Əvvəllər bu tədbir yalnız qrant alanlara və çətin vəziyyətdə olan tələbələrə şamil edilirdi, lakin bazar ertəsi – mayın 4-ündən etibarən ali təhsil müəssisələrində təhsil alanlara da şamil edilib. 2026-cı il büdcəsində aşağı gəlirli tələbələrə kömək etmək üçün təxminən 50 milyon avro ayrılıb.
Bu bazar ertəsindən, 4 may tarixindən etibarən, gəlirlərindən asılı olmayaraq, bütün tələbələr Fransadakı universitet kafeteriyalarında 1 avroya yemək yeyə biləcəklər.
Əvvəllər təqaüd alan və ya çətin vəziyyətdə olan tələbələr üçün ayrılmış bu sxemin genişləndirilməsi, Baş nazir Sebastyan Lekornu tərəfindən yanvar ayında elan edilən alıcılıq qabiliyyətini dəstəkləməyə yönəlmiş bir sıra islahatların tərkib hissəsidir.
Qeyd edək ki, tələbə təşkilatları tərəfindən uzun müddətdir belə bir qərarın qəbul edilməsi tələb olunurdu.
Hökumət elan edib ki, hər kəs üçün 1 avroluq yemək "bütün Crous restoranlarında və mümkün olduqda digər iaşə məntəqələrində (kafeteriyalar və s.)" tətbiq olunacaq.
1 avroluq yemək artıq tələbə kartı və ya peşəkar tələbə kartı sahiblərinin hamısı ("sendviç" sistemində təhsil alan təcrübəçilər və tələbələr), doktorantlar və dövlət qulluğu işçiləri üçün əlçatandır. Statuslarını sübut etmək üçün onların Crous tərəfindən idarə olunan ödəniş sistemi olan aktiv Izly hesabı olmalıdır.
Crous rəhbərliyinin bildirdiyinə görə, 1 avroluq yemək "əsas yeməkdən və maksimum iki əlavə yeməkdən (qəlyanaltı, pendir, desert, meyvə və s.)" ibarət olacaq və qeyd olunduğu kimi, "istəyən tələbələr əlavə yemək sifariş edə bilərlər, bunun dəyəri isə hər bir Crous-un direktorlar şurası tərəfindən müəyyən ediləcək".
Bu sxem hər tələbə üçün bir dəfə nahar zamanı təklif olunacaq və axşam saatlarında açıq olan universitet restoranlarında şam yeməyi üçün də mövcud olacaq.
Hökumət bu sxemin tətbiqini dəstəkləmək və tələbə yoxsulluğunun aradan qaldırılması üçün 2026-cı il büdcəsində təxminən 50 milyon avro ayırıb və Crous bu proqramdan istifadə edən tələbələrin sayında gözlənilən artımın öhdəsindən gəlmək üçün əlavə 200 işçi işə götürməyi planlaşdırır.
Rəsmi məlumatlara görə, ötən il Crous tərəfindən idarə olunan müəssisələrdə 44 milyondan çox yemək verilib ki, bu da 2024-cü illə müqayisədə cüzi artım (+1,4 faiz) deməkdir. Bu yeməklərin yarısı təqaüd alan tələbələr və aztəminatlı qruplar tərəfindən istifadə olunub.
Rizvan CƏFƏROV,
“Azərbaycan”