"Güclü rəqəmsal iqtisadiyyatın təməlində güclü hüquqi baza dayanır"
XXI əsr artıq rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiyalar əsridir. Son illər dünyada baş verən texnoloji dəyişikliklər göstərir ki, dövlətlərin iqtisadi qüdrəti təkcə təbii sərvətlər və ya ənənəvi sənaye sahələri ilə deyil, ilk növbədə onların rəqəmsal imkanları, innovasiya potensialı və yüksək texnologiyalara əsaslanan iqtisadi modeli ilə müəyyən edilir.
Bu baxımdan rəqəmsal transformasiya milli inkişafın zəruri şərtinə çevrilib. Bu gün ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Cənubi Koreya, Yaponiya, Sinqapur, Estoniya və digər qabaqcıl ölkələr süni intellekt, rəqəmsal dövlət idarəçiliyi, kibertəhlükəsizlik, bulud texnologiyaları, böyük verilənlər (Big Data), blokçeyn və innovasiya ekosisteminin inkişafı hesabına qlobal iqtisadiyyatın aparıcı iştirakçılarına çevriliblər. Məhz bu ölkələrin təcrübəsi göstərir ki, texnologiyanın inkişafını təmin edən əsas amillərdən biri müasir dövrün tələblərinə cavab verən çevik, liberal və investor yönümlü qanunvericilik bazasının yaradılmasıdır.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses dövlət idarəçiliyinin yenidən qurulmasını, hüquqi münasibətlərin müasirləşdirilməsini, biznes mühitinin liberallaşdırılmasını, insan kapitalının inkişafını və innovasiya fəaliyyətinin kompleks şəkildə dəstəklənməsini tələb edir. Başqa sözlə, güclü rəqəmsal iqtisadiyyatın təməlində ilk növbədə güclü hüquqi baza dayanır. "Azərbaycan da son illərdə qlobal inkişaf meyillərini nəzərə alaraq rəqəmsal transformasiyanı sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd", rəqəmsal dövlət xidmətləri, elektron hökumət, innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr ölkənin yeni inkişaf modelinin formalaşdığını göstərir. Bu istiqamətdə mühüm dönüş nöqtələrindən biri 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə oldu. Müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm institusional qərarlar qəbul edildi. Azərbaycan Respublikasının Rəqəmsal Şurasının yaradılması və şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın sədr təyin edilməsi rəqəmsal transformasiya siyasətinin vahid mərkəzdən koordinasiya olunmasına xidmət edən mühüm addım oldu. Ardınca təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal gələcəyinin yol xəritəsini müəyyən edib. Bu sənəd təkcə informasiya-kommunikasiya texnologiyalarının inkişafını deyil, həm də innovasiya iqtisadiyyatının formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və rəqəmsal biznes mühitinin yaradılması istiqamətlərini özündə birləşdirir", - deyə A.Badamov əlavə edib.
Deputat bildirib ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız quru, hava və dəniz sərhədlərinin qorunması ilə məhdudlaşmır. Rəqəmsal texnologiyaların geniş tətbiqi nəticəsində kiberməkan yeni strateji təhlükəsizlik müstəvisinə çevrilib. Dövlət informasiya sistemlərinin, kritik infrastrukturun, maliyyə sektorunun, enerji sistemlərinin və vətəndaş məlumatlarının etibarlı qorunması milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Buna görə də rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik siyasətinin paralel şəkildə inkişaf etdirilməsi müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən hesab olunur. Bu baxımdan iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal Şuranın ilk iclası xüsusi əhəmiyyət daşıyır. İclasda Fəaliyyət Planının icrası, qarşıda duran vəzifələr və institusional islahatların gedişi müzakirə olunub. Bu, dövlətin rəqəmsal transformasiya siyasətinin davamlı və sistemli şəkildə həyata keçirildiyini göstərir.
A.Badamov deyib ki, dünya təcrübəsi rəqəmsal inkişafın yalnız dövlət proqramları ilə təmin oluna bilmədiyini sübut edir: "İnnovasiya mühiti üçün əlverişli hüquqi sistem yaradılmadıqca nə böyük investisiyalar cəlb etmək, nə də yüksək texnologiyalar sənayesini formalaşdırmaq mümkündür. Silikon Vadisi, İsrail, Estoniya və Sinqapur kimi uğurlu innovasiya mərkəzlərinin inkişafında məhz çevik qanunvericilik, investorların hüquqlarının qorunması və innovativ biznes üçün vergi stimulları həlledici rol oynayıb. Məhz buna görə də Azərbaycanda hazırlanmış qanunvericilik islahatları paketi xüsusi əhəmiyyət daşıyır. Paket çərçivəsində 34 qanuna, Prezidentin 9 fərmanına və Nazirlər Kabinetinin 3 qərarına dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu, son illərin ən genişmiqyaslı iqtisadi-hüquqi islahat paketlərindən biri hesab oluna bilər. Ən mühüm yeniliklərdən biri qanunvericiliyə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, texnologiya transferi, kibertəhlükəsizlik, frilanser fəaliyyəti, vençur kapitalı, kraudfandinq və digər müasir iqtisadi anlayışların daxil edilməsidir. Bu anlayışların hüquqi status qazanması yeni biznes modellərinin inkişafına və innovasiya bazarının genişlənməsinə imkan verəcək".
