Payızın gəlməsinə baxmayaraq, havalar hələlik isti keçir. Lakin təbiətin işini bilmək olmaz və onun fəsadlarından heç kəs sığortalanmayıb. Ən yaxşı həll yolu isə küləkli, yağışlı, qarlı-şaxtalı günlərə, aylara vaxtında hazırlaşmaqdır. Bunu yaxşı bilən Lənkəran rayonunun əlaqədar təşkilatları payız-qış mövsümünə hələ yay aylarında hazırlaşmağa başlayıblar.
Belə ki, elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlərin fasiləsizliyinin təmin olunması üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçirilib, mövcud avadanlıqların vəziyyəti yoxlanılıb və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Eyni zamanda payız-qış mövsümündə baş verə biləcək fövqəladə halların və digər neqativ hadisələrin qarşısının alınması, operativ müdaxilənin təmin edilməsi və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər müəyyən edilib. Ümumilikdə rayonun idarə, müəssisə və təşkilatları tərəfindən payız-qış aylarının normal və təhlükəsiz keçirilməsi üçün zəruri hazırlıq işləri davam etdirilir.
Rayon ərazisində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatından ötrü Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) işçi personalı tərəfindən 2026-cı ilin 8 ayı ərzində bir sıra vacib, əsaslı, cari təmir və yenidənqurma işləri həyata keçirilib. "Lənkəran-1" və "Lənkəran-2", Karyer, Liman, Sinovli, Səpnəkəran, Hirkan, Xanbulan yarımstansiyalarında cari təmir və sınaq işləri aparılıb, transformatorlara və yağ açarlarına yağ əlavə olunub, yanmış cərəyan transformatorları yenisi ilə əvəz edilib, izolyasiyanın sınağı və rele mühafizəsi yoxlanılıb. Yarımstansiyaların əraziləri təmizlənib və avadanlıqlar rənglənib. "Lənkəran-2" yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəz olunub. Hirkan, Xanbulan, Lənkəran, Liman, Sinovli hava xətlərinə baxışlar keçirilib.
Lənkəran rayonunda gərginliyi zəif olan yaşayış massivlərindən Şağlaser, Ürgə, Digah, Şıxakəran, Kərgəlan kəndlərinin hərəsində bir ədəd olmaqla ümumilikdə 5 ədəd yeni güc mərkəzləri quraşdırılaraq istismara verilib. Hazırda Şiləvar kəndində yeni güc mərkəzinin quraşdırılması üçün işlər davam etdirilir.
Lənkəran EŞ-nin xidməti ərazisində gərginliyi zəif olan digər yaşayış massivlərindən Digah, Şağlaser, Ürgə, Mollakənd, Separadi, Boladı, Sinovli və Mamusta kəndlərində, Lənkəran şəhərinin bir sıra küçə və prospektlərində, o cümlədən Liman şəhərində güclü transformatorlardan əlavə 0,4 kilovoltluq fiderlər çəkilib. Artıq yüklənmiş transformator daha güclü transformatorla əvəz olunub. Təmir işləri zamanı transformatorlara 2,2 ton transformator yağı əlavə edilib.
Lənkəran rayonunun qəsəbə və kəndlərində yeni abonentlər üçün 302 ədəd sayğac quraşdırılıb, 2 min 600 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənib.
"Azərişıq" ASC tərəfindən şəbəkənin yenidən qurulması nəticəsində Boladı kəndində açıq tipli naqillərdən ibarət olan şəbəkələr yeni müasir tipli izolyasiyalı kabel xətləri ilə yenidən qurulur və hazırda işlər davam etdirilir. Burada 10 min 500 metr SİP kabel xətti çəkilib. Gərmətük qəsəbəsində isə yenidənqurma işləri tamamlanmaq üzrədir.
Qeyd etmək lazımdır ki, bu sahədə bir sıra nöqsanlar da mövcuddur. Belə ki, küləkli, yağışlı və qarlı hava şəraitində elektrik xətlərinin qırılması, köhnə dayaqların sıradan çıxması halları baş verir, yeni yaşayış massivlərində isə transformatorların həddindən artıq yüklənməsi nəticəsində abonentlərin elektrik enerjisi ilə təminatında problemlər yaranır. Nəticədə elektrik enerjisi abonentlərə normadan aşağı gərginliklə verilir ki, bu da məişət və digər elektrik avadanlıqlarının tez-tez sıradan çıxmasına səbəb olur.
Bu məsələlərə Lənkəran Elektrik Şəbəkəsi tərəfindən diqqət artırılmalı, mövcud nöqsanların, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi tədbirlər həyata keçirilməlidir.
