Biz xatirələrimizə güvənirik, çünki onlar təbii hiss olunur. Zamanın isə sadəcə bir istiqamətdə irəlilədiyinə inanırıq. Lakin müasir fizika bu intuisiyamızı alt-üst edə biləcək qəribə ehtimalları ortaya qoyur.
“Science Daily” portalının məlumatına görə, yeni bir elmi araşdırma göstərir ki, keçmişimiz və reallıq hissimiz tamamilə təsadüfi bir illüziya ola bilər. Bu hipotezə görə, bizim yaddaşımız, qavrayışımız və müşahidələrimiz real bir keçmişi əks etdirməyə bilər. Əksinə, bunlar kainatdakı xaotik enerji dalğalanmaları nəticəsində təsadüfən yaranmış bir “illüziya” ola bilər. Yəni, əslində heç vaxt baş verməmiş hadisələrin xatirəsi beynimizdə bir anda, sanki mövcud imiş kimi formalaşa bilər.
Fizikanın əsas qanunlarından biri olan termodinamikanın ikinci qanunu izah edir ki, kainatda nizamsızlıq zamanla artır. Bu bizə keçmiş və gələcək hissini verir. Lakin statistik fizika baxımından maraqlı bir ziddiyyət var. Belə ki, xatirələrimizin real hadisələr zənciri ilə yaranmasındansa, təsadüfi bir enerji dalğalanması nəticəsində bir anda formalaşması ehtimalı daha yüksəkdir.
Alimlərin apardığı yeni araşdırma göstərir ki, fiziklər bu mövzuda bəzən “dairəvi məntiq”dən istifadə edirlər. Biz keçmişin real olduğunu sübut etmək üçün xatirələrimizə əsaslanırıq, xatirələrimizin doğruluğunu isə keçmişin real olduğu fərziyyəsi ilə əsaslandırırıq. Tədqiqatçılar bu mübahisəni tamamilə həll etməsələr də, çox mühüm bir məqamı üzə çıxarıblar. Fizika qanunları bizim xatirələrimizin 100 faiz real olduğunu sübut etmir. Bu araşdırma zamanın, nizamsızlığın və yaddaşın mahiyyəti haqqında bildiyimiz hər şeyə yenidən baxmağa məcbur edir. Bəlkə də keçmişimiz dediyimiz şey, kainatın sonsuz xaosunda bir anlıq parlayan təsadüfi bir parıltıdır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”