28 Oktyabr 2026 08:20
260
Mədəniyyət
A- A+
Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 


"Bəzi jurnalistlər sözün qədrini bilmirlər. Yerli-yersiz hara gəldi səpələyirlər. Xahiş edirəm mənim haqqımda dəbdəbəli sözlər, cümlələr işlətməyəsiniz" deyirdi o.  "Azərbaycan dekorativ və tətbiqi sənəti sahəsində ən çox nə ilə fəxr edirsiniz?" sualına isə "Hələlik Azərbaycan xalçası və xalq tətbiqi sənətinin dövlət muzeyi ilə" deyə cavab verirdi. 

Söhbət Azərbaycan xalça sənətinin mahir bilicisi, xalça sənətimizin ensiklopedist alimi, dünyaşöhrətli xalçaçı rəssam, sənətşünas alim, ekspert Lətif Hüseyn oğlu Kərimovdan gedir. O şəxsiyyətdən ki, Azərbaycanın qədim şəhəri olan Şuşada anadan olmuşdu. Rəssam özü haqqında deyirdi: "Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı idi. Onun toxuduğu "Ləmpə", "Dəryanur", "Saxsıda güllər" çox adlı-sanlı olub. Mən o xalçaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfasının çörək ağacı sayılırdı". 

O, 1911-ci ildə ailəsi ilə İranın Məşhəd şəhərinə köçmüş, orada xalçaçı Mirzə Ələkbər Hüseynzadədən bu sənətin sirlərinə yiyələnmişdi. 1929-cu ildə Bakıya dönən Lətif Kərimov 1930-cu ildən "Azərxalça" İstehsalat Birliyinin bədii-texniki rəhbəri olmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri və başçılığı ilə  "Əfşan" (1931, 1957), "Qonaqkənd" (1939), "Ləçəkturunc" (1952, 1982), "Şuşa" (1953), "Göy-göl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1967, 1977), "Ağaclı" (1974) "Şəbu-hicran" (1975), "Heyvanlar aləmində" (1976), "Zərxara" (1977), "Xətai" (1981), "Əsrlərin nəğməsi " (1985) "Əcəmi" (1985), "Mehrabi Əcəmi" (1987) ornamental xalçaları, "Firdovsi" (1934), Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri əsasında toxunmuş 5 məşhur xalça (1940-1941, Xalq rəssamları Qəzənfər Xalıqov, Nadir Axundov və Məmmədəli Şirinovla birlikdə), "Səməd Vurğun" (1956), "Avtoportret" (1956), "Nəriman Nərimanov" (1959), "Molla Pənah Vaqif" (1967), "Məhəmməd Füzuli" (1972), "İmadəddin Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Memar Əcəmi" (1976) və başqa süjetli xalçalar toxunmuşdur. L.Kərimov həmçinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada yerləşən Azərbaycan pavilyonunun portalları, tağları və interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi idi.

Sənətşünas alim incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyə paralel olaraq inkişaf edib. O, Şərq mədəniyyətinin, islam sənətkarlığının ən incə mətləblərindən xəbərdar idi, Şərq ornament simvolikasını, fəlsəfəsini elmi əsaslarla araşdırıb, fundamental elmi əhəmiyyətə malik monoqrafiyalar nəşr etdirib. Onun 3 cildlik "Azərbaycan xalçası" adlı kitabı, xüsusən də birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmışdı və dünya sənət biliciləri arasında yüksək rəğbət qazanmışdı. L.Kərimova Avropa, Amerika, Şərq ölkələrindən  məşhur xalçaşünas alimlər və ekpertlər çoxsaylı məktublar göndərmiş, haqqında qiymətli fikirlər söyləmişlər. L.Kərimovun xalq sənətimizdən qaynaqlanan dərin bilik və bədii zəkası nəticəsində toxunmuş yeni xalçalar özünün kompozisiya quruluşu, rəng həlli, bədii estetik əhəmiyyəti və texniki işlənilmə xüsusiyyətlərinə görə XX əsr Azərbaycan incəsənətinin ən qiymətli xəzinəsi hesab olunur. Onun təşəbbüsü və səyi sayəsində Bakıda Xalça Muzeyi yaradılmış, həmçinin xalça simpoziumu təşkil olunmuş, dünya xalçaşünas alimləri simpoziumda iştirak etmişdir. Xalçaçı rəssamın Moskva (1954), London (1986),  Bakı (1987) və başqa şəhərlərdə fərdi sərgiləri keçirilmişdir. 

L.Kərimov 1950-ci ildə xalça sənətimizlə bağlı apardığı fundamental elmi tədqiqat və araşdırmalarına görə sənətşünaslıq namizədi  elmi dərəcəsi almışdır. Onun əhatəli elmi və bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, SSRİ Dövlət mükafatı laureatı (1950), Əməkdar incəsənət xadimi (1955), Xalq rəssamı (1960), "Xalqlar Dostluğu" ordeni (1986) kimi yüksək fəxri ad, mükafat və ordenlərə layiq görülmüşdür. Müstəqillik illərində Prezident İlham Əliyevin sərəncamı ilə xalçaçı rəssam, sənətşünas alimin 100 illik yubileyi qeyd olunmuşdur. 

L.Kərimov 1983-cü ildə "Kommunist" qəzetində dərc olunmuş məqaləsində yazırdı: "Uzun illərdən bəri görmək arzusunda olduğum məşhur "Şeyx Səfi" xalçasının qarşısında dayanıb gözümü ondan çəkə bilmirdim. XVI əsrdə Təbrizdə toxunmuş bu nadir xalının hər bir xırda detalını, ilməsini gözdən keçirdikcə, onu yaradan vurtioz rəssamın ustalığı, bu bədii əsərin toxucularının məharəti qarşısında öz heyrətimi və sevincimi gizlədə bilmirdim. Təbriz rəssamlarının bu ölməz işini davam etdirmək üçün həmin rəssamların xatirələrinə yeni bir Şeyx Səfi xalçası yaratmağı qərara aldım". Bu sətirləri nəzərdən keçirərkən rəssamın xalqına, millətinə necə bağlı sənət xadimi olduğunu bir daha duymaq olur. 

Lətif Kərimovun həyatı və yaradıcılığı haqqında tanınmış sənətşünaslar, rəssamlar, eyni zamanda dünyanın tanınmış sənət adamları yüksək fikirlər söyləyiblər. Ona həsr olunmuş yüzlərlə məqalələr yazılıb, bədii və elmi yaradıcılıq fəaliyyətinə dair kitab və monoqrafiyalar nəşr edilib. Sənətşünaslıq doktoru, professor Kübra Əliyeva "Qobustan" jurnalında müəllimi L.Kərimovla bağlı məqaləsində yazmışdır: "Azərbaycan rəssamı Əzim Əzimzadə ona "ornamentin allahı deyirdi". Akademik Ə.Salamzadə Lətif müəllimi özünün məsləhətçisi sayırdı. Alim, memar L.Bretanski onu "gəzən ensiklopediya" adlandırmışdı". 

"Xalçaçılıq elmində o, nadir istedaddır. Rəssam, xalça ustası keçmişdə də olmuş, indi də az deyil, lakin bu sənətin tarixini, elmi-nəzəri rəssamlıq və texniki ifaçılıq cəhətlərini özündə birləşdirən, indiyə qədər bağlı qalan "düyünlərin" sirlərini açan alim, sənətkar isə yəqin ki, olmamış, yoxdur və olmayacaq",  - deyə AMEA-nın müxbir üzvü, sənəşünas alim Kərim Kərimov fikirlərini belə qeyd etmişdir.

SSRİ EA-nın müxbir üzvü, sənətşünaslıq doktoru B.V.Veymarn "...ölkəmizdə hələ də sənətin müxtəlif sahələrində Lətif Kərimov kimi hərtərəfli istedada malik bir sənətkar yetişməyib... L.Kərimov zəngin xalq yaradıcılığından bəhrələnən novator rəssamdır", - deyə yazırdı.

Tanınmış İngiltərə sənətşünası Levi Kepati isə fikirlərini belə bildirmişdir: "Hər bir xalçanız öz-özlüyündə bir incəsənət əsəri, onların ornamentləri isə nadir və zəngindir. Doğrudan da, bu xalçalar dahiyanə sənət əsəridir".  

"L.Kərimov ornamentin ənənəvi formalarının mahir ustası olmaqla bərabər, dərin müasirlik hissinə də malikdir. Bu da onun yaradıcılığında ən qiymətli cəhətdir", - deyə SSRİ Rəssamlıq Akademiyasının baş elmi işçisi, sənətşünaslıq elmləri namizədi S.Temer vurğulamışdır.

Xalq rəssamları Mikayıl Abdullayev və Böyükağa Mirzəzadə isə L.Kərimovun yaddaqalan portretlərini yaratmışlar. 

Sənətşünas alim Kübra Əliyeva müəllimi L.Kərimovun anasının 160, bacısının 116 il yaşadıqlarını qeyd edərək yazır: "O inanırdı ki, azı 100 il yaşayacaq. Bəlkə də xalqımızın başına gələn bu bəlalar olmasaydı, o yaşayardı. Vəfatına bir ay qalana qədər yazan, yaradan bu sənətkarın ölümünə səbəb həmin 19-20 Qara Yanvar gecələri oldu. O gecə İnşaatçılar prospektindəki eyvanından Bakıya yağan gülləbarana, insan qırğınına baxan sənətkar mənən məhv oldu".

Bu il xalçaçı rəssam və alimin anadan olmasından 120, vəfatından isə 35 il ötür. Ömrünü Azərbaycan incəsənətinə, xalçaçılıq sənətimizin çiçəklənməsinə sərf etmiş, daim sənət xəzinəmizi yeni-yeni incilərlə zənginləşdirmiş L.Kərimov özünün bədii və elmi yaradıcılıq fəaliyyəti ilə incəsənət tariximizdə əbədi qalacaq. 


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər  

09:44
28 Oktyabr

Azərbaycan nefti 122 dollara satılır

09:43
28 Oktyabr

Müasir dünyanın geosiyasi reallıqları və “Bakı prosesi”nin yeni fazası  

09:39
28 Oktyabr

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

07:45
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!