20 Oktyabr 2024 08:20
201
CƏMİYYƏT
A- A+
Bərpadan sonra Zəngilan cənnətə dönəcək

Bərpadan sonra Zəngilan cənnətə dönəcək



Həyatda dəyişilməyən heç nə yoxdur. Zaman-zaman hər şey yenilənir. Gec-tez zülmətin də üstünə işıq düşür. Elə uzun illər işğalda qalmış ərazilər də günlərin birində düşmənlərdən təmizlənir. Yurda, torpağa, Vətənə Qələbə sədası yayılır. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha gördük...

Təəssüflər olsun ki, 1992-1993-cü illər tariximizə torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu illər kimi düşdü. Azərbaycanın əbədi-əzəli ərazisi olan Qarabağ və onun ətrafındakı beş rayon erməni qəsbkarları tərəfindən ələ keçirildi. Ermənilər zəbt etdikləri şəhər və kəndlərimizi odlara qaladılar, zəhmətlə tikdiyimiz evləri, ulu keçmişimizdən xəbər verən mədəniyyət abidələrimizi, müqəddəs ziyarətgahlarımızı yerlə yeksan etdilər. Yüzlərlə, minlərlə soydaşımızı amansızcasına qətlə yetirdilər, əsir apardılar. 


Zəngilanın müdafiəçiləri şəhid oldular, amma geri çəkilmədilər 


 Erməni qəsbkarları 1993-cü ildə Zəngilan rayonunu da işğal etdilər. Cəbrayıl və Füzuli  rayonları ermənilər tərəfindən ələ keçirildiyinə görə Zəngilanı ölkənin paytaxtı ilə birləşdirən yollar bağlanmışdı. Rayon mühasirəyə düşmüş, bütün əlaqələr kəsilmiş, vəziyyət gərgin xarakter almışdı. Rayon sakinlərinin həyatı üçün təhlükə yaranmışdı. Bölgəyə nə canlı qüvvə, nə də texnika və silah-sursat göndərmək mümkün deyildi. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun düşmən əlinə keçməsi Zəngilanın işğal olunması riskini xeyli artırdı. Ətraf rayonları zəbt edən düşmən bir neçə istiqamətdən Zəngilan üzərinə hücuma keçdi. Hücumlar nə qədər güclü olsa da, zabit və əsgərlərimiz mövqelərindən çəkilmədən vuruşurdular. Müdafiəçilər rayonun işğalçıların əlinə keçməməsi üçün son ana qədər cəsarətlə döyüşsələr də, cəhdləri fayda vermədi, əraziləri qorumaq mümkün olmadı. Təəssüflər olsun ki, rayon 29 oktyabr 1993-cü ildə düşmən əlinə keçdi. Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan sonuncu rayon idi. Onun uğrunda gedən döyüşlərdə 230 nəfər şəhid oldu. Bu insanlar içdikləri anda sadiq qalaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Amma bir addım da geri çəkilmədilər. Cəsarətləri ilə adlarını qəhrəmanlıq tariximizə yazdılar.

İşğaldan sonra rayon sakinlərinin məcburi köçkünlük həyatı başladı. Qoynunda doğulduqları doğma ocaqlardan uzaqlarda yaşasalar da, onların ürəkləri Zəngilanla döyünürdü. Bir gün, bir an olsun belə ata-baba yurdlarını yaddan çıxarmırdılar. Rayona qayıdacaqları günün həsrəti ilə yaşayırdılar. İnanırdılar ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində günlərin birində torpaqlarımız erməni işğalçılarından azad olunacaq. O gün mütləq gələcək,  işğala son qoyulacaq, kədərli qalan çöhrələrə sevinc ələnəcək. Gücünü, qüdrətini artıran şanlı Azərbaycan Ordusu Ermənistan silahlı  qüvvələrini diz çökdürəcək, illərdən bəri işğalda qalmış torpaqları erməni qəsbkarlarından azad edəcək.    

Gözlənilən tarixi gün gəldi. 27 sentyabr 2020-ci ildə düşmən təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Erməni qəsbkarları işğal etdikləri torpaqlarımızı danışıqlar yolu ilə qaytarmaq əvəzinə yeni ərazilərimizi işğal etmək üçün mövqelərimiz üzərinə hücuma keçdilər. Torpağının keşiyində ayıq-sayıq dayanmış zabit və əsgərlərimiz işğalçıların qarşısını almaq üçün döyüşlərə atıldılar. Qısa müddət ərzində düşmənin hücumu dayandırıldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının əmri ilə düşmən üzərinə əks-hücum əməliyyatı başladı. Uzun illərdən bəri ermənilərin işğalında qalmış torpaqlarımızın hərbi yolla azad olunması üçün qızğın döyüşlər getdi. 


