28 Oktyabr 2026 08:05
192
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


28 oktyabr


İlham ƏLİYEV: "İşğalçılara döyüş meydanında layiqli cavab veriləcək"


Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində döyüşlər davam edib


Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.


İrəvanda hərbi müqaviləlilər və polislər döyüşməkdən imtina ediblər


Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edib. 

İşğalçı dövlətdə döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina ediblər.


Bərdəyə kasetli raket atılıb, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb


Ermənistan silahlı qüvvələrinin bölmələri gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutublar.

Həmçinin səhər saat 07:30, günorta 14:40 radələrində Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutublar.

Bərdə ərazisinin "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.  

Bununla da erməni silahlı birləşmələri tərəfindən 27-28 oktyabrda Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan zərbə endirilməsi nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.


İlham ƏLİYEV: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"


Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində paylaşım edib: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".


Düşmən Qubadlıda silahını, texnikasını ataraq qaçıb


Ermənistan ordusu Qubadlı istiqamətində gedən döyüşlər zamanı silah və texnikasını ataraq qaçıb. Azərbaycan Müdafiə Nazirliyi düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların fotosunu və videogörüntüsünü yayıb.


Azərbaycan Prezidenti xalqa daha bir müjdəli xəbər verib


Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində xalqa müjdəli xəbər verib: "Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir".

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Düşmən uydurma xəbərlər yayıb


Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışıb.


Birinci vitse-prezident Mehriban ƏLİYEVA: "Erməni qəddarlığının həddi yoxdur"


Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilib: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir.

Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər bir hücumu Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir.

Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik.

Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!

Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!"


Prezident İlham ƏLİYEV: "Ordumuz döyüş meydanında üstünlüyünü sübut etdi"


Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" Agentliyinə müsahibə verib. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından danışan dövlət başçısı deyib ki, ordumuz döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi.

Prezident bir daha əməliyyatların dayandırılması məsələsinə toxunub: "Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq".


Düşmən bütün istiqamətlərdəki döyüş meydanından qaçıb


Gün ərzində mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən döyüş meydanından qaçıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın ediblər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında

01:27
28 Oktyabr

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədinin təsdiq edilməsi haqqında

01:26
28 Oktyabr

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:25
28 Oktyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
28 Oktyabr

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarının təsdiq edilməsi haqqında

01:22
28 Oktyabr

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında

01:20
28 Oktyabr

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır  

21:12
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!