Ötən il Türkiyənin günəş elektrik stansiyalarında istehsal olunan enerjinin həcmi 19,6 giqavatı ötüb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq enerji qurumu “Ember”in hesabatında bildirilir.
Hesabata görə, Türkiyənin 2022-ci ilin iyul ayında 9,7 gigavat olan günəş enerjisinin həcmi 2,5 il ərzində iki dəfə artıb.
Ayrıca Türkiyə 2025-ci ilin sonuna hədəflədiyi 18 giqavatlıq günəş enerjisi həcminə 1,5 il tez - 2024-cü ilin avqustunda çatıb. Həmçinin ölkənin 2035-ci ilə qədər günəş və külək enerjisi gücünü 120 giqavata çatdıracağı və bu artım tendensiyasının gələcək illərdə də davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, Türkiyənin ən az 53 giqavatlıq üzən günəş elektrik stansiyası potensialına malik olduğu təxmin edilir. Bu layihələrin Bərpa Olunan Enerji Qaynaqları Sahəsi (YEKA) çərçivəsində tenderə çıxarılmasının bərpaolunan enerji potensialının artırılmasına və istifadəyə yararsız su hövzələrinin istifadə edilməsinə töhfə verəcək.
Türkiyədə elektrik enerjisi istehsalında günəş və külək enerjisinin payı son 2,5 ildə 15 milyard dollarlıq təbii qaz idxalına qənaət etməyə səbəb olub. Qeyd olunan dövrdə təkcə günəş elektrik stansiyalarından əldə olunan enerji ilə ölkənin ümumi elektrik enerjisinin 6 faizini təmin edilərək 5,4 milyard dollarlıq qaz idxalına qənaət edilib.
“Ember”in türkiyəli eksperti Bahadır Sercan Gümüş hesabatın nəticələrini dəyərləndirərkən qeyd edib ki, son 4 ildə günəş enerjisi istehsalının artması ölkənin enerji şəbəkəsində düzgün siyasətlə əldə edilən transformasiyanın güclü göstəricisidir: “Günəş və külək enerjisi potensialı gücləndirilməlidir. Bu, 2026-cı ildə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci iclasına (COP31) ev sahibliyi etmək üçün iki namizəd ölkədən biri olan Türkiyənin beynəlxalq arenada enerji keçidində qətiyyətini nümayiş etdirməsinə imkan verəcək”,- deyə türkiyəli ekspert vurğulayıb.