"Prezident İlham Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətdə ölkədaxili, regional və beynəlxalq əhəmiyyətli bir çox vacib məsələlərə toxundu. Dövlət başçımız 2024-cü ildə qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu, ölkə iqtisadiyyatının inkişaf etdiyini, hərbi gücümüzün artdığını, xalqımızın təhlükəsizlik şəraitində yaşayışının təmin edildiyini, bundan sonra da sabitilik və əmin-amanlığın olacağını bildirdi".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat xatırladıb ki, Prezident İlham Əliyev ötən ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib. Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan siyasi yollarla azad etməyimiz, COP29 beynəlxalq konfransına uğurla evsahibliyimiz yola saldığımız ilin tarixi hadisələridir. COP29-un keçirilməsinə qısa müddət - cəmi 11 ay qalmasına baxmayaraq, ölkəmiz bu tədbirə çox ciddi hazırlaşaraq yüksək səviyyədə həyata keçirdi. Bu tədbirə evsahibliyimizi həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı siyasi təzyiq kampaniyalarına başlayaraq, konfransı boykot etdirməyə çalışdılar. Amma dövlət başçımızın qeyd etdiyi kimi, 80-dən çox ölkənin hökumət və dövlət başçısı, 76 mindən çox qeydiyyatdan keçmiş qonağın iştirakı bizə qarşı düşmənçilik siyasətini davam etdirənlərə ən yaxşı cavabımız oldu. "Ölkəmizin iqtisadi inkişafı yola saldığımız ilin uğurlarından olduğunu qeyd edən dövlət başçımız 2024-cü ildə ÜDM-in 4 faizdən, qeyri-neft sektorunda 6 faizdən çox, qeyri-neft sənayesində 7 faizdən çox, valyuta ehtiyatlarımızın 72 milyard dollardan çox olduğunu qeyd etdi. O cümlədən xarici dövlət borcumuzun 5,2 milyard dollara enməsi və valyuta ehtiyatlarımızın xarici dövlət borcumuzdan 14 dəfə çox olması aparılan iqtisadi siyasətin nəticələridir. Ölkəmizdə sosial siyasət də uğurla davam etdirilir. Belə ki, son 6 ildə icra olunan və davam edən 5 sosial paketə ayrılmış 7,5 milyard manat vəsait əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. 2025-ci ildən icra olunmağa başlanmış yeni sosial paket çərçivəsində minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılıb. Ölkəmizdə böyük investisiya layihələrinin həyata keçirilməsinə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına böyük vəsaitin lazım olmasına baxmayaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir" , - deyə o bildirib.
A.Badamov xatırladıb ki, Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanması ilə hərbi xərclərimizin artırılmasının vacibliyini vurğulayaraq bu il hərbi müdafiə sahəsinə 8,4 milyard manat ayrıldığını qeyd edib. Qarabağ və Şərqi Zəngəzurun bərpasına isə 4 milyard manat vəsait ayrılıb. Əgər Ermənistan sürətlə silahlanmasaydı, hərbi xərclərimizin bu qədər artmasına ehtiyac olmazdı. Belə ki, bu zərurət olmasaydı, həm azad edilmiş ərazilərin maliyyəlləşməsinə, həm də sosial proqramların icrasına daha çox vəsait ayrılardı. Qısa zaman kəsiyində 10 mindən çox keçmiş məcburi köçkünün yurd-yuvalarına qayıda bilməsi, 30 mindən çox insanın işğaldan azad olunmuş ərazilərdə çalışması uğurumuzdur. Amma dövlətimiz hərbi balansda Ermənistana üstünlük qazanmasına imkan verməməli və hərbi xərclərimizi yüksək saxlamaqla müdafiə qabiliyyətimizi artırmalıdır.
Deputat vurğulayıb ki, dövlət başçımız Cənubi Qafqaz regionu üçün vacib məsələlərlə bağlı Ermənistana səslənərək növbəti dəfə xəbərdarlıq edib. Ölkə rəhbəri bildirib ki, Ermənistan təhlükəli yoldan çəkinməlidir. Bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Prezident İlham Əliyevin regionun siyasətini müəyyənləşdirdiyini deyən deputat bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər həmişə reallığa çevrilib və bunu Ermənistanda da etiraf edirlər: "Bəli, regionda yaratdığımız yeni reallıq sülhə və əməkdaşlığa xidmət edir. Amma təəssüf ki, Ermənistanın adekvat olmayan mövqeyi və onu silahlandıranlar Cənubi Qafqazda güc balansını dəyişməyə çalışırlar. Dövlət başçımız onları çox ciddi şəkildə xəbərdar etdi. Prezident İlham Əliyev müraciətində xüsusilə vurğuladı ki, erməniləri yenə də Azərbaycan üzərinə hücum etməyə təhrik edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcəklər. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz".
Azər Badamov deyib ki, Ermənistanı silahlandıraraq gücləndirmək istəyənlər son 4 ilin nəticələrinə baxmalıdırlar. Bu müddətdə Azərbaycan-Ermənistan münasibətlərində baş verən bütün proseslər Prezident İlham Əliyevin dediyi kimi olub. Azərbaycanın gücü regionun sabitliyi və təhlükəsizliyi deməkdir. Ermənistan gücümüzü hiss etməsəydi, 2024-cü ildə Qazaxın 4 kəndini bizə təhvil verməz və sərhədin 13 kilometrlik hissəsinin delimitasiya olunmasına razılaşmazdı. Dövlət başçımızın Yeni il qabağı səsləndirdiyi fikirlər regionumuzun hərbi-siyasi gündəliyinin əsas konturlarıdır. Ermənistan rəhbərliyi Azərbaycanın yaratdığı yeni reallığı dəyişdirməyə yox, həmin reallığı inkişaf etdirməyə çalışmalıdır. Çünki yaratdığımız yeni reallıq regionda təhlükəsizlik, sabitlik, əməkdaşlıq və inkişafın təminatı deməkdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"