Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 30 il ötür. Bu, müstəqil dövlətçilik yolunda əzmlə irəliləyərək ən böyük uğurlara imza atan istənilən dövlət üçün son dərəcə əlamətdar bir tarixdir. Bu tarixi bizim üçün müstəsna edən amil isə həm də bundan ibarətdir ki, Əsas Qanunumuzun qəbulunun 30-cu ildönümünə dövlətimiz Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə gəlib çatmışdır. 2025-ci ildə həm də Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümüdür. Bu baxımdan, xalqımız və dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.
Ümid və əminliyin gücü
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin dövlətimizə ən qiymətli mənəvi miraslarındandır. Ulu Öndər bir zamanlar Əsas Qanunumuzun onilliklər, əsrlər ərzində Azərbaycanın həyatında oynayacağı mühüm rola ümidini, əminliyini belə ifadə etmişdi: "Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksəksəviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövlətini miras qoyacaq".
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasını labüd edən səbəblərin dəqiq təsviri "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamında dəqiq verilmişdir. 1991-ci ilin 18 oktyabrında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsindən sonra milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifəsi ən çətin məsələlərdən biri kimi qarşıda dururdu. Yeni Konstitusiyanın hazırlanması müvafiq Aktda da nəzərdə tutulmuşdu. Amma 1991-1993-cü illərdə ölkədəki vəziyyətin qeyri-sabitliyi, cəmiyyət daxilində gedən neqativ proseslər, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğal altına düşməsi, eləcə də o dövrdə hakimiyyətə rəhbərlik edənlərin yarıtmaz siyasəti bu sahədə ciddi addımlar atmağa imkan vermirdi. Bu vəziyyət qısa müddətdə xaotik sürətlə inkişaf edərək cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə özbaşınalığa, anarxiyaya gətirib çıxardı, dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılması mümkün olmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi istiqamətində ciddi addımlar atılmadı. Elə buna görə də dövlət müstəqilliyini de-yure elan etmiş Azərbaycan dövləti öz suverenliyini faktiki olaraq təmin edə bilməmişdi. Həm də bunu nəinki təmin edə bilməmiş, proseslərin axarı eyni gedişatla davam edərsə, 1993-cü ilin ortalarına doğru real şəkil almış vətəndaş müharibəsi təhlükəsi, separatizm, ölkənin regionlara parçalanması təhlükəsi öz labüd nəticəsinə çatarsa, hətta de-yure müstəqilliyini də itirmək, dünya xəritəsindən silinmək riski qarşısında qalmışdı.
Dönüş anı
Belə bir zamanda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı dövlətimizin xilasına, ölkəmizin, cəmiyyətimizin həyatında əsl dönüş anına çevrildi. Ulu Öndərin çağdaş tariximizə Milli Qurtuluş Günü kimi əbədi həkk olunmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə respublikamızda demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğu proseslərinin bünövrəsi qoyuldu. Ümummilli Lider ölkə parlamentinə sədr seçildikdən dərhal sonra verdiyi bəyanatda Azərbaycanın müstəqil dövlətçiliyinin inkişaf konsepsiyasını və strateji yollarını sistemli şəkildə təqdim etdi. Həmin çıxışında Ümummilli Lider bildirirdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Azərbaycanda demokratik müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb, ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməyi vacib sayırdı. Qeyd edirdi ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyinə nail olduqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilməlidir.
Ümummilli Lider onu da vurğulayırdı ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olduğu kimi, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikası ərazisindəki hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüququ daşımalıdır: "Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq".
Ulu Öndər Heydər Əliyev həmin proqram xarakterli çıxışında Azərbaycanın demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmasının, o cümlədən yaxın qonşularla lazımi mədəni, iqtisadi, siyasi münasibətlərə nail olmasının, milli birliyin, cəmiyyətdə qayda yaratmaq üçün hamının nizam-intizama, qanunlara riayət etməsinin, qanunun aliliyinin təmin olunmasının əhəmiyyətini vurğulayır və bəyan edirdi ki, o, öz əqidəsindən dönməyəcəkdir.
