Deputatlar güc strukturlarına qarşı çıxırlar
Ermənistanda sosial problemlər tükənmir. İşsizliyin və səfalətin gətirdiyi çətinliklər səbəbindən intihar edənlərin sayı da artıb. Hər il ölkədə 200-dən çox insan ağır həyat şəraiti səbəbindən özünə qəsd edir. Bu, ölkənin təxminən bir kəndinin əhalisi qədərdir.
Erməni sosioloqlar ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, bu ilin 10 ayı ərzində onsuz da əhalisi az olan ölkədə 100-dən çox intihar hadisəsi baş verib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. İntiharların kökündə dayanan yeganə səbəb isə yoxsulluq, sosial sahədə yaranan problemlərdir.
Ancaq hakimiyyəti sosial problemlər maraqlandırmır. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətə Rusiyayönlü qüvvə və ya fiqurun gələcəyindən ehtiyat edərək, hələ də Qərbdən dəstək almağa çalışır. Amma hakim Vətəndaş Müqaviləsi Partiyasında N.Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var və bu da təşkilatda parçalanmaya yol açır.
"4rd.am" nəşri yazıb ki, partiyadaxili cəbhələşmə, bir-birinə qarşı kompromat toplama əməliyyatları getdikcə şiddətlənir. Bu günlərdə parlamentdə İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və deputat Ovik Ağazaryan arasında baş verən mübahisə də vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir. Qarşıdurmanı başladan tərəf hakim partiyanın nüfuzlu üzvü Andranik Koçaryandır. Ovik Ağazaryanı özündən çıxaran məsələ isə hüquq-mühafizə orqanları ilə partiyadaşları arasında bir müddətdir davam edən gizli savaşdır. Məlumdur ki, Ovikin oğlu qeyri-qanuni işlərlə məşğuldur və artıq polisin diqqətini cəlb edir. Dövlət büdcəsi hesabına avtomobil idxalı ilə məşğul olub cibini dolduran Ağazaryanın xeyli adamı aldatdığı da üzə çıxıb.
O da iddia edilir ki, baş nazir N.Paşinyanın parlament tərəfindən dəstəklənməyəcəyi təqdirdə, dövlət çevrilişini planlayan şəxslərdən biri də məhz Andranik Koçaryandır.
Qeyd olunub ki, baş nazir Nikol Paşinyan da komanda daxilində gərginlik və qarşıdurmadan xəbərdardır. Amma proseslərə ya təsir edə bilmir, ya da təsir etmək niyyətində deyil. Belə bir dilemma da var ki, əgər Paşinyan rüşvət və korrupsiyaya bulaşmış deputatları açıq-aşkar müdafiə etsə, hüquq-mühafizə orqanları içindəki dayaqları sarsılacaq. Yox, əgər baş nazir qeyri-qanuni əmrlərini yerinə yetirən təhlükəsizlik qüvvələrini qorumağa çalışsa, bu zaman parlamentdəki oliqarxlar bundan narazı qala bilərlər. Bu səbəbdən də hələlik proseslərə müdaxilə etmir.
Son dövrlər partiyadaxili iclaslarda fraksiya üzvlərinin 99 faizi güc strukturlarının fəaliyyətindən kəskin narazılıqlarını bildirir, hətta bəziləri təhqiramiz ifadələr işlədirlər, lakin həmin şikayətçilər parlamentdə aparılan dinləmələrdə iştirak etməyiblər. Çünki korrupsiya və rüşvətə bulaşmış deputatlar dinləmələrdə iştirak edib, hüquq-mühafizə orqanlarının qəzəb oxuna tuş gəlmək niyyətində deyillər. Əslində, bu dinləmələr də sübut etdi ki, artıq hakim partiyada birlik yoxdur.
İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Bu isə o deməkdir ki, İrəvanı qarşıdakı dövr ərzində hələ də ağır günlər gözləyir.
Elçin CƏFƏROV,
"Azərbaycan"