Lənkəran Regional Qaz İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsi rayonun 73 yaşayış məntəqəsində 49 min 423 əhali abonentinə, 649 qeyri-əhali və 3 fərdi istixanaya xidmət göstərir.
2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində rayonun Liman şəhəri, Gərmətük qəsəbəsi və Digah kəndində yeni ŞQTM (Şəbəkə Qaz Təzyiq Mərkəzi) tipli təzə tənzimləyicilərin quraşdırılması, dayaqlardan düşmüş qaz xətlərinin dayaqlar üzərinə qaldırılması, qaz xətlərinin boyanması, Lənkəran rayonunun müxtəlif kəndlərində təzə siyirtmələrin quraşdırılması işləri yekunlaşdırılıb. Vətəndaş müraciətləri əsasında 104 çağrı mərkəzinə daxil olan sifarişlərə əsasən, 2 min 200 ədəd D20 millimetrlik qaz kranı və 79 ədəd fərdi qaz tənzimləyicisi yenisi ilə əvəz olunub. "Təmiz Qaz" MMC-nin xətt baxıcıları tərəfindən Lənkəran ərazisində müxtəlif diametrli qaz xətlərində qaz sızmaları aşkar edilib, 427 qaz sızması aradan qaldırılıb.
Rayonun Moloja və Daştatük kəndlərinin qazlaşdırılmasının icrası ilə bağlı ümumilikdə müxtəlif diametrli borulardan olmaqla 38 min poqonmetr uzunluqda qaz xətlərinin Təmir Tikinti İdarəsi tərəfidən çəkilməsi işləri həyata keçirilib. Bu kəndlərdə işlər tamamlandıqdan sonra Aşağı Apu kəndinin qazlaşdırılması planlaşdırılıb.
2026-cı ilin yanvar-avqust ayları ərzində Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən mənbədən 3 milyon 323 min 834 kubmetr su qəbul olunub. Bunun 209 min 925 kubmetri texnoloji proseslərə və daxili tələbata sərf olunub, 569 min 66 kubmetri su dəyəri ödənilməyən bulaqlara verilib, 1 milyon 737 min 871 kubmetri isə istehlakçılara satılıb. 796 min 972 kubmetr, yəni 23 faiz su itkisi qeydə alınıb.
İdarənin xidməti ərazisinin bir sıra yerlərində 2026-cı ilin yanvar-avqust ayları ərzində cari təmir işləri görülüb. Ümumilikdə təmir işlərində müxtəlif diametrli 96,5 poqonmetr borudan istifadə olunub. Cari ilin aprel ayında 2 ədəd 300 kubmetrlik xam su anbarı plan qrafikə uyğun olaraq yuyularaq dezinfeksiya olunub.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən sözügedən dövr ərzində kanalizasiya şəbəkəsində müxtəlif diametrli 10 min 426 poqonmetr kanalizasiya borusu və 717 baxış quyusu təmizlənib. 96,5 poqonmetr müxtəlif diametrli kanalizaisya xətti təmir olunub, 7 kanalizasiya baxış quyusunda əsaslı təmir işləri aparılıb.
Həmçinin "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tərəfindən ezam olunmuş xüsusi texnika vasitəsilə Lənkəran şəhərinin bir sıra küçələrində 958 metr muxtəlif diametrli kanalizasiya xətti və 24 kanalizasiya baxış quyusu yuyularaq lildən və bərk tullantılardan təmizlənib.
Rayon ərazisindəki suvarma kanallarında 60,5 kilometrlik hissədə 159 min kubmetr həcmində lildən təmizləmə və 102 min kubmetr həcmində torpaq hamarlanma işləri görülüb. İzafi suların kənarlaşdırılmasından ötrü rayon ərazisindəki kollektorlarda 17 kilometrlik hissədə 51 min kubmetr həcmində lildən təmizləmə və 39,3 min kubmetr həcmdə torpaq hamarlama işləri görülüb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar nasos stansiyalarında, su aşırıcı bəndlərdə və hidrotexniki qurğularda sazlanma işləri aparılır. İdarənin maşın və mexanizmləri saz vəziyyətə gətirilir və bu istiqamətdə işlər davam etdirilir.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2026-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi əsasında Lənkərançay, Girdəniçay, Viravulçay və Ulumçay ətrafındakı yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi tədbirləri çərçivəsində layihə-smeta sənədləri hazırlanıb. Həmin sənədlərin ekspertiza olunması məsələsinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baxılır.
Köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində istismar müddəti başa çatmış Viravulçay və Girdəniçay üzərində körpülər inşaat norma və qaydalarının tələblərinə uyğun yenidən qurulmaqla cari ildə istifadəyə verilib.
Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi (MİKMİ) tərəfindən şəhərin əksər küçələrində suötürücü kanallar və kollektorlar palçıq və otlardan təmizlənərək suya axar verilib, tullantıların zərərsizləşdirilməsi üçün şərait yaradılıb. Poliqona gedən yola 28 maşın qum-çınqıl qatının tökülərək hamarlanması təmin edilib. Məişət tullantılarının qrafik üzrə aparılması, əhali və istehlakçılar tərəfindən qrafikdən kənar bərk məişət tullantılarının küçələrə atılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik söhbətlər aparılıb. Şəhərin təmizliyi sahəsində müəyyən işlər görülsə də, bəzi nöqsanlar vardır. Belə ki, küçələr və səkilər süpürüldükdən sonra tullantıların bir qismi vaxtında daşınmadığından suötürücü kanallara yığılır, bu da suyun normal axmasına maneələr yaradır.
Lənkəran şəhər MİKMİ tərəfindən bir sıra kommunal yaşayış binalarında və mənzillərdə su-kanalizasiya xətləri, dam örtükləri, tüstü bacaları təmir olunub, süni zibilliklər ləğv edilib, suötürücü kanallar qismən təmizlənib, bəzi yaşayış binalarının zirzəmisinə yığılmış izafi sular nasos vasitəsilə kənarlaşdırılıb, bir sıra binaların zibilxanalarında uzun müddət qalmış tullantı qalıqları yığılaraq daşınıb.
Lənkəran şəhər İşıqlandırma Müəssisəsi tərəfindən mövsümə hazırlıqla əlaqədar küçə işıqlandırıcılarının yararsız elektrik xətləri dəyişdirilib, sıradan çıxmış elektrik lampaları və yeraltı kabellər təzələnib, digər elektrik avadanlıqları yenisi ilə əvəzlənib və ayrı-ayrı ünvanlarda yeni ayrıcılar quraşdırılıb. Həmçinin "Bakı Abadlıq Xidməti" MMC tərəfindən cari ildə Lənkəran şəhərində genişmiqyaslı abadlıq, bərpa və təmir işləri aparılır.
48 nömrəli Yol İstismar" MMC-nin balansında olan avtomobil yollarında yaranmış çalalara asfalt-beton örtüyü çəkilib, suötürücü borular, küveytlər palçıqdan təmizlənib, körpü məhəccərləri rənglənib və sıradan çıxmış yol nişanları yenilənib. Ucqar dağ kəndlərinə gedən avtomobil yollarına şəhər icra hakimiyyətinin yaxından köməkliyi ilə qum-çınqıl materialı tökülərək ağır texnikalar vasitəsilə hamarlama və genişləndirmə işləri aparılıb, yol kənarlarında mövcud küveytlər bərpa edilməklə nəqliyyatın hərəkəti normal qaydaya salınıb.
Lənkəran İstilik Sistemləri İstismar Sahəsi tərəfindən Lənkəran şəhər Qarışıq tipli uşaq evinə, Xarici dillər təmayüllü gimnaziyaya və Şəhidlər xiyabanı küçəsi 46/15 nömrəli ünvanda yerləşən yaşayış binasına xidmət göstərən qazanxanaların istilik xətləri, qaz boruları və dıgər avadanlıqlar təmir edilərək işlək vəziyyətə gətirilib, qazanxanaların ətrafında abadlıq işləri aparılıb. Buna baxmayaraq, sahə rəhbərliyi idarənin balansında olan qazanxanaların payız-qış aylarında daim işlək vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir.
Rayonun əlaqədar müəssisə və təşkilatlarında qış mövsümü üçün tələb olunan bütün maşın və mexanizmlər, o cümlədən mövcud avtoqreyder, ekskavator və digər ağır texnikalar tam təmir edilərək işlək vəziyyətə gətirilib. Kənd yerlərində mövcud ağır texnikalardan istifadə etməklə yolların qardan təmizlənməsi bir qayda olaraq həmin ərazi dairəsindəki icra nümayəndələri tərəfindən təşkil edilir. Qış mövsümündə qarlı günlərdə maşın və mexanizmlərin yollarda sürüşməməsi, eləcə də təhlükəsiz hərəkət etməsi üçün lazımi qədər qum ehtiyatı yaradılıb. Rayonun müəssisə, idarə və təşkilatlarında qışa hazırlıq işləri davam etdirilir. Payız-qış mövsümündə təbii fəlakət baş verəcəyi təqdirdə şəhər icra hakimiyyətində fəaliyyət göstərən qərargah öz işini fövqəladə hallara uyğun qurmağa hazırdır.
Seyran CAVADOV,
"Azərbaycan"