Parkinson xəstəliyi hələ ki, tam müalicəsi olmayan bir xəstəlik olsa da, son araşdırmalar fiziki aktivliyin bu xəstəliyin gedişatını yavaşlatmaq üçün ən təsirli vasitə olduğunu göstərir. Las-Veqas Universitetinin mütəxəssisi Meril Landersin sözlərinə görə, idman beyindəki iltihabı azaldaraq xəstəliyin kökünə təsir etmək baxımından vacibdir.
“MedicalXpress” portalının məlumatına görə, adətən 55-65 yaş arası diaqnoz qoyulan bu xəstəlik hərəkət, yuxu və idrak qabiliyyətinə təsir edir. Maraqlıdır ki, əllərdəki titrəmə və hərəkət azlığı kimi görünən əlamətlərdən daha əvvəl iybilmə qabiliyyətinin itməsi kimi ilkin simptom özünü büruzə verir. Statistikaya görə, yeni diaqnoz qoyulan insanların 96 faizində iybilmə hissi dəyişmiş olur.
M.Landers idmanı “beyin gübrəsi” adlandırır. Fiziki aktivlik zamanı beyində “BDNF” adlı xüsusi zülal artır. Bu zülal neyronların (beyin hüceyrələrinin) sağ qalmasını və böyüməsini təmin edir. Eyni zamanda, idman bədəndəki iltihab siqnallarını zəiflədir. Çünki həddindən artıq iltihab neyronların ölümünü sürətləndirir, aerobik hərəkətlər isə bu prosesin qarşısını alır.
Mütəxəssislər ürək döyüntüsünü sürətləndirən hər hansı bir aktivliyi (qaçış aparatı, velosiped, rəqs) tövsiyə edirlər. Ən ideal intensivlik zonası maksimum ürək döyüntüsünün 60-75 faizi arasıdır. Bu, elə bir səviyyədir ki, insan hərəkət edərkən tam cümlələrlə danışmaqda bir az çətinlik çəksin, amma nəfəsi də tam kəsilməsin. Bundan əlavə, boks kimi kompleks hərəkətlər tələb edən idman növləri də çox faydalıdır. Boks həm aerobik yük verir, həm də insanın balansını qorumasına kömək edir.
ABŞ-da hər il 1,1 milyon insan bu xəstəlikdən əziyyət çəkir. 60 yaşdan yuxarı insanların yalnız 1 faizində rast gəlinsə də, Parkinson ən sürətlə artan neyrodegenerativ pozuntudur. Xəstələr görünən hərəkət problemləri (titrəmə və s.) yaranana qədər artıq dopamin istehsal edən neyronlarının 70 faizini itirmiş olurlar.
Tanınmış aktyor Maykl Cey Foksun təcrübəsi də bu xəstəliyə diqqəti artırıb. O, 29 yaşında bu diaqnozu alsa da, hazırda 64 yaşında hələ də mübarizəsini davam etdirir. Mütəxəssislər bildirirlər ki, belə nümunələr və araşdırmalar gələcəkdə xəstəliyi tamamilə dayandıran müalicə üsullarının tapılmasına kömək edəcək.
Təhminə VERDİYEVA,
“Azərbaycan”