Bu günlər ölkə ictimaiyyəti Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edir. Bənzərsiz siyasi fəaliyyəti ilə növbəti inkişaf mərhələləri üçün bir örnək yaradan, öz Vətəninə bütün varlığı ilə bağlı olan Ulu Öndərin baxışlarında dövlətin və xalqın taleyi ilə bağlı bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olmuşdur. Lakin dünya miqyasında Heydər Əliyev, ilk növbədə, dövlət quruculuğu prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz onun fəaliyyəti dövründə qoyulmuşdur.
Xalq-lider birliyi və tarixi dönüş
Təbii ki, Heydər Əliyevi xatırlayarkən, ilk növbədə, onun xilaskar obrazı göz önünə gəlir. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Birinci Qarabağ müharibəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş qarşıdurmasının reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Heydər Əliyev idi. Heydər Əliyev "Əgər xalq məni istəyirsə, mən gəlməyə hazıram" söyləməklə yalnız siyasi iradəsini deyil, həm də xalqla lider arasında möhkəm bir əlaqənin olduğunu nümayiş etdirirdi.
1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının hakim partiya statusunu qazanması ölkədə sosial-siyasi sabitliyin bərpasına, iqtisadi böhranın aradan qaldırılmasına və dövlətçilik ideyalarının möhkəmlənməsinə gətirib çıxardı. Müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda müasir demokratik hüquqi dövlətin əsaslarını yaratmağa müvəffəq oldu.
Yeni Azərbaycan Partiyası: milli birlik, siyasi sabitlik və iqtisadi inkişaf
Dahi strateq Heydər Əliyev bütün bunların ideoloji təməl olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü anlayırdı və bu ideya üzərində 1992-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində həlledici rol oynayan bir siyasi təşkilat kimi formalaşdı. O dövrdə xalqın istəyi və yaxından iştirakı ilə ərsəyə gələn bu partiya qısa müddətdə ölkədə ictimai etimad qazandı və müstəqil dövlətin xilası üçün təşkilatlanmış qüvvəyə çevrilərək Azərbaycanın inkişaf strategiyasının ideoloji sütununa çevrildi. Bu gün də bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya öz siyasi kredosuna sadiq qalaraq və ümumxalq partiyası statusunu inamla qoruyaraq yeni dövrün çağırışlarına cavab verən islahatlarla ölkənin inkişafına xidmət edir.
Dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın "azərbaycançılıq" ideyası ətrafında sıx birləşərək təşkilatlanması da prioritet istiqamət kimi, ilk növbədə, məhz Heydər Əliyevin atdığı ardıcıl və məqsədyönlü addımlar sayəsində mümkün olmuşdur. Ona görə də onun "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!" ifadəsi bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik süarına çevrilərək həmrəylik himni kimi səslənir.
Neft strategiyası və beynəlxalq mövqe
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycan tənəzzüldən tərəqqiyə doğru yön aldı. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə "Əsrin müqaviləsi" ilə start götürmüş uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelinin konturlarını formalaşdırmağa nail oldu. Bu il 30 illiyini qeyd etdiyimiz ilk milli Konstitusiyamızın qəbul olunması gerçəkləşdirilməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildi. 1995-ci il Konstitusiyası Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin əsaslarının hüquqi təməlini təşkil etdi. Ölkədə hüquqi dövlət qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti və hakimiyyət bölgüsü kimi prinsiplər təsbit olundu.
Ulu Öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda prinsipial mövqe nümayiş etdirməklə keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ aldı və danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi. Heydər Əliyev üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması milli maraqların təmin edilməsinin əsas şərti idi. Onun bütün çıxışlarında və fəaliyyətində bu məsələ ilə bağlı dəyişməz prinsipial mövqe ifadə olunurdu: "Heç bir qüvvə Azərbaycanı öz torpaqlarından əl çəkməyə məcbur edə bilməz". Bu mövqe Azərbaycanın gələcək diplomatik və hərbi strategiyasının əsasına çevrildi və 2020-ci ildə Qarabağın azadlığı ilə nəticələndi.
Varislik və siyasi irsin davamlılığı
Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də siyasi varislik ənənəsini yaratmasıdır. Bu səbəbdən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəni regionda lider dövlətə çevirdi. Qarabağın işğaldan azad edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması, iqtisadi inkişaf və sosial rifahın yüksəlməsi bu irsin davamlılığının təmin edilməsinin təntənəsidir.
