Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və nazirliyin müvafiq qurumları tərəfindən zəngin tarixi-mədəni irsimizin qorunması, bərpası, gələcək nəsillərə çatdırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Möhtəşəm Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurun əsl sahiblərinə qovuşması ilə əlaqədar bu missiya daha da genişlənib. 30 il ərzində erməni vandalizminə tuş gələrək vəhşicəsinə dağıdılmış, Yer üzündən silinmiş, özgələşdirilmiş abidələrimizin nəinki müəyyənləşdirilməsi, əvvəlki simasına qaytarılması, bu barədə beynəlxalq aləmin məlumatlandırılması da prioritet məsələyə çevrilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən, işğaldan azad olunmuş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.8-ci bəndinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırılması həyata keçirilib. Dövlət mühafizəsində olan 705 abidədən 163 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti mina təhlükəsi baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik yaradır.
Bununla belə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti sadalanan işlərin öhdəsindən böyük məsuliyyət, peşəkarlıq və əzmlə gəlir, fəaliyyətini günün tələbləri istiqamətində qurur. Tarixi-mədəni sərvətlərimizə münasibətdə əsl diqqət, qayğı göstərməklə yanaşı, onların təbliği, sərhədlərimizdən kənarda, türk dünyasında tanıdılmasından ötrü müvafiq qurumlarla işgüzar əlaqələr yaradır, görüşlər keçirir. Belə görüşlərdən biri də Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə keçirilib və geniş müzakirələr aparılıb. İki qurum arasında "Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.
Anlaşma memorandumunun imzalanması ölkəmizin ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili, eləcə də mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır. Sözügedən sənəd əsasında ilk olaraq Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndində yerləşən məscidin bərpasına dəstək göstərilməsi planlaşdırılır.
İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafı, xüsusilə də mədəni əlaqələrin möhkəmlənməsinin sevindirici hal olduğu bildirilib. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol oynayaraq, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq, qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub. Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"