Azərbaycan müstəqil siyasəti, səmimi tərəfdaşlığı ilə fərqli qütblərin etibarlı dialoq məkanına çevrilib
Beynəlxalq münasibətlərdə son onilliklərdə özünü göstərən ən böyük problemlərdən biri dövlətlər arasında etibarın, inamın sarsılmasıdır. Xüsusən bu dövrdə fərqli regionlarda münaqişə ocaqlarının meydana çıxması, hərbi-siyasi qarşıdurmaların gərgin müstəviyə keçməsi mövcud vəziyyəti daha da kəskinləşdirib. Belə mürəkkəb şəraitdə dünyada etibarlı tərəfdaş kimi tanınmaq kifayət qədər çətindir.
Azərbaycan məhz belə bir şəraitdə yürütdüyü dürüst, səmimi və müstəqil xarici siyasət sayəsində bu çətinlikləri aşaraq qlobal miqyasda konstruktiv diplomatiya və əməkdaşlıq mərkəzinə çevrilməyi uğurla bacaran azsaylı ölkələrdəndir. Bu danılmaz reallıq iyulun 13-14-də Şuşada keçirilən IV Qlobal Media Forumunda xarici nümayəndələrin dilindən də səsləndirildi.
Forum çərçivəsində "Yurovich Communications" qlobal kommunikasiya şirkətinin rəhbəri Roman Yuroviç dövlətimizin başçısına maraqlı sualla müraciət etdi. Qonaq Bakının geosiyasi statusunun artmasını, onun fərqli qütblərdə dayanan ölkələr arasında etibarlı körpü rolunu oynamasını xüsusi qeyd edərək mühüm bir məqama toxundu: "Azərbaycan torpağında, onun siyasi mədəniyyətində və dövlət rəhbərliyində hansı unikal xüsusiyyətlər var ki, bir-birinə qətiyyən güvənməyən, fərqli maraqları olan bu qlobal güclər ən çətin və mürəkkəb məsələlərin həlli üçün məhz Azərbaycana etibar edirlər?"
Prezident İlham Əliyev bu suala cavab verərkən Azərbaycanın beynəlxalq diqqət mərkəzində olmasını şərtləndirən bir çox amilin mövcudluğu ilə yanaşı, ilk növbədə etimad və səmimiyyət prinsipini ön plana çəkdi. Dövlətimizin başçısı inam və etibar amilini ölkəmizin davranış xətti kimi xarakterizə etdi: "Etimadı birinci yerə qoyardım. Həm də Azərbaycanın səmimiyyətinə etimadı. Çünki qeyd etdiyiniz bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb".
Azərbaycan Prezidenti səmimiyyətlə yanaşı, tərəflər arasında dürüst vasitəçiliyi və regional gərginliyin azaldılmasında etibarlı münasibətlərin rolunu da xüsusi vurğuladı: "İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub. Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər, sadəcə, vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir".
Prezident İlham Əliyev ölkəmizin bu etibarı qazanmasında Qoşulmama Hərəkatı çərçivəsindəki sədrlik təcrübəmizi də xüsusi olaraq xatırladıb: "Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edir və onların bir çoxu bir-birini o qədər də çox sevmir, bəziləri hətta müharibə vəziyyətindədir. Amma biz seçiləndə və üç il sonra da hamısı yekdilliklə Azərbaycana səs verdi. Çünki seçiləndə, demək olar ki, biz kampaniya apardıq, özümüz barədə yaxşı şeylərdən danışdıq, amma üç il ərzində dediklərimizin hamısını etdik. Üç ildən sonra yeni sədr seçməkdə çətinliklər yarananda bizə müraciət etdilər: "Gəlin səlahiyyət müddətini uzadaq". Yenə də hamı yekdilliklə səs verdi".
Azərbaycan beynəlxalq miqyasda etimad və tərəfsiz vasitəçilik imici qazanıb. Bakı çoxdan dünya nəhənglərinin hərbi-siyasi böhran yaşadıqları dövrlərdə bir araya gəldikləri unikal dialoq platforması rolunu oynayıb. Yaxın tariximizdə baş tutan yüksək-səviyyəli tarixi görüşlər bunun əyani göstəricisidir. 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvlərinin Baş Qərargah rəisi ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri məhz Bakıda görüşərək iki böyük güc arasında hərbi gərginliyin azaldılması yollarını müzakirə etdilər. Elə həmin il sentyabrın 7-də NATO-nun Rusiya ilə birbaşa əlaqələri rəsmən dondurmasından sonra tərəflər arasında ilk birbaşa təmas da paytaxtımızda baş tutdu. Sonrakı illərdə də bənzər strateji görüşlərə məhz Azərbaycan evsahibliyi etdi.
Təkcə Rusiya və Qərb ittifaqı deyil, eyni zamanda Yaxın Şərq regionunda, eləcə də digər coğrafiyalarda bir-biri ilə ortaq dil tapa bilməyən fərqli dövlətlərin öz aralarındakı ziddiyyətli məqamların müzakirələri üçün Bakı hər zaman etibarlı dialoq məkanı hesab edilib.
Şübhəsiz, Azərbaycanın beynəlxalq arenada qazandığı böyük etimad dövlətimizin sınaqdan çıxmış strategiyasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu bütövlükdə milli maraqlara və praqmatik dövlətçilik prinsiplərinə əsaslanır. Azərbaycan heç bir kənar gücün diktəsi ilə hərəkət etmir, hər hansı hərbi-siyasi bloklaşmanın tərkib hissəsi olmaqdan uzaq durur.
Azərbaycanın xarici tərəfdaşlarla qurduğu əlaqələrdə heç bir "arxa plan" yoxdur. Səmimi dialoq hər zaman rəsmi Bakının əsas xətti olub. Ölkəmiz daim beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlı hörmətə söykənən əlaqələrə üstünlük verib. Bu strategiya rəsmi Bakıya qlobal ziddiyyətlərdə tərəfsiz, ədalətli və səmimi dövlət olmaq imkanı verir. Digər tərəfdən, BMT-dən sonra dünyanın ən böyük ikinci siyasi təşkilatı olan Qoşulmama Hərəkatında yer alan 120 müxtəlif dövlətin Azərbaycanın quruma sədrlik müddətinin uzadılması barədə yekdil qərar verməsi də ölkəmizə böyük siyasi inamın və rəğbətin bariz göstəricisi idi.
Ölkəmizin qlobal səviyyədə qazandığı nüfuz özünü konkret əməli uğurlarda da göstərir. Regional təhlükəsizlik və qlobal enerji arxitekturasının formalaşmasında Bakı hər zaman üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu səbəbdən Avropa ölkələri Azərbaycanı etibarlı və strateji enerji tərəfdaşı kimi görürlər.
Nəticə etibarilə Azərbaycan regional sabitliyin qorunmasında və qlobal gərginliklərin azaldılmasında etimad göstərilən dövlət kimi qəbul olunur. Bu da ölkəmizin gələcəkdə təhlükəsizlik və dialoq platforması kimi rolunu daha da möhkəmləndirəcəyinə zəmanət verir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"