Hacıqabul rayonunda yerləşən "Qalmaz" Yeraltı Qaz Anbarı İdarəsində müəssisənin 50 illik və "Qaradağ" yeraltı qaz anbarının 40 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, SOCAR-ın "Midstream Gas Operations" MMC-nin baş icraçı direktoru Polad Rüstəmov, SOCAR-ın "Azneft" İB-nin baş direktoru İlqar Əlizadə, SOCAR-ın "Neftqaztikinti" Trestinin müdiri Qağaməli Seyfullayev, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi Əkbər Hacıyev, eləcə də digər aidiyyəti şəxslər və müəssisənin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov "Qalmaz" yeraltı qaz anbarının 50 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, kollektivə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Rayon rəhbəri bildirib ki, "Qalmaz" yeraltı qaz anbarı Azərbaycanın qaz sənayesinin inkişafında, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və milli enerji infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət daşıyır. O, müəssisənin uzun illər ərzində təbii qaz ehtiyatlarının saxlanılması, mövsümi tələbatın tənzimlənməsi və ölkənin etibarlı qaz təchizatının təmin olunması istiqamətində mühüm vəzifələr yerinə yetirdiyini qeyd edib. Müəssisənin fəaliyyətində əməyi olan mütəxəssislərin, mühəndislərin, texniki işçilərin və fəhlələrin zəhməti yüksək qiymətləndirilərək onlara minnətdarlıq ifadə olunub.
Tədbirdə əminlik ifadə edilib ki, hər iki müəssisədə formalaşmış zəngin təcrübə və peşəkar ənənələr qarşıdakı illərdə də Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.
Çıxış edən digər iştirakçılar da "Qalmaz" yeraltı qaz anbarının 50 illik, "Qaradağ" yeraltı qaz anbarının isə 40 illik yubileyi münasibətilə kollektivə təbriklərini çatdırıblar.