz sosial şəbəkə hesabında yazıb ki, Ermənistanda faktiki olaraq siyasi defolt hökm sürür: artıq seçicilərlə indiki hakimiyyət arasında heç bir öhdəlik və hakimiyyətin mənəvi legitimliyi yoxdur. "Bu gün hamımız ətrafımızda yaranmış yeni reallıqdan çıxmalıyıq. Məqsədi görməmək, yeni reallıqları dərk etməmək yenidən illüziya və miflərlə yaşamağa başlamaq deməkdir. Ölkəni xilas etmək üçün real imkan var, amma bu, hazırkı hakimiyyət olmadan mümkündür. Bizə real və adekvat fəaliyyətlər üçün yol xəritəsi lazımdır. Yaxın keçmişimizdən nəticə və dərslər çıxarmaq lazımdır. Bu, yüksəkkeyfiyyətli konsolidasiya edilmiş işi nəzərdə tutur", - deyə o qeyd edib.
Ermənistanda xalqı əslində siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə olan sosial-iqtisadi vəziyyət düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür. Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub.
Beləliklə, gedən proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.
Elçin CƏFƏROV,
"Azərbaycan"