09 Oktyabr 2024 08:00
248
PARLAMENT
A- A+
Milli Məclisdən ABŞ-yə etiraz

Milli Məclisdən ABŞ-yə etiraz


Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, Milli Məclisin deputatları ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin Dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər.


Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir


Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib və biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik: "Azərbaycanın etibarlı tərəfdaş  kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a evsahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır".

Milli Məclisin Sədrinin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir.

Spiker çıxışının sonunda Prezident İlham Əliyevin "Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik" kəlamını xatırladıb. 

Sonra iclasda cari məsələlər müzakirə olunub. Müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, deputatlar Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Razi Nurullayev, Azər Badamov, Vüqar Bayramov, Vüqar İskəndərov, Tural Gəncəliyev, Elman Nəsirov çıxış edərək, gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini açıqlayıblar. 

Milli Məclisin üzvləri ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibinə göndərdiyi müraciətə münasibət bildiriblər. Deputatlar insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən bu müraciətin heç bir əsası olmadığını, böhtanla dolu, dialoq ruhuna zidd fikirlərin qəbuledilməzliyini diqqətə çatdırıblar.

Bildirilib ki, parlamentin bir qrup üzvünün ABŞ Konqresi üzvlərinin Azərbaycana qarşı sanksiya tətbiq etməklə əlaqədar müraciətə və çağırışlara cavab məktubu bütövlükdə Milli Məclisin və Azərbaycan xalqının iradəsi və cavabı kimi qiymətləndirilməlidir. Bu gün qüdrətli orduya, güclü iqtisadiyyata malik olan qalib Azərbaycanı hər hansı sanksiya ilə öz yolundan döndərmək mümkün deyil.Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyəti bütün dövlətlərlə sülh, əmin-amanlıq, təhlükəsizlik, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməkdən ibarətdir.


Məhkəmələrin fəaliyyətinin səmərəliliyinin təmin olunması diqqət mərkəzindədir


Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Qeyd edilib ki, ilk 7 məsələ ölkə Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı qərar layihələridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib. 

Bildirilib ki, təqdimata əsasən, namizədlərdən 5 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, həmçinin 7 nəfərin Bakı, 4 nəfərin Gəncə, 3 nəfərin Sumqayıt, 2 nəfərin Şəki, 3 nəfərin Şirvan Apellyasiya məhkəmələrinin hakimləri təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 2 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.

Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov çıxış edərək Prezident İlham Əliyevə məhkəmə hakimiyyətinin müstəqilliyinin və məhkəmələrin fəaliyyətinin səmərəliliyinin təmin olunması məqsədi ilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, eyni zamanda məhkəmə hakimiyyəti ilə səmərəli əməkdaşlıq əlaqələri quran Milli Məclisə təşəkkür edib.

Spiker Sahibə Qafarova yeni təyin olunan hakimləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə konstitusiya qanunu (II səsvermə) barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi həmin konstitusiya qanunları ilə yeni qəbul edilmiş "Media haqqında" qanun arasında mövcud olan terminoloji ziddiyyətin aradan qaldırılmasıdır. Qeyd olunub ki, sənəddə adıçəkilən qanunların müvafiq maddələrində "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə əvəz olunur.

Konstitusiya qanununun layihəsi II səsvermədə qəbul edilib.

Daha sonra iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmidoqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün ondoqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş"in təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi"in təsdiq edilməsi barədə və "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"də dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri təsdiq olunub. 


Bəzi qanunlara uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklər edilir


Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını və bu qanun layihələrinin "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, heyvan, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə məsuliyyət tədbiri (cərimə) tətbiq edilməklə yanaşı, eyni zamanda həmin hallara görə təbiətə dəymiş ziyan da müəyyən edilərək ödənilir. Bu məqsədlə adıçəkilən qanunlarda istifadə olunan bir sıra termin və ifadələrin dəqiqləşdirilməsi həyata keçirilir. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Nəzərə çatdırılıb ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 5 dekabr 2023-cü il tarixli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklə avtomobil nəqliyyatı vasitələrilə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin əldə edilən gəlirin məbləğindən asılı olmayaraq vergi öhdəliyinin sadələşdirilmiş qaydada yerinə yetirməsi ləğv edilmişdir. Artıq 1 yanvar 2024-cü il tarixdən etibarən "Fərqlənmə nişanı" yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən verginin ödənilməsini təsdiq edən sənəd hesab edilmir. Həmçinin "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara edilmiş dəyişiklikdən sonra  yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün "Fərqlənmə nişanı" sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılmışdır.

