25 Sentyabr 2026 08:00
211
SİYASƏT
A- A+
Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsi

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsi


Dünya yeni və mürəkkəb bir mərhələyə daxil olub. Müharibələr, regional qarşıdurmalar, terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, etimad böhranı və geosiyasi rəqabət beynəlxalq münasibətlər sisteminin qarşısında daha mürəkkəb suallar qoyur. Belə bir vaxtda təhlükəsizlik yalnız silahların gücü ilə qorunan anlayış deyil, həm də sülh yaratmaq, dövlətlər arasında etimad formalaşdırmaq, münaqişələrin həllinə siyasi iradə göstərmək və müxtəlif ölkələri ortaq təhlükələr ətrafında əməkdaşlığa gətirmək kimi gündəmə çıxır. Bu baxımdan sentyabrın 22-də Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən forumda 100-dən çox ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri, yüksəksəviyyəli nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Tədbirdə təxminən 600 yüksəksəviyyəli nümayəndənin bir araya gəlməsi Bakının təhlükəsizlik məsələləri üzrə beynəlxalq dialoq məkanı kimi formalaşan rolunun miqyasını göstərir.

Bakı Təhlükəsizlik Forumunun mövzusu da təsadüfi seçilməyib: "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması". Azərbaycanın irəli sürdüyü yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, müasir təhlükələr sərhəd tanımırsa, onlara qarşı mübarizə də ayrı-ayrı dövlətlərin səyləri ilə məhdudlaşa bilməz. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də məhz bu yanaşma ifadə olunub. Dövlətimizin başçısı bildirib ki, forum beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaratmaqla onun iştirakçı coğrafiyasının genişlənməsi  Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunu göstərir. Prezident həmçinin Azərbaycanın müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri üzrə dialoqun təşviqinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfəni yalnız Bakıda keçirilən təhlükəsizlik forumu ilə ölçmək doğru olmaz. Bu gün ölkəmizin beynəlxalq təhlükəsizlik gündəliyində görünən rolunun arxasında daha geniş bir siyasi xətt - münaqişələrin həlli, suverenlik və ərazi bütövlüyü prinsiplərinin müdafiəsi, regional əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik problemlərinə qarşı institusional əməkdaşlığın təşviqi dayanır. Azərbaycanın təhlükəsizlik sahəsində ən böyük tarixi təcrübəsi Qarabağ münaqişəsi ilə bağlıdır. Təxminən üç onillik ərzində davam edən münaqişə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin problemi deyildi, eyni zamanda Cənubi Qafqazın təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya əlaqələrinə, iqtisadi inkişafına, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə təsir edən amillərdən birinə çevrilmişdi. 

Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra qarşısında duran əsas məsələ yalnız hərbi nəticələrin möhkəmləndirilməsi deyildi. Vacib strateji məsələ regionu yeni müharibələrdən uzaqlaşdıracaq siyasi-hüquqi çərçivənin yaradılması idi. Bu baxımdan Azərbaycan tərəfindən 2022-ci ilin martında irəli sürülmüş beş əsas prinsip xüsusi əhəmiyyət daşıyırdı. Həmin prinsiplər qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, bir-birinə qarşı ərazi iddialarından imtinanı, gücdən və güc tətbiqi hədəsindən çəkinməyi, dövlət sərhədinin delimitasiya və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını, nəqliyyat və digər kommunikasiyaların açılmasını və əməkdaşlığın inkişafını nəzərdə tuturdu. Bu prinsiplər sonrakı sülh prosesinin əsas elementləri ilə üst-üstə düşdü. Prezident İlham Əliyev həmin dövrdə ölkəmiz tərəfindən irəli sürülmüş beş prinsipin sülh danışıqları üçün əsas yaratdığını bəyan etdi. Başqa sözlə, Azərbaycan hərbi qarşıdurmadan sonra siyasi gündəliyi ortaya qoydu - müharibədən sülhə keçid. Sülhün həqiqi dəyəri yalnız siyasi bəyanatlarda deyil, onun gündəlik həyatda yaratdığı dəyişikliklərdə görünür.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mühüm birgə sənəd imzalandı. Sənəddə Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, kommunikasiya əlaqələrinin inkişafı, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması, gələcəkdə revanş cəhdlərinin rədd edilməsi kimi müddəalar əksini tapdı. Bu prosesin sonrakı mərhələsi də diqqətəlayiqdir. 2026-cı il avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə sülh prosesinin praktik nəticələri sırasında Azərbaycanın Ermənistana neft məhsullarının ixracı, üçüncü ölkələrdən Ermənistana Azərbaycanın ərazisi ilə taxıl və digər yüklərin tranziti və iki ölkə arasında ticarət əlaqələrinin qurulması xüsusi qeyd edildi.

Deməli, sülh yalnız siyasi termin kimi qalmır, eyni zamanda tədricən ticarətə, tranzitə, iqtisadi əlaqələrə və qarşılıqlı maraqlara çevrilir. Bu isə təhlükəsizliyin ən mühüm formalarından biridir. 

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsini daha geniş prizmadan qiymətləndirmək lazımdır. Ölkəmizin coğrafi mövqeyi onu Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və enerji bağlantılarının üzərində yerləşdirir. Bu səbəbdən Azərbaycanın təhlükəsizliyi yalnız milli sərhədlərin qorunması məsələsi deyil, ölkəmizin təhlükəsiz və sabit olması, eyni zamanda enerji, nəqliyyat və ticarət marşrutlarının davamlılığı baxımından da əhəmiyyət daşıyır. Bu məqamda Prezident İlham Əliyevin Bakı Təhlükəsizlik Forumu ilə bağlı səsləndirdiyi bir fikir xüsusi məna kəsb edir: "Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin ünvanıdır." Bu cümlə Azərbaycanın son illərdə beynəlxalq sistemdə formalaşdırdığı yeni funksiyanı qısa şəkildə ifadə edir. Əgər əvvəllər Bakı əsasən enerji və nəqliyyat layihələrinin mühüm mərkəzi kimi tanınırdısa, indi buna təhlükəsizlik diplomatiyası da əlavə olunur.

Bakı Təhlükəsizlik Forumunun inkişafı da bu baxımdan ayrıca diqqət çəkir. Forumun məqsədi müxtəlif ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarını vahid dialoq platformasında bir araya gətirməkdir. 2026-cı ilin iyununda forumun BMT-də təqdimatı zamanı onun operativ platforması - Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) haqqında məlumat verilib. Həmin təqdimatda forumun 100-dən artıq ölkədən 150-dən çox təhlükəsizlik və kəşfiyyat qurumunu əhatə etdiyi, daimi Katibliyin yaradıldığı və onun hüquqi institusional inkişafı, gələcəkdə beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparıldığı bildirilib. Bu, sadəcə, konfrans keçirməkdən daha böyük bir prosesdir. Çünki terrorçuluqla mübarizədə ən mühüm məsələlərdən biri vaxtında məlumat əldə etmək, həmin məlumatı müvafiq tərəfdaşlarla bölüşmək və təhlükəni reallaşmadan əvvəl müəyyənləşdirməkdir. Məhz buna görə Prezident İlham Əliyevin forumdakı müraciətində vurğulanan açıq və etibarlı dialoq, qarşılıqlı etimad, məlumat və təcrübə mübadiləsi prinsipləri təhlükəsizlik siyasətinin praktiki tərəfi ilə birləşir. Beləliklə, Azərbaycanın təhlükəsizlik sahəsində töhfəsi yalnız təhlükəsizliyin təmin olunması deyil, həm də təhlükəsizliyin kollektiv şəkildə təmin olunması üçün mexanizm yaratmaq istiqamətindədir. 

Bu gün dünyanın müxtəlif bölgələrində terrorçuluq və təhlükəsizlik təhdidləri sərhədlərdən kənara çıxır. Bir ölkədə yaranan qeyri-sabitlik digər ölkələrə, hətta digər qitələrə təsir göstərə bilir. Azərbaycanın irəli sürdüyü Bakı Təhlükəsizlik Forumu modeli məhz bu reallıqdan çıxış edir: təhlükəsizlik bölünməzdir və bir dövlətin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyindən tam təcrid oluna bilməz. Azərbaycanın özünün də uzun illər terrorçuluq, separatizm və işğal kimi təhlükələrlə üzləşməsi ona təhlükəsizlik məsələlərinə yalnız nəzəri deyil, praktiki təcrübə əsasında yanaşmaq imkanı verib. İndi isə həmin təcrübə beynəlxalq əməkdaşlıq müstəvisinə çıxarılır.

Azərbaycanın son illər ortaya qoyduğu siyasətin maraqlı cəhəti ondan ibarətdir ki, sülh və təhlükəsizlik məsələləri bir-birindən ayrı təqdim edilmir. Qarabağ münaqişəsinin həlli regional təhlükəsizlik üçün yeni imkan yaradıb. Ölkəmizin Ermənistanla sülh gündəliyinin əsasında qarşılıqlı suverenlik, ərazi bütövlüyü, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması dayanır. Kommunikasiyaların açılması isə öz növbəsində iqtisadi əməkdaşlığa, tranzit imkanlarının genişlənməsinə və qarşılıqlı asılılığın yaranmasına xidmət edir. Bakı Təhlükəsizlik Forumu isə bütün bunların üzərinə daha bir ölçü əlavə edir - təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq və informasiya mübadiləsi.

Beləliklə, Azərbaycanın yanaşmasında sülh, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq bir-birindən təcrid olunmuş istiqamətlər deyil, onlar bir-birini tamamlayan və regional sabitliyi möhkəmləndirən elementlər kimi çıxış edir. IV Bakı Təhlükəsizlik Forumunun fonunda Azərbaycanın dünyaya verdiyi əsas mesajı belə ifadə etmək mümkündür: təhlükəsiz dünya yalnız güc balansı ilə deyil, dialoq, etimad, suverenliyə hörmət və dövlətlər arasında praktik əməkdaşlıqla qurula bilər. Azərbaycan öz təcrübəsində bunun müxtəlif mərhələlərini yaşayıb - əvvəlcə təhlükəsizliyinə təhdidlərlə üzləşib, sonra ərazi bütövlüyünün bərpası mərhələsindən keçib, müharibədən sonrakı sülh gündəliyini irəli sürüb, nəhayət, öz paytaxtını qlobal təhlükəsizlik dialoqunun platformalarından birinə çevirib. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək yarmarkası təşkil olunub

09:20
25 Sentyabr

"Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib

09:10
25 Sentyabr

"Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının yubileyləri qeyd edilib

09:00
25 Sentyabr

Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər

08:57
25 Sentyabr

Formula 2: Sprint yarışı start götürüb

08:55
25 Sentyabr

Pezeşkian: İran beynəlxalq hüquq çərçivəsində ABŞ ilə razılaşmaya hazırdır

08:54
25 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

08:53
25 Sentyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən yüksəksəviyyəli görüşünə yekun vurulub

08:52
25 Sentyabr

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

08:51
25 Sentyabr

Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

08:50
25 Sentyabr

Şirvanda şəhid ailələri və müharibə əlilləri ziyarət edilib

08:50
25 Sentyabr

Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər

08:49
25 Sentyabr

Tovuzda Vətən müharibəsi şəhidləri anıldı

08:40
25 Sentyabr

Lənkəran payız-qış mövsümünə hazırlaşır

08:30
25 Sentyabr

Süni intellekt əmək bazarını necə dəyişir?

08:20
25 Sentyabr

SOCAR-ın Qərbi Afrika layihəsi

08:10
25 Sentyabr

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına töhfəsi

08:00
25 Sentyabr

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb

02:48
25 Sentyabr

Ceyhun Bayramov Antiqua və Barbuda XİN başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib

02:23
25 Sentyabr

Azərbaycan XİN rəhbəri Sent-Kits və Nevisin xarici işlər naziri ilə görüşüb

02:15
25 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm bağlantı mərkəzinə çevrilib

01:49
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!