Oktyabrın 20-də  Zəngilan işğaldan azad olundu


Döyüşlərin ilk dəqiqələrindən, ilk saatlarından şanlı Azərbaycan Ordusunun üstünlüyü açıq-aydın hiss olundu. Güclü, qətiyyətli əks-hücumlar qarşısında dayana bilməyən düşmən geri çəkilməyə başladı. Qazanılan ilk uğurlar Silahlı Qüvvələrimizin gücündən, qüdrətindən və yaxın günlərdə düşmən üzərindəki qələbələrdən xəbər verirdi. İkinci Qarabağ müharibəsinin elə birinci günü ordu hissələri xeyli irəliləyərək Cəbrayıl rayonunun bir neçə kəndini  işğaldan azad etdi. Zəngilana, Qubadlıya, Laçına, Şuşaya və işğalda qalmış başqa bölgələrə gedən yollar geniş açıldı. Keçirdikləri təlimlərdə yüksək döyüş taktikası mənimsəmiş zabit və əsgərlərimiz dayanmadan irəlilədilər. Oktyabrın 4-də Cəbrayıl rayonu erməni qəsbkarlarından azad olundu. 

Cəbhədə qazanılan zəfərlər məcburi köçkünləri daha çox sevindirirdi. Çünki uğurla başa çatacaq döyüşlərdən sonra onlar neçə vaxtdan bəri həsrətini çəkdikləri doğma ocaqlarına qayıdacaqdılar.   

Cəbrayılda qazanılmış uğurlardan sonra artıq torpaqlarımızın azadlığı uğrunda döyüşlər Zəngilan rayonu istiqamətində də gedirdi. Hər gün cəbhədən Zəfər xəbərləri gəlirdi. Həmin günlərdə demək olar ki, Azərbaycan xalqı televizor ekranlarının qarşısından çəkilmirdi. Hamı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər müjdələri ilə dolu olan müraciətlərini gözləyirdi. Artıq oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zəngilan rayonunun qəsəbə və kəndləri uğrunda gərgin döyüşlər gedirdi. Ordu hissələri addım-addım düşməni geri qovurdu. Əməliyyatların gedişində yeni döyüş taktikaları tətbiq edən zabit və əsgərlərimiz zəfərlər qazanırdılar. 

Nəhayət, gərgin və həlledici döyüşlərdən sonra Zəngilan rayonu da erməni işğalçılarından azad olundu. Müzəffər Ali Baş Komandan 20 oktyabr 2020-ci ildə xalqa müraciət edərkən Zəngilan rayonunun düşməndən azad olunması müjdəsini verdi. Azərbaycan Prezidenti İlham Əliyevin həmin müraciətini indiki kimi xatırlayırıq: "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!" 

1993-cü ildə bir payız günündə -  oktyabr ayının 29-da düşmən əlinə keçən Zəngilan 28 ildən sonra elə bir payız günündə də - 20 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Rayon mərkəzi işğalçılardan təmizlənsə də, ətrafdakı kənd və qəsəbələr uğrunda döyüşlər davam edirdi. Düşmən tutduğu yeni mövqelərdən geri çəkilmək istəmirdi.

Böyük strateji əhəmiyyətə malik Zəngilan rayonunun düşməndən azad olunması xəbəri bu ərazilərdən köçkün düşmüş insanların ağrı-acılarına ən yaxşı məlhəm oldu. Uzun illər torpaqlarımızı əllərində saxlamış erməni vandalları Vətənimizin bu gözəl diyarındakı tarixi abidələri də yerlə yeksan etmiş, məzarlıqları vəhşicəsinə dağıtmış, qəbirləri təhqir etmişdilər. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısı həmin günlərdə hamını kövrəldirdi. 

Artıq Zəngilan azad idi. 23 dekabr 2020-ci il Zəngilanın tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev həmin gün Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr günü Zəngilan Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi Vətən müharibəsində qazanılmış qələbəni tarixiləşdirməyə, əbədiləşdirməyə xidmət edir. İndi bu günü Qələbə ovqatı ilə, Zəfər sevinci ilə, bu sevinci bizə bəxş edən şəhidlərə minnətdarlıq və ehtiram hissi ilə qeyd edirik. Nə qədər sevincli günlər yaşasaq da, erməni vandalizmini, erməni zülmünü, vəhşiliyini, barbarlığını heç vaxt unutmayacağıq.


Daim ehtiramla xatırlanan qəhrəman


Müharibələr itkisiz olmur. 44 günlük Vətən müharibəsində Zəngilan rayonunun 11 nəfər sakini şəhidlik zirvəsinə yüksəldi. 9 nəfər əlil oldu. Şəhid  olan cəsur oğullardan biri də Noçiyev Surxay Əbdül oğludur. 