Yeni Azərbaycan Partiyası da bu siyasi varisliyin və Heydər Əliyev irsinin daşıyıcısı kimi daha geniş kütlələri, eləcə də ölkədəki mövcud siyasi qüvvələri və geniş vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirməklə milli və beynəlxalq miqyasda fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 22 ilin bənzərsiz uğurlu nəticələri, xüsusən ərazi bütövlüyümüzün bərpası ilə müşayiət olunan 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, Qarabağda separatizmin kökünün kəsilməsi, ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi ilə nəticələndi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyası, ölkəmizin təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə Avrasiya məkanında güclü beynəlxalq aktora çevrilməsinin danılmaz ifadəsidir.
İndi Azərbaycan xalqı və dövləti çağdaş tariximizin ən şərəfli dövrünü yaşayır. Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Bu baxımdan, Prezidentin sərəncamlarına əsasən, 20 sentyabrın Dövlət Suverenliyi Günü və 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması böyük siyasi və rəmzi mənaya malikdir. Bu addım dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsinə əhəmiyyətli töhfə olaraq müstəqil Azərbaycanın dövlətinin hüquqi və siyasi əsaslarını yenidən qiymətləndirmək üçün mühüm zəmin yaratmışdır. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi kimi fəaliyyəti daha geniş əhəmiyyət kəsb edir. Ulu Öndərin "Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür" fikri daha dərin fəlsəfi və strateji məna daşıyır.
Azərbaycan Konstitusiyası insan amili və ənənəvi dəyərlər prizmasında
Azərbaycan Konstitusiyasının müddəalarının üçdəbir hissəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub və konstitusion hüquqların əsas prioritetlərindən biri də ailə, qadın və uşaq hüquqlarıdır. Təsadüfi deyil ki, Əsas Qanunumuzda ailənin cəmiyyətin əsas özəyi kimi müəyyənləşərək dövlətin xüsusi himayəsi altında olduğu təsbit olunmuşdur.
Konstitusiyada milli və ənənəvi dəyərlərə söykənən ailə institutunun mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları müvafiq müddəalarla müəyyən edilib. Dövlətimizin əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyi təsbit edilib, qadınların kişilərlə bərabərhüquqlu olması konkret şəkildə əksini tapıb.
Yeri gəlmişkən, qeyd edək ki, hələ Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində - 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndərin müstəsna rolu həm də onunla şərtlənir ki, respublikanın ali sənədində ilk dəfə olaraq milli-mənəvi dəyərlər sistemində qadın hüquqları, ailə məsələləri öz əksini tapmışdı.
Konstitusiyamızda, müvafiq qanun və məcəllələrdə ailə, qadın və uşaq hüquqlarına xüsusi yer verilir. Bu, ictimai-siyasi həyatımızın bütün sferalarında gender bərabərliyi siyasətinin gerçəkləşməsini təmin edir, həmçinin zorakılığın, xüsusilə qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün mexanizmləri formalaşdırır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və 2006-cı ildə onun bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi məhz Konstitusiyanın bu sahədə müəyyənləşdirdiyi istiqamətlərin daha çevik və səmərəli şəkildə icrasına, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqla, Azərbaycanda insan kapitalının inkişafına özünəməxsus töhfə verir.
2016-cı ildə keçirilmiş referendum nəticəsində vitse-prezident institutunun yaradılması ilə Azərbaycanda Prezident idarəetmə üsulu möhkəmləndirilmişdir. Məhz Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçildikdən sonra Azərbaycanda qadınların cəmiyyətdə, dövlət idarəçiliyində rolu genişlənmişdir. Bu gün ölkəmizdə gender bərabərliyinin təmin olunması, hakim korpusunda, təhsil və səhiyyə sistemində qadınların üstünlük təşkil etməsi, ümumilikdə Konstitusiyamızda qadın hüquqlarının müfəssəl şəkildə qorunduğunun, onların həyatın və idarəetmənin bütün səviyyələrində təmsilçiliyinin və məsuliyyət payının artdığının daha əyani sübutudur.
Bu gün Ulu Öndər Heydər Əliyevdən miras qalmış ənənələri yeni reallıqlar şəraitində daha cəsarətlə, prinsipiallıqla davam etdirən Azərbaycan lideri İlham Əliyev ölkəmizi və xalqımızı Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla aparır.
Bahar MURADOVA,
AQUPDK-nin sədri, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru