Rumıniya Radiosunun beynəlxalq yayım xidməti RADOR Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Fridrix Merts arasında Berlində keçirilən görüşü Avropanın enerji təhlükəsizliyi baxımından diqqətçəkən hadisələrdən biri kimi təqdim edib.
AZƏRTAC xəbər verir ki, RADOR xüsusilə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən mesajları ön plana çıxarır.
Qeyd edilir ki, Almaniya Kansleri Fridrix Merts ölkəsinin neft və təbii qaz təchizatının şaxələndirilməsində maraqlı olduğunu vurğulayaraq Azərbaycanla, xüsusilə enerji sektorunda əməkdaşlığın qarşıdakı illərdə daha da genişləndirilməsinin planlaşdırıldığını bildirib.
Rumıniya Radiosunun təhlilinə görə, Berlinin bu mövqeyi Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi strategiyasının davamı kimi qiymətləndirilir. Agentlik Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun getdikcə gücləndiyini, ölkənin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayır.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanla Almaniya arasında əməkdaşlıq artıq yalnız neft və qaz sahəsi ilə məhdudlaşmır. Tərəflər yaşıl enerji, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika və digər perspektivli istiqamətlər üzrə də əməkdaşlığı inkişaf etdirməyə çalışırlar.
RADOR-un qənaətinə görə, Berlinlə Bakı arasında enerji dialoqunun intensivləşməsi Azərbaycanın Avropanın enerji təminatında strateji əhəmiyyətinin artdığını bir daha nümayiş etdirir və iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.