133 mindən çox uşaq birinci sinfə qədəm qoyub
Bu gün yeni dərs ili başlayıb. Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib. Bu tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib.
Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində həyata keçirilən bu tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində ölkə üzrə ümumtəhsil məktəblərində 133 mindən çox uşaq birinci sinifdə təhsil alacaq, 89 mindən çox uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Bakı şəhəri Suraxanı rayonu Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbdə də bugün Bilik Günü bayram əhvalında qeyd olunub.
Bu təhsil ocağında 140 nəfər şagird bugün 1-ci sinfə gedib.
1987-ci ildən ibtidai sinif müəllimi işləyən İradə İsmayılova həmin məktəbin 1a sinfinin rəhbəridir. Bu il artıq 10-cu sinfini qəbul edən İradə xanım bizimlə maraqlı təəssüratlarını bölüşdü. O, qeyd etdi ki, məktəbə ilk qədəmlərini qoyan bu balaların uğurlu gələcəyini, eləcə də yurdumuza layiqli vətəndaş olmalarını təmin etmək üçün ən vacib məqam onlarla daha çox ünsiyyətdə olmaq, onları səbrlə dinləmək, fikirlərinə hörmətlə yanaşmaq, həmçinin mûəllim-valideyn münasibətlərini sıx qurmaq vacibdir. İbtidai sinif insan həyatında mühüm mərhələdir. Məhz buna görə də bu dövrü həm müəllim, həm də valideyn səbrlə, təmkinlə başa vurmalıdır. Əks halda istədiyimiz nəticənin əldə edilməsinin mümkün olmadığını vurğalayan İradə xanım müəllim olaraq bugün fəxr etdiyi neçə-neçə şagirdinin təhsil işçisi, həkim, alim kimi həyatda özünə yer tutmasını ən böyük xoşbəxtlik kimi dəyərləndirir.
Bu uğurlarda həm müəllimin və şagirdin, həm məktəbin, əlbəttə, həm də valideynlərin payı danılmazdır. Bunlar hamısı bir-birinə çox sıx bağlıdır.
38 ildir məsuliyyətli və şərəfli peşəsini layiqincə davam etdirən İradə müəllimə deyir: “Bu çətin və şərəfli peşəni sevərək başlamışam və sevərək də davam etdirirəm. Bu yolla irəlilədikcə şahidi olmuşam ki, qarşılaşdığımız hər bir çətinliyi əzmlə, səbirlə dəf edərək uğurlara imza atırıq və zəhmətimizin bəhrəsini görürük. Beləliklə, işıqlı gələcəyimiz naminə hamımız birgə, çiyin-çiyinə, səbr və təmkinlə çalışmalıyıq”.
Qeyd edək ki, bu il ali məktəbə qəbul imtahanında 146 saylı məktəbin 11-ci sinif şagirdi Qasımova Fatimə Elxan qızı 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir. Bu uğurun qazanılmasında məktəb rəhbərliyinin və müəllim heyətinin böyük payı var.
Yeni tədris iliniz mübarək!
“Azərbaycan”