O, 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya göz açmışdı. 1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdı. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev Hərbi İnstitutu) oxumuşdu. 2010-cu ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nu uğurla başa vurmuşdu. Gənc zabit Surxay Noçiyev 2016-cı ildə ordumuzun uğurları ilə başa çatmış Aprel döyüşlərində iştirak etmiş və böyük qəhrəmanlıq göstərmişdi.

Vətəni, torpağı canından da əziz tutan Surxay Noçiyev 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində həmişə ön sıralarda vuruşmuşdu. Onun şərəf dolu döyüş yolu Cəbrayıldan başlayıb Füzulidən, qoynunda doğulduğu Zəngilandan, Qubadlıdan, Xocavənddən və Şuşadan keçib. Əks-hücum əməliyyatlarında fəal iştirak edən gənc zabit  döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsini və döyüş texnikalarını məhv edib. Komandir kimi üzərinə düşən döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirib. Tabeliyindəki əsgərlərə nümunə olaraq həmişə irəlidə olub. Son döyüşü noyabr ayının 9-da Şuşa şəhəri ətrafında gedib. 44 günlük Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci ildə İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi fədakarlığa, qəhrəmanlığa görə, kapitan Noçiyev Surxay Əbdül oğluna Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Cəsur zabit göstərdiyi igidliyə görə həm də "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Daim ehtiramla xatırlanan cəsur zabit Surxay Noçiyevin Vətən uğrunda döyüşdüyü günlərdə qız övladı dünyaya gəlib. Körpənin adını Fidan qoyublar. Qəhrəman Surxaydan iki körpə balası yadigar qalıb: Uğur və Fidan. Övladları atalarının qəhrəmanlığı ilə fəxr edirlər.


Qələbə sevinci qəhrəmanlığın, cəsarətin təntənəsidir


Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və böyük hünər göstərmiş əsgər və zabitlərimizin qəhrəmanlığı layiqincə qiymətləndirilib. Həm Zəngilan rayonunun mərkəzində, həm də kənd və qəsəbələrində gedən döyüşlərdə düşmən üzərində qazanılan qələbəyə böyük töhfə verən Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları dövlət başçımız tərəfindən orden və medallarla təltif ediliblər.

Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə xalqımıza qələbə sevinci yaşatmış Zeynalov Kamran Alim oğlu ilə görüşüb söhbət etdik. Öyrəndik ki, Bakı şəhərində dünyaya göz açmış Kamran  döyüşlərə heç bir çağırış gözləmədən yollanıb. İlk döyüşü Füzulidən başlayıb. Həmin günlərdən söz açan Kamran Zeynalov dedi:  

- Torpaqlarımızın uzun illər erməni işğalında qalması bir vətəndaş kimi məni çox narahat edirdi. Ürəyim Xocalı faciəsini törətmiş erməni işğalçılarına qarşı nifrətlə döyünürdü. Nəyin bahasına olsursa-olsun, düşmənlərdən şəhidlərin qisası alınmalıydı. Erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə girdim. Məqsədim torpaqlarımızı azad etmək və düşmənlərdən şəhidlərin intiqamını almaq idi. Döyüş yolum Füzulidən başladı. Həmin günlərdə torpaqlarımızın azadlığı uğrunda gərgin əməliyyatlar gedirdi. Erməni işğalçıları ciddi müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Ordumuzun hissələri də işğalçılara qarşı hücumlarını dayandırmırdılar. Bir müddət sonra bölüyümüzü Cəbrayıl istiqamətinə göndərdilər. Həmin günlər burada da döyüşlər gərgin xarakter almışdı. Torpaqlarımız işğaldan azad olunduqca üzümüz gülürdü. Cəbrayıl rayonunda da çox qalmadıq. Rayon azad olunandan sonra vuruşa-vuruşa, düşməni geri sıxışdıra-sıxışdıra Qubadlı rayonuna gəlib çıxdıq. Bu yerlərdə də atəş səsləri səngimirdi. Oktyabrın 18-də bizi Zəngilan rayonuna göndərdilər. Həkəri çayından keçib təyin olunan məntəqələrə gedib çatdıq. Erməni işğalçıları burada da müqavimət göstərərək, əlverişli mövqeləri əllərində saxlamağa çalışırdılar. Lakin güclü əks-hücumumuz nəticəsində düşmənin müqaviməti qırıldı. Uğurla başa çatan döyüşlərdən sonra oktyabrın 20-də Zəngilan rayonu düşməndən azad olundu. Həmin gün hamımız qələbə sevincini yaşadıq. Bu, çox gözəl bir hiss idi. Qəhrəmanlığın, igidliyin, cəsarətin və rəşadətin qürur dolu təntənəsi idi.    

Keçmiş döyüşçü Kamran Zeynalov Zəngilan azad olunandan sonra Qubadlı uğrunda gedən döyüşlərdə də iştirak edib. 2020-ci ilin sonunda ordu sıralarından tərxis olunub.  

Cəsur döyüşçü Zeynalov Kamran Alim oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb. Cəsur döyüşçü valideynlərinin, ailəsinin, balaca qızı Ziyafətin yanına alnıaçıq, başıuca, qalib əsgər kimi qayıdıb.


Doğma ocaqlar uzun illərdən sonra əbədi-əzəli sakinlərini qoynuna aldı


44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarından azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı. Düşmənlərdən təmizlənmiş ərazilərdə elə ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi həyata keçirildi. Qısa müddət ərzində keçmiş məcburi köçkünlər üçün evlər tikildi. 2022-ci ilin yaz günlərində 1993-cü ilin payızında kəndlərindən didərgin düşmüş sakinlərin nəhayət ki, geri qayıdışı başladı. İlk köç karvanları Zəngilan rayonunun Ağalı kəndinə oldu. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. 

Kənddə görülən işlərlə yaxından tanış olduqdan və sakinlərlə görüşüb söhbət etdikdən sonra Prezident İlham Əliyev keçmiş məcburi köçkünlər qarşısında çıxış edərək demişdir: "...Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yolboyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dördzolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək".

Prezident çıxışı zamanı gələcəkdə görüləcək quruculuq işlərindən də ətraflı söz açmışdır: "Dünən mən Zəngilan şəhərinin baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq".

Beləcə, Ağalı kəndinin sakinləri böyük sevinc içində geri döndülər. İllərin üzücü həsrətinə, dözülməz intizarına son qoyuldu. Böyük qayıdış Zəngilandan başladı. Bu başlanğıc, bu dönüş tariximizdə yaddaqalan hadisə oldu.

26 aprel 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Zəngilanda məscidin təməli qoyuldu. 18 may 2024-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin açılış mərasimi keçirildi. Bu gün həmin məsciddən müqəddəs amallar uğrunda insanları həmrəyliyə, birliyə çağıran azan səsi yayılır.   

 

Bərpa və quruculuq işləri sürətlə davam edir


İşğaldan azad olunandan çox keçmədi ki, Zəngilanda Beynəlxalq Hava Limanı da tikildi. Hava limanının təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyuldu. Ərazi Minatəmizləmə Agentliyi tərəfindən minalardan, partlamamış hərbi sursatlardan təmizlənəndən sonra tikinti işlərinə başlanıldı. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. 

Ərazilər minalardan təmizləndikcə genişmiqyaslı bərpa və yenidənqurma işləri daha da sürətləndi. Bu gün Zəngilan rayonunun təkcə Ağalı kəndində deyil, başqa yaşayış məntəqələrində də məcburi köçkünlərin qayıdışı üçün evlər tikilir. Doğma sakinlərin geri dönüşü üçün bölgələrdə böyük quruculuq işləri aparılır, uğurlu layihələr həyata keçirilir. 

İşğaldan azad olunmuş ərazilərdə aparılan işləri daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonuna da səfər edib. Dövlət başçısı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, həmçinin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Sarıqışlaq" Su-Elektrik Stansiyasının açılışlarında iştirak edib. 

Həmin gün dövlət başçımız Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlini də qoyub. 

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri çərçivəsində şəhərdəki 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub. Xatırladaq ki, kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dövlət başçısı Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanış olub. Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kompleksin ərazisində üzüm və digər meyvə bağlarının salınması da planlaşdırılır. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. 

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda bünövrəsini qoyduğu bütün yaşayış məntəqələrində və başqa obyektlərdə quruculuq işləri sürətlə davam edir. Quruculuq və bərpa işləri başa çatdıqdan sonra keçmiş köçkünlər böyük sevinc içində doğma ocaqlarına qayıdacaqlar. Burada onlar üçün rahat mənzillər tikmiş dövlətimizə və dövlət başçımıza minnətdarlıq hissi ilə yaşayacaqlar. Əbədi-əzəli torpaqlarına qayıdacaq keçmiş köçkünlər rayonun yenidən qurulması və bərpası prosesində də fəal iştirak edəcəklər. Erməni işğalçılarının  uçurub dağıtdıqları, yerlə yeksan etdikləri Zəngilan əvvəlki görkəmindən də gözəl olacaq.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Bakı-Zəngilan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!