Deputat islahat paketində vençur kapitalı fondlarının fəaliyyətinin hüquqi tənzimlənməsinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dünyada "Apple", "Google", "Meta", NVIDIA, "Uber", "Airbnb" kimi nəhəng şirkətlərin ilk inkişaf mərhələsində vençur investisiyaları həlledici rol oynayıb. Azərbaycanda da bu sahənin hüquqi əsaslarının yaradılması yerli startapların beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Beynəlxalq praktikada geniş istifadə olunan SAFE (Simple Agreement for Future Equity) və Convertible Note investisiya alətlərinin qanuniləşdirilməsi ölkəmizin investisiya mühitini daha da cəlbedici edəcək. Bu mexanizmlər investorlarla startaplar arasında münasibətləri sadələşdirir, investisiyaların cəlb edilməsini sürətləndirir və hüquqi riskləri minimuma endirir.
A.Badamov vurğulayıb ki, qanunvericilik islahatlarının mühüm istiqamətlərindən biri də vergi və gömrük güzəştləridir: "Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, yüksəkixtisaslı mütəxəssislər üçün gəlir vergisinin sıfır faiz müəyyən edilməsi, texnoloji avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunması, "SaaS" və bulud xidmətlərinə tətbiq olunan vergi maneələrinin aradan qaldırılması innovasiya biznesinin inkişafına ciddi stimul verəcək. Müsbət cəhətlərdən biri də tədqiqat və inkişaf (R&D) xərclərinin vergi güzəştləri ilə təşviq edilməsidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmə və innovasiyaya yatırılan investisiyalar uzunmüddətli dövrdə iqtisadi artımın əsas mənbəyinə çevrilir. Buna görə də R&D xərclərinin 2,5 əmsalla vergitutulan mənfəətdən çıxılması yerli şirkətlərin elmi tədqiqatlara marağını artıracaq. Eyni zamanda ESOP (Employee Stock Ownership Plan) mexanizminin hüquqi status qazanması innovativ şirkətlərə yüksəkixtisaslı mütəxəssisləri əməkhaqqı ilə yanaşı, şirkət payı hesabına motivasiya etməyə imkan verəcək. Bu model dünyanın aparıcı texnologiya şirkətlərində geniş tətbiq olunur və insan kapitalının qorunmasının ən səmərəli vasitələrindən biri hesab edilir".
Deputat bildirib ki, qanunvericilik islahatlarında "Rəqəmsal səyyah" proqramının tətbiqi də diqqətçəkən yeniliklərdəndir. Bu mexanizm xarici proqramçıların, mühəndislərin, startap təsisçilərinin və digər yüksəkixtisaslı mütəxəssislərin Azərbaycanda yaşayıb fəaliyyət göstərməsinə imkan yaradacaq. Nəticədə ölkəmiz beynəlxalq innovasiya şəbəkələrinin daha fəal iştirakçısına çevrilə bilər. "Dövlət satınalmalarında startaplara və innovativ məhsullara üstünlük verilməsi də mühüm islahatlardan biridir. Dünyanın inkişaf etmiş ölkələrində dövlət ilk sifarişçi rolunu oynamaqla yeni texnologiyaların bazara çıxmasına dəstək verir. Azərbaycanda da bu mexanizmin tətbiqi yerli innovasiya şirkətlərinin sürətli inkişafına təkan verəcək. Əslində, bütün bu islahatların strateji məqsədi yalnız İKT sektorunun inkişafı deyil, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, yüksəktexnologiyalı məhsul və xidmətlərin ixracının artırılması, yeni yüksək maaşlı iş yerlərinin yaradılması və Azərbaycanın regionun aparıcı innovasiya mərkəzinə çevrilməsidir. Qlobal iqtisadiyyatın gələcəyi məhz rəqəmsal texnologiyalar üzərində qurulur. Bu reallıq fonunda Azərbaycan üçün də əsas prioritetlərdən biri çevik qanunvericilik bazasının formalaşdırılması, innovasiya fəaliyyətinin stimullaşdırılması və beynəlxalq texnologiya şirkətləri üçün cəlbedici biznes mühitinin yaradılmasıdır", - deyə o bildirib.
A.Badamov həmçinin qeyd edib ki, əgər nəzərdə tutulan qanunvericilik islahatları ardıcıl və tam şəkildə həyata keçirilərsə, yaxın illərdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Xəzər hövzəsinin aparıcı rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilə bilər. Bu isə ölkənin iqtisadi inkişafına, milli təhlükəsizliyinin möhkəmlənməsinə və beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"