Avropa təsisatlarının qərəzi və aşkar düşmənçiliyi bu qurumlarla əməkdaşlığı mümkünsüz edir
Azərbaycanın dəfələrlə nümayiş etdirdiyi konstruktiv mövqeyə, əsassız ittihamlara son qoyulması barədə qəti tələblərinə baxmayaraq, Avropa Parlamenti ölkəmizə qarşı sistematik hücumlarını davam etdirir. Rəsmi Bakının çağırışlarını görməzdən gələn bu qurum öz fəaliyyətini faktiki olaraq ölkəmizin milli maraqlarına qarşı məqsədyönlü təzyiq mexanizminə çevirib. Bu baxımdan, rəsmi Bakı mövcud vəziyyəti dəyərləndirərək Avropa Parlamenti ilə bütün təmasları və əməkdaşlığı dayandırmaq qərarını alıb. Milli Məclisin qərarına əsasən, Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrə son qoyulur və bu təşkilatda üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır. Prosedur dövründə parlamentin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç də Xarici İşlər Nazirliyinə çağırılıb və Aİ Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənilib. Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb. Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. Erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, "müharibə əsirləri" kimi təqdim edilən erməniəsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan uzun müddətdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə aktiv təmaslarını minimuma endirmişdi. AP-nin Azərbaycana qarşı düşmənçilik xəttini davam etdirməsi münasibətlərin rəsmi səviyyədə kəsilməsini qaçılmaz etdi. Yəni Azərbaycanın Avropa Parlamenti və AŞPA ilə münasibətlərinin rəsmi şəkildə kəsilməsi birdən-birə baş verən hadisə deyil, illərdir davam edən etimad böhranının məntiqi nəticəsidir. Azərbaycanın ərazi bütövlüyü məsələsində bu qurumların nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe, "insan hüquqları" və "demokratiya" şüarlarının ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə edilməsi tərəfdaşlığı mümkünsüz hala gətirdi.
Son zamanlar Avropa Parlamentinin Azərbaycana qarşı apardığı sistemli kampaniya tənqid hüdudlarını aşaraq, açıq düşmənçilik müstəvisinə keçdi. Xüsusilə son dövrlərdə qəbul edilən qətnamələr artıq hüquqi və siyasi çərçivələri aşaraq, birbaşa şantaj və təzyiq xarakteri aldı. Təhrif olunmuş informasiyalar üzərində qurulan bu sənədlər parlamentlərarası dialoqun ruhunu məhv etdi, tərəflər arasındakı etimad mühitini dağıtdı. Ölkəmizin suverenliyini hədəf alan, Qarabağdakı separatçı meyilləri dolayı yolla dəstəkləyən və dövlətimizin beynəlxalq imicinə qəsd edən hər bir addım bu qurumların ermənipərəstliyini sübuta yetirdi. O baxımdan, münasibətlərin rəsmi səviyyədə kəsilməsi Azərbaycanın dövlət qüruru və suveren hüquqlarının qorunması üçün atılan zəruri addım idi.
Prezident İlham Əliyev 2026-cı ilin yanvar ayında "Euronews" telekanalına verdiyi geniş müsahibədə rəsmi Bakının Avropa Parlamentinə (AP) münasibətdə tutduğu mövqeyin konseptual əsaslarını açıqlamışdı. Dövlət başçısının o zaman qeyd etdiyi fikirlər, sadəcə, narazılıq ifadəsi deyildi, AP-nin daxili mexanizmlərində kök salmış qərəzin dərin köklərinə işıq salan strateji diaqnoz idi: "Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın heç bir kənar güc mərkəzindən asılı olmayaraq öz qərarlarını verməsi və regionda yeni reallıqlar yaratması bu qurumdakı bəzi dairələr üçün "arzuolunmaz nümunə" kimi qəbul edilir. Prezident İlham Əliyev çox dəqiqliklə ifadə edib ki, Avropa Parlamenti artıq ümumbəşəri dəyərlərin keşiyində duran bir qurum yox, müəyyən qüvvələrin, lobbi dairələrinin əlində siyasi təzyiq və cəza mexanizminə çevrilmiş bir alətdir. Bu qüvvələrin əsas hədəfi Azərbaycanın regionda yaratdığı yeni reallıqları zəiflətməkdir. İkinci Qarabağ müharibəsindən sonra AP tərəfindən qəbul edilən 10-dan artıq qətnamənin məzmunu da bunu təsdiqləyir. Azərbaycanın regionda sülh, minatəmizləmə və bərpa-quruculuq işləri ilə məşğul olduğu bir vaxtda, AP-nin Ermənistandakı revanşist qüvvələri şirnikləndirən ritorika ilə çıxış etməsi sülh gündəliyinə vurulan ən böyük zərbədir. Lakin bu qurumlar unudurlar ki, Azərbaycan nə qədər böyük lobbi təzyiqləri və qərəzli qətnamələrlə üzləşsə də, öz müstəqil xəttindən və xalqın maraqlarından bir addım da geri çəkilməyəcək.
Avropa Parlamenti bu gün Avropanın özündə islamofobiyanın, korrupsiyanın və rüşvətxorluğun mərkəzi kimi xarakterizə olunur. Qurumun Aİ-nin strateji maraqlarından çox, müəyyən lobbi qruplarının əlində oyuncağa çevrilməsi faktlarla sübut olunub. "Qatargeyt - 2022", "Huavei lobbiçiliyi" və dünyaya səs salmış "Okampo hadisəsi" AP-nin mənəvi və siyasi legitimliyini sarsıdıb. Müxtəlif xarici güclərin, xüsusilə erməni lobbisinin təsir dairəsində olan deputatların ifşası qurumun beynəlxalq etimadını kəksin azaldıb. Bu təsisatın real təsir imkanlarının və qanunverici təşəbbüsünün olmaması onu siyasi bəyanatlar poliqonuna çevirib. Deputatların şəffaf olmayan maliyyə gəlirləri, onlara nəzarətin yoxluğu və nəhəng büdcə xərcləri fonunda AP qitənin problemlərini həll etmək əvəzinə, sülh gündəliyinə zərər verən və başqa dövlətlərin daxili işlərinə qarışan bir mexanizm halına gəlib.
Rüşvət və lobbiçilik bataqlığına qərq olmuş bir qurumun digər ölkələrə "insan hüquqları" və "demokratiya" dərsi keçməyə çalışması həm siyasi etikanın, həm də sadə məntiqin iflasıdır. Kənar qüvvələrin maliyyəsi ilə hərəkət edən deputatların qərarları Azərbaycan üçün heç bir hüquqi və mənəvi əhəmiyyət kəsb etmir. O baxımdan, Azərbaycan üçün belə qeyri-ciddi və korrupsiyaya bulaşmış platformada təmsil olunmaq mənasızdır. Milli Məclisin qərarı həm də beynəlxalq birliyə yönəlmiş qətiyyətli bir xəbərdarlıqdır. Azərbaycanla yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən dildə danışmaq mümkündür. Çünki Azərbaycan müstəqil siyasət yürütmək və öz milli təhlükəsizliyini qorumaq iqtidarında olan güclü, nüfuzlu bir dövlətdir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"