Dövlət quruculuğunda yeni mərhələ
Bu çıxışdan sonrakı günlərdə atılan addımlarla Ümummilli Lider göstərdi ki, bütün qeyd edilənlər sadəcə söz deyil. Heydər Əliyev bu strateji istiqamətlərin hər biri üzrə təxirəsalınmaz və məqsədyönlü addımlar atmağa başladı. Bu baxımdan, 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrlərdə Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda apardığı mübarizə strateji mahiyyət daşıyırdı. Beləliklə, 1993-cü ildə ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən, Heydər Əliyevin Azərbaycan xalqının mütləq etimadı ilə ölkə Prezidenti seçilməsindən sonra dövlətimizin müstəqilliyinin praktik müstəvidə də özünü göstərməsi üçün real zəmin yarandı. Müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi.
Azərbaycan xalqı ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq müstəqillik nemətinə böyük arzu və ümidlərlə qovuşdu. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq xəyalı yüzilliklərdən sonra gerçəyə çevrildi. Tarixin müxtəlif mərhələlərindəki kənar müdaxilələrə, məhrumiyyətlərə, ağır sınaqlara rəğmən, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayaraq öz ideallarına daimi sadiqliklə XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpasına nail ola bildi. Milli-azadlıq hərəkatı ilə kütləvi şüurda özünüdərk mərhələsi yetkinlik səviyyəsinə yüksələrək başa çatdı, bu mərhələ müstəqillik və dövlətçilik şüuruna transformasiya olundu, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi məhz bu şüurun işığında ölkənin ali rəhbərliyinə çağırmışdı. Çünki müstəqillik və dövlətçilik şüuru artıq yeni bir dönəmə, tammiqyaslı hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu dönəminə keçidi diktə edirdi ki, bu da yalnız Heydər Əliyev kimi güclü, qətiyyətli Liderin mətin iradəsi, zəngin təcrübəsi hesabına mümkün ola bilərdi.
Əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası milli dövlətçilik ənənələrini inkişaf etdirmək və yeni dünya düzənində ölkənin özünəməxsus strateji inkişaf xəttini müəyyənləşdirmək üçün köklü islahatlar aparılmalı idi. Məsələnin mürəkkəbliyi həm də bunda idi ki, söhbət tamamilə yeni ictimai-iqtisadi formasiyadan gedirdi və Azərbaycanda ictimai həyatın müxtəlif sahələrindəki münasibətləri tənzimləməyə imkan yaradan təkmil hüququ baza formalaşdırılmamışdı. Bu tarixi missiyanı məhz Ümummilli Lider Heydər Əliyev üzərinə götürdü.
Qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitliyi bərqərar etməyə müvəffəq olan Heydər Əliyev konstitusiya islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi və digər ciddi tədbirlərin aparılması məqsədilə xüsusi Hüquqi İslahat Komissiyasının yaradılması barədə fərman imzaladı. Ümummilli Liderin birbaşa rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və onun müddəaları ictimai müzakirələrdən keçdi. 1995-ci ilin 12 noyabrında Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edildi. Bu Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının təxmini konturlarını özündə ehtiva edən sənəd kimi tarixə düşdü. 1995-ci ildə Konstitusiyanın qəbulu ilə Azərbaycanda dövlət quruculuğu prosesinin yeni mərhələsi başlandı. Bu mərhələdə dövlət quruculuğunun əsas prinsiplərini Ümummilli Lider belə müəyyənləşdirmişdi: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim qəbul etdiyimiz prinsiplərdir".
