Süni intellekt artıq yalnız texnologiya sektoruna aid anlayış deyil. Bir neçə il əvvəl daha çox proqramlaşdırma, robototexnika və elmi tədqiqatlarla əlaqələndirilən bu texnologiya bu gün bankçılıqdan təhsilə, səhiyyədən mediaya, ticarətdən istehsala qədər müxtəlif sahələrdə iş prosesinin bir hissəsinə çevrilir. Şirkətlər süni intellektdən məlumatların təhlili, mətn və hesabatların hazırlanması, müştəri müraciətlərinin cavablandırılması, proqnozlaşdırma və gündəlik əməliyyatların avtomatlaşdırılması üçün istifadə edirlər. Bununla da əmək bazarında bir sual getdikcə daha çox aktuallaşır. Süni intellekt insanları işsiz qoyacaq, yoxsa, sadəcə, onların işləmə üsulunu dəyişəcək?
Mövcud araşdırmalar ikinci ehtimalın daha real olduğunu göstərir. Beynəlxalq Əmək Təşkilatının (ILO) hesablamalarına görə, dünyada hər dörd işçidən biri generativ süni intellektin müəyyən dərəcədə təsir göstərə biləcəyi peşədə çalışır. Lakin təşkilat vurğulayır ki, əksər hallarda söhbət peşələrin tamamilə yox olmasından deyil, onların daxilində görülən vəzifələrin dəyişməsindən gedir. Başqa sözlə, süni intellekt bir çox iş yerində insanı bütövlükdə əvəz etməkdən daha çox onun gördüyü müəyyən işləri öz üzərinə götürəcək. Dünya İqtisadi Forumunun "Future of Æobs Report 2025" hesabatına görə, texnoloji inkişaf, iqtisadi və demoqrafik dəyişikliklər, "yaşıl keçid" və digər amillərin təsiri ilə 2030-cu ilədək dünyada 170 milyon yeni iş yerinin yaranacağı, eyni zamanda 92 milyon mövcud iş yerinin sıradan çıxacağı proqnozlaşdırılır. Nəticədə qlobal miqyasda 78 milyon əlavə iş yerinin yaranması ehtimal edilir. Bu rəqəmlər göstərir ki, texnologiyanın inkişafı yalnız peşələri aradan qaldırmır, paralel olaraq yeni məşğulluq imkanları da formalaşdırır.
Dəyişiklik ilk növbədə təkrarlanan və standart qaydalar əsasında görülən işlərdə hiss olunacaq. Məlumatların sistemə daxil edilməsi, sənədlərin ilkin hazırlanması, sadə mühasibat əməliyyatları, standart müştəri sorğularının cavablandırılması, mətnlərin texniki işlənməsi və bəzi inzibati tapşırıqlar artıq süni intellekt vasitəsilə daha sürətli yerinə yetirilə bilir. ILO-nun araşdırmalarında da inzibati və kargüzarlıq peşələrinin generativ süni intellektin təsirinə ən çox məruz qalan sahələr sırasında olduğu göstərilir. Ancaq dəyişiklik yalnız sadə əməliyyatlarla məhdudlaşmır. Süni intellektin mətn, foto, səs və video hazırlamaq imkanlarının genişlənməsi media, reklam, dizayn və rəqəmsal kommunikasiya sahələrinə də təsir göstərir. Hüquq, maliyyə, təhsil və səhiyyə sahələrini nümunə götürək. Süni intellekt böyük həcmdə sənədi qısa müddətdə təhlil edə, məlumatları qruplaşdıra, ilkin hesabat hazırlaya və mümkün variantları təqdim edə bilər. Ancaq hüquqi məsuliyyət, insanlarla ünsiyyət, mürəkkəb vəziyyətlərdə qərarvermə, empatiya və etik seçim kimi məsələlərdə insan amili mühüm olaraq qalır.
Süni intellekt bəzi ənənəvi vəzifələrə tələbi azaldarkən tamamilə yeni ixtisasların inkişafını da sürətləndirir. Süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssislər, məlumat mühəndisləri, kibertəhlükəsizlik ekspertləri, süni intellekt sistemlərinin tətbiqi və idarə olunması ilə məşğul olan mütəxəssislərə ehtiyac artır. Bununla yanaşı, gələcəyin əmək bazarında hər kəsin proqramçı olması tələb edilməyəcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, işçilərin yalnız çox kiçik hissəsinə - 1 faizdən də azına süni intellekt sistemlərinin proqramlaşdırılması və modellərin hazırlanması kimi yüksəksəviyyəli ixtisaslaşmış bacarıqlar lazım olacaq. Daha geniş işçi qrupu üçün isə rəqəmsal alətlərdən istifadə etmək, məlumatları düzgün təhlil və şərh etmək, süni intellektin verdiyi nəticəni qiymətləndirmək bacarığı vacibləşəcək.
Bu dəyişiklik təhsil sisteminin qarşısında da yeni vəzifələr qoyur. Bir dəfə ixtisas əldə edib həmin biliklə onilliklər ərzində işləmək modeli tədricən zəifləyir. Əmək bazarında mövqeyini qorumaq istəyən mütəxəssis yeni texnologiyaları öyrənməli, biliklərini davamlı yeniləməli və dəyişən iş mühitinə uyğunlaşmalıdır. Buna görə gələcəkdə diplomla yanaşı, ömür boyu öyrənmək bacarığı da əmək bazarında əsas üstünlüklərdən birinə çevriləcək.
Süni intellekt dövründə insanın üstünlüyü yalnız texnologiyadan istifadə etmək bacarığı ilə ölçülməyəcək. Tənqidi düşüncə, yaradıcılıq, məsuliyyət, ünsiyyət, komanda işi, empatiya və qeyri-standart vəziyyətlərdə düzgün qərarvermə kimi xüsusiyyətlər əmək bazarında daha böyük əhəmiyyət qazanacaq. Texnologiya məlumatı saniyələr ərzində emal edə bilsə də, həmin məlumatın hansı məqsədlə və necə istifadə olunacağını müəyyənləşdirmək yenə də insanın üzərinə düşəcək. Buna görə də əsas məsələ insanların dəyişən əmək bazarının tələblərinə nə dərəcədə hazır olmasıdır. Gələcəyin əmək bazarında insan və süni intellekt qarşı-qarşıya duran iki qüvvə kimi deyil, eyni iş prosesinin bir-birini tamamlayan iştirakçıları kimi çıxış edəcək. Bu yeni reallıqda üstünlük süni intellektlə rəqabət aparanlara deyil, onun imkanlarından düzgün istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirənlərə məxsus olacaq.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"