Bildirilib ki, qeyd olunanlarla əlaqədar təqdim edilmiş layihədə uyğunlaşma çərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 58.2-ci maddəsindən "Fərqlənmə nişanı"nın alınmamasına görə maliyyə sanksiyasının tətbiq edildiyi subyektlərin dairəsindən "yükdaşıma fəaliyyəti" çıxarılır. Məcəllənin 221.4.7-ci maddəsindən yükdaşıma ilə bağlı müddəalar çıxarılır. 

Vergi Məcəlləsinə bundan əvvəl istinad olunan dəyişikliyə müvafiq olaraq, "Sosial sığorta haqqında" Qanuna uyğunlaşma çərçivəsində dəyişikliklər edilir. Belə ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin sosial sığorta haqqı üzrə yükü olduğu kimi saxlanılmaqla qanuna yeni 14.5.7-ci maddə əlavə edilir, həmçinin bu şəxslərin digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən məcburi dövlət sosial sığorta haqqı dərəcəsinin fərqləndirilməsi üçün qanunun 14.5.1-ci maddəsinə istisna verilir və bununla bağlı digər dəqiqləşdirici düzəlişlər edilir. Habelə "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 8 may 2020-ci il tarixli qanunun keçid müddəasına əsasən, qanunun müvafiq maddələrinin 2026-cı il yanvarın 1-dək qüvvədə olması təsbit olunur.

"Tibbi sığorta haqqında"  Qanunun qüvvədə olan 15-11.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödənilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə müvafiq olaraq uyğunlaşma çərçivəsində Qanunun 15-11.4-cü maddəsindən hər iki halda  "və yük" sözləri çıxarılır. Bununla da, ölkə ərazisində fərdi qaydada  avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər digər sahibkarlıq subyektləri kimi icbari tibbi sığorta haqlarını hər ay üçün hesablayıb, bəyannamə təqdim etməklə ödəyəcəklər.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı layihə barədə bu komitələrin müsbət rəy verdiyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Elektrik mühərrikli avtomobillər üçün enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti uzadılır


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəddə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin (hazırda bu müddət 2025-ci il yanvarın 1-dək olan dövrü əhatə edir) uzadılması nəzərdə tutulur. Bununla da qeyd edilən enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarin 1-dən etibarən daha iki il qüvvədə olacaqdır. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra spiker Sahibə Qafarova gündəliyin iyirminci məsələsi olan "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini müzakirəyə təqdim edib. Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.  Komitə sədri qeyd edib ki, "Qida təhlükəsizliyi haqqında" qanunun icrası ilə əlaqədar layihədə "Hərbi qulluqçuların statusu haqqında", "Müdafiə haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlarda, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri və Daxili xidmət nizamnamələrində uyğunlaşdırma xarakterli dəyişikliklərdə əsasən mətn boyu "ərzaq" ifadəsinin "qida məhsulu" ifadəsi ilə əvəzlənməsi təklif olunub. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ olan "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Kitabxana işi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Poçt haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.

Deputat bildirib ki,  2022-ci ildə qanunvericiliyə dəyişikliklər edilərək  əlilliyi olan şəxslərə münasibətdə "kar", "kor" kimi təhqiramiz səslənən uyğunsuz söz və ifadələr mənfi təsəvvürlər yaratmayan analoqlarla əvəz olunub. Müzakirəyə təqdim olunan layihə də eyni məqsədə xidmət edir. Belə ki, sənəddə "kor", "zəif görən" və "zəif eşidən" kimi terminləri "görmə qabiliyyəti tam məhdud olan", "görmə qabiliyyəti qismən məhdud olan" və "eşitmə qabiliyyəti qismən məhdud olan" terminləri ilə ifadə olunub.

Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdikləri komitələrin layihə ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar. 

Layihə səsə qoyularaq qəbul edilib. 

Sonra spiker gündəliyin iyirmi ikinci məsələsi olan Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Belə ki, sənədə əsasən, müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi daha da asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur, icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir. 

Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq,  "Dövlət rüsumu haqqında" Qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədlə bağlı komitənin müsbət rəyini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 


Antikorrupsiya qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılır


Növbəti məsələni - "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.  Qeyd edib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi antikorrupsiya qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətində səmərəliliyin artırılmasıdır. Bu məqsədlə iki istiqamətdə  dəyişikliklər təklif edilir.

Birinci istiqamət Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilmə meyarlarını, onların fəaliyyəti və səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi prosedurlarını tənzimləyən müddəaları əhatə edir.

İkinci istiqamət komissiyanın funksionallığının artırılmasına yönəlib. Hal-hazırda dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə tədbirləri vahid çərçivə sənədləri əsasında həyata keçirilir və bu model indiyədək uğurla tətbiq edilib. Lakin təcrübə göstərir ki, müxtəlif dövlət qurumlarındakı korrupsiya riskləri fərqli olur. Buna əsaslanaraq təklif edilir ki, komissiya hər bir dövlət qurumunda aparılmış korrupsiya risklərini təhlil etsin və nəticələr əsasında müvafiq tövsiyələr versin.

Deputat qeyd edib ki,  bu günə qədər komissiyanın yanında müxtəlif sahələr üzrə işçi qruplar olub və bu yanaşma komissiyanın fəaliyyəti kontekstində kifayət qədər səmərəli mexanizm hesab olunur. İndi isə təklif edilir ki, bu cür işçi qrupların yaradılması Əsasnamədə təsbit olunsun. Vurğulanıb ki, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizənin daha effektiv həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədini daşıyır.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə ilə bağlı komitənin müsbət rəyini diqqətə çatdırıb. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan "Turizm haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Komitə sədri qeyd edib ki, turizmin cəlbediciliyini və səmərəliliyini artırmaq üçün görülən kompleks tədbirlər sırasında turizm və rekreasiya zonalarında insanların istirahətinə və sağlamlığının bərpasına mənfi təsir göstərən antropogen amillərin minimuma endirilməsi və aradan qaldırılması mühüm yer tutur. Layihə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədar hazırlanıb. 

Mədəniyyət komitəsinin  sədri Polad Bülbüloğlu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitələrinin layihə ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub. 


Qanunvericiliyə "ekosid" anlayışı gətirilir


Gündəliyin növbəti məsələsi olan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan sənədin tarixi əhəmiyyətini qeyd edib. O bildirib ki, sənəd beynəlxalq cinayətlər kateqoriyasına təcavüz, soyqırımı, müharibə cinayətləri kimi insanlıq əleyhinə cinayətlərlə yanaşı, yeni - ekosid cinayətinin daxil edilməsini nəzərdə tutur. O, BMT-nin COP29 tədbirinin Bakıda keçirilməsi ərəfəsində belə bir addımın atılmasını ölkəmizin ətraf mühiti bəşəri dəyər kimi qorumasının əyani təzahürü kimi dəyərləndirib. 

Nizami Səfərov qeyd edib ki, işğalçı Ermənistan özünün də qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq 30 ilə yaxın müddətdə Azərbaycanın ekoloji sisteminə uzunmüddətli və bir çox halda bərpaolunmaz ziyan vurmuş, ətraf mühiti planlı şəkildə qəsdən məhv etmişdir. Ermənistan indi də transsərhəd suları davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirməklə ölkəmizə qarşı bu əməllərini davam etdirməkdədir.

Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın ekoloji sisteminə qarşı ekosid cinayətinin törədilməsi probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək bildirmişdir ki, bu əməl digər beynəlxalq cinayətlərlə yanaşı, Ermənistanın dövlət olaraq beynəlxalq məsuliyyətini, ayrı-ayrı şəxslərinin cinayət məsuliyyətini şərtləndirir.

Ekosid cinayətinin kriminallaşdırılması ilə bağlı beynəlxalq təcrübəyə toxunan Nizami Səfərov daxili qanunvericiliyimizə "ekosid" anlayışının gətirilməsinin vacibliyini diqqətə çatdırıb. Təklif olunan dəyişiklik "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Layihə birinci oxunuşda qəbul olunub. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.  Diqqətə çatdırıb ki, qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur.

Sənədin müzakirəsində komitə sədri Zahid Orucun və deputat Sahib Alıyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisdə qəbul edilib və bu gün ikinci oxunuşda təqdim olunur. 

Bildirilib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Sənəddə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər  bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə  yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi  məqsədi ilə hazırlanıb. Ümumilikdə, hər iki qanunun 37 maddəsində dəyişiklik nəzərdə tutulub. Belə ki, sənəddə epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimi olduqda bələdiyyə iclaslarının onlayn formatda keçirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Digər məsələ - bələdiyyələrə keçirilən seçkilərdən sonra ilk bələdiyyə iclaslarına ən yaşlı bələdiyyə üzvünün sədrlik etməsidir. Bununla yanaşı, hesabatların onlayn qaydada təqdim olunması, bələdiyyə qərarlarının onların öz saytında yerləşdirilməsi, araşdırmaların aparılması ilə bağlı müddətlərə dair məsələlər də nəzərdə tutulur. Bildirilib ki, bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Sədri gündəliyin sonuncu - 28-ci məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərar layihəsi olduğunu deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında bu gün parlamentdə 102 işçi qrupunun rəhbərinin seçiləcəyini söyləyib. Bunun parlamentin beynəlxalq münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsinin göstəricisi olduğunu deyib. O, bu sahədə VI çağırış Milli Məclisin fəaliyyətini təqdirəlayiq hesab edib. 

Deputat Aydın Mirzəzadə məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!