Tariximizin məhsuldar dövrü
Aydındır ki, Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatların həyata keçirilməsində Konstitusiyanın prinsip və müddəaları əsas tutulurdu. Bu əsasda da ölkədə bütün sahələrdə çoxşaxəli islahatlar aparılırdı. Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan vətəndaşlarının Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında azad, sərbəst yaşamasını, bütün insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin etmək üçün şərait yaradılır, demokratik dövlət quruculuğu və yeni siyasi-iqtisadi sistemin formalaşdırılması üçün normativ hüquqi bazanın yaradılması istiqamətində uğurlu işlər həyata keçirilirdi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan sonra ali qanunverici orqan - Milli Məclis tərəfindən təkcə beş ildə, 1995-2000-ci illər arasında 900-dən çox qanun qəbul edilmişdi ki, bu da ölkəmizdə qanunçuluğun, yeni dövr quruculuğunun hüquqi bazasının yaradılmasının parlaq təzahürü idi.
Ümummilli Lider Heydər Əliyev 1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbul olunmasını ölkəmizdə dövlət quruculuğunun başlanmasının yeni mərhələsi kimi qiymətləndirmiş, Konstitusiyanın qəbulundan 5 il sonra respublikamızda dövlət quruculuğu sahəsində görülən işləri yekunlaşdıraraq demişdi: "1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür".
Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev dünyanın müasir reallıqlarını obyektiv şəkildə qiymətləndirərək və Azərbaycan xalqının tarixi mənafelərini nəzərə alaraq Konstitusiyanın inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal bir formada özündə əks etdirən hüquqi sənəd kimi hazırlanmasına nail oldu. Əsas Qanunumuzun preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunmasına, demokratik quruluşa təminat verilməsinə, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, hüquqi dövlət qurmaq və digər mühüm məqamlar başlıca prinsiplər kimi təsbit olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasında ali hakimiyyətin xalqa məxsus olduğu qəti şəkildə bəyan edilir ki, bu da ölkəmizin demokratik inkişaf xəttinə üstünlük verməsinin ən bariz göstəricisi kimi qiymətləndirilə bilər. Əsas Qanunda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək hüququnun Azərbaycan xalqının suveren hüququ olduğu bildirilir.
Ali məqsəd
Konstitusiya Azərbaycanın ümummilli mənafeləri ilə bağlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası həmçinin Azərbaycan dövləti qarşısında duran başlıca vəzifələri və başqa dövlətlərlə münasibətlərin əsaslandığı prinsipləri müəyyənləşdirir. Əsas Qanunumuzun 7-ci maddəsinin II hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müddəalardan irəli gələn müddəalarla məhdudlaşır. Bu maddə Azərbaycan dövlətinin suverenliyini əks etdirir. Konstitusiyada birmənalı şəkildə bəyan edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla tanınan beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olduğu Konstitusiyanın 12-ci maddəsinin I hissəsində təsbit edilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarına bu cür münasibət hətta ən inkişaf etmiş dövlətlərin bəzilərinin qanunvericilik sistemində də yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası insanları cinayət əməllərinə görə ölüm hökmü ilə cəzalandırmağı birmənalı şəkildə qadağan edir və yaşamaq hüququnu hər bir şəxsin təbii haqqı kimi göstərir. Bu müddəa Azərbaycan dövlətinin insan hüquqlarına münasibətinin ən gözəl örnəklərindəndir.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa şəxsi toxunulmazlıq, vicdan və söz azadlığı, bərabərlik, azadlıq hüquqları verir. Əsas Qanunumuzun qəbulundan ötən 30 il ərzində bu ali prinsiplərin real həyatda tətbiqi istiqamətində də olduqca ciddi nailiyyətlər əldə olunmuşdur. Vətəndaşların mülkiyyət hüququnun tanınması və onun toxunulmazlığına təminat verilməsi də Azərbaycan Respublikası Konstitusiyasının çox vacib müddəalarından biridir.
Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri də dəqiq şəkildə öz ifadəsini tapmışdır. Hakimiyyətin üç qolu arasında səlahiyyətlərin bölünməsinin dəqiq şəkildə təsviri Azərbaycanda mükəmməl idarəetmə sisteminin yaradılmasına xidmət göstərir və onun əhəmiyyətini başa düşmək üçün, sadəcə Əsas Qanunda öz əksini tapmış müddəaların mahiyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, burada icra hakimiyyətinin Prezidentə, qanunverici hakimiyyətin Milli Məclisə, məhkəmə hakimiyyətinin isə məhkəmələrə aid olduğu göstərilir ki, bu da müasir dünyanın qəbul etdiyi normalara tamamilə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, ölkəmizdə idarəetmə mexanizmi elə ədalətli şəkildə qurulmuşdur ki, hakimiyyətin heç bir qolu ölkənin taleyini həll edən məsələlər barədə hərtərəfli qaydada qərar qəbul etmək imkanına malik deyildir. Bu prinsip hakimiyyətin həyata keçirilməsinin ölkənin milli mənafeləri çərçivəsində həllinə imkan yaradır. Başqa sözlə desək, hakimiyyətin heç bir qolunun ölkənin və xalqın iradəsinə zidd addımlar atmaq imkanı yoxdur.
Azərbaycan Respublikasının Konstitusiyası ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından, o cümlədən əmək, istirahət, tətil, sosial təminat, təhlükəsiz yaşamaq, mənzil toxunulmazlığı, təhsil, milli mənsubiyyət, fikir, söz və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında istifadə etməsinə imkan yaradır.
Bütün bu qeyd edilənlər Azərbaycan Respublikasının Konstitusiyasında insanların tam azad və sərbəst şəkildə yaşayıb fəaliyyət göstərməyə qabil mükəmməl hüquqi müddəaların, prinsiplərin öz əksini tapdığını göstərir və bu prinsiplər Azərbaycanda insan hüquq və azadlıqlarının aliliyini təsdiqləyən, demokratiyanın fundamental prinsiplərinə əsaslanan siyasi bir sistemin mövcudluğunu sübuta yetirir.
Zamanla təkmilləşdirilərək inkişaf etdirilən Əsas Qanunumuz
Hər bir Konstitusiyanın işləkliyini, Əsas Qanun kimi cəmiyyət həyatının müxtəlif sferalarına bütün zamanlarda nüfuz etməsini şərtləndirən ən mühüm amillərdən biri onun daim təkmilləşdirilməsi, dövrün çağırışlarının bu mühüm sənədin müddəalarında nəzərə alınmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası da ötən 30 il ərzində çox geniş təkmilləşdirmə və inkişaf yolu keçmiş, qəbul edildiyi 1995-ci ildən bəri üç dəfə - 2002-ci, 2009-cu və 2016-cı illərdə - Azərbaycan Respublikası Konstitusiyasının mətnində ümumxalq səsverməsi (referendum) yolu ilə müəyyən dəyişikliklər edilmişdir. Bu dəyişikliklər, əsas etibarilə, cəmiyyətin inkişafı, yeni çağırışların ortaya çıxması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilmişdir. Belə ki, 24 avqust 2002-ci ildə keçirilən referendumda Konstitusiyanın 24 maddəsində 29 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər insan hüquqlarının qorunması, seçki sisteminin təkmilləşdirilməsi və dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi kimi sahələri əhatə etmişdir. 18 mart 2009-cu il tarixində keçirilən ümumxalq səsverməsi (referendum) isə Azərbaycan Respublikası Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər arasında prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi mühüm yeniliklər yer almışdır.
26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyırdı. Həmin ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası vətəndaşlarının yekdil qərarı ilə idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Beləliklə, təxminən 7 illik aralıqlarla 3 müxtəlif dövrdə Azərbaycan Respublikasının Konstitusiyasına edilən müvafiq əlavə və dəyişikliklər Əsas Qanunun yeni dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət etmişdir. Məsələn, yeni dövrdə ölkəmizdə siyasi idarəetmənin təkmilləşdirilməsi, idarəetmə sisteminin optimallaşdırılması tədbirlərinin tərkib hissəsi kimi 2016-cı ildə Birinci vitse-prezident və vitse-prezidentlik institutunun yaradılması idarəetmədə çevikliyi və operativliyi artırmaq məqsədi daşıyırdı. Bu, xüsusilə fövqəladə hallarda və uzunmüddətli strateji məsələlərin həllində daha effektiv idarəetmə mexanizmi təmin etmək üçün nəzərdə tutulmuşdur. Konstitusiyada aparılan dəyişiklikdən sonra 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban xanım Əliyevanın bu vəzifədə dövlətimizə, xalqımıza, cəmiyyətimizə verdiyi tarixi töhfələr idarəetmədəki bu yeniliyin nə qədər mütərəqqi xarakter daşıdığını və vaxtında atılmış addım olduğunu bir daha göstərir. 2016-cı il ümumxalq səsverməsindəki (referendumundakı) dəyişikliklər hakimiyyətlərarası münasibətlərin tənzimlənməsi, dövlət hakimiyyəti qolları arasında səlahiyyətlərin daha dəqiq bölünməsi və icra orqanlarının fəaliyyətinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Əsas Qanunumuzda 2002-ci ildə edilən dəyişikliklərə əsasən seçkilərin daha şəffaf və demokratik keçirilməsi üçün mexanizmlər təkmilləşdirilmiş, 2009-cu ildə prezidentlik müddətinin artırılması və iki dəfədən artıq seçilmə məhdudiyyətinin ləğv edilməsi ölkəmizdə siyasi sabitliyin təmin olunmasına, strateji inkişaf proseslərinin davamlılığına, ardıcıllığına əhəmiyyətli töhfələr vermişdir.
Müxtəlif dövrlərdə Azərbaycan Respublikası Konstitusiyasında edilən dəyişikliklər, o cümlədən mülkiyyət hüquqlarının gücləndirilməsi və sosial hüquqlarla bağlı əlavələr iqtisadi inkişafın dəstəklənməsinə də əhəmiyyətli töhfələr vermişdir. Eyni zamanda yeni nəsillə bağlı çağırışları nəzərə alaraq ümumxalq səsverməsi (refedendumu) ilə Konstitusiyaya dövlətin gənclər siyasətinin genişləndirilməsi və gələcək nəsillərin hüquqlarının qorunması ilə bağlı maddələr daxil edilmişdir. Bütün bunlar sayəsində 30 yaşlı Azərbaycan Konstitusiyası dünyanın ən təkmil, inkişaf reallıqlarına, dövlətin strateji inkişaf xəttinə uyğun əsas qanunlardandır.
Ölkəmiz strateji hədəflərə doğru inamla irəliləyir
Konstitusiyanın preambulasında başlıca niyyət kimi qeyd edilmiş - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması niyyətinin son illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi, ordumuzun gücü ilə tam reallaşdırılması isə Əsas Qanunumuzun 30 yaşına ən qiymətli tarixi töhfəsidir.
Bu başlıca niyyət 1995-ci ildə Konstitusiya layihəsi hazırlanarkən sənədin preambulasında xüsusi ifadə edilsə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın qəbulundan ötən illər ərzində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi dövlət rəhbərimizin müvafiq sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
"Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir" - 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında vurğulanır.
30 yaş insan ömrünün yetkin dövrüdür, fərd ömrün bu pilləsinə qədər əldə etdiyi bilik və bacarıqlar, həyat təcrübəsi, qurduğu çevrə ilə ömrün davamının ən böyük nailiyyətlərini yaratmağa başlayır. Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan ötən 30 il də müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından etibarən inkişafa doğru ilk kövrək addımlarını ataraq böyüməsi, yetkinləşməsi, möhkəmlənməsi və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gəlib çatdığı tarixinin ən qüdrətli çağlarından yeni bir strateji inkişaf mərhələsinə daxil olmasıdır.
Azərbaycan dövləti önümüzdəki mərhələni də dayanıqlı inkişafının daha bir möhtəşəm mərhələsinə çevirəcək, Konstitusiyamızın qəbulundan ötən növbəti onillikləri yeni-yeni tarixi nailiyyətlərlə qeyd edəcək.
Alış QASIMOV,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor