07 İyul 2026 09:21
130
İQTİSADİYYAT
A- A+
Sadə, çevik, şəffaf

Sadə, çevik, şəffaf


Dövlət xidmətlərinin vahid məkanı - "mygov"dan aktiv istifadə edənlərin  sayı sürətlə artır


Rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini xeyli artırır və bu səbəbdən Azərbaycan da bu sahədə qlobal trendləri yaxından izləyir, öz milli rəqəmsal sistemini qurur. Xatırladaq ki, cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən xüsusi müşavirə ölkəmizin rəqəmsal gələcəyi üçün yeni bir mərhələnin əsasını qoymuşdur. "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş bu müşavirədə vacib məsələlərə toxunulmuşdur. Qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün rəqəmsal xidmətlərin vahid mərkəzdən idarə olunması idi.

Həmin müşavirədə Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən fərqli platformaların vahid platformada birləşməsinin vacibliyini vurğulamış, rəqəmsal keçidlə bağlı strateji hədəfləri müəyyən etmişdir: "Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma eyni zamanda bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin".

Bu mövqe ölkəmizdə rəqəmsal sahədə yeni bir dövrün təməlini qoydu. Artıq hər bir nazirliyin fərqli tətbiq yaratması dövrü geridə qalır. Vətəndaşların rahatlığı üçün bütün xidmətlər "mygov" sistemi daxilində cəmləşdiriləcək. Bu isə həm vaxt itkisinin qarşısını alacaq, həm də dövlət vəsaitlərinin daha səmərəli xərclənməsinə şərait yaradacaq. Şübhəsiz ki, dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini tam təmin etmək rəqəmsal ekosistemin təməlidir. Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq.

Artıq "mygov" platforması yeni bir yanaşma ilə istifadəçilərin xidmətinə təqdim edilib. Bu yeni yanaşmanın əsas mahiyyəti rəqəmsallaşmanı birbaşa insanlara və onların həyatındakı mühüm hadisələrə uyğun qurmaqdır. Təbii ki, rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu proses çərçivəsində bəzi xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. Eyni zamanda "Yalnız bir dəfə" prinsipinin tətbiqi ilə təkrar sənəd tələbi minimuma endirilərək maneələr tamamilə aradan qaldırılacaq.

Hazırda dövlət orqanları təxminən 12 mühüm proses üzərindən vətəndaşlarla təmasları yenidən qurur. Bu yeni prosesin vətəndaşın həyatını necə asanlaşdırdığını aydın bir misal üzərində görmək olar. Əvvəllər ailədə körpə doğularkən valideynlər uzun bir prosesdən keçməli olurdular. Hətta tibb müəssisəsində proseslər elektronlaşdırılsa belə vətəndaş oradan kağız arayış almalı idi. Sonra isə  doğum şəhadətnaməsi, uşaq üçün müavinət və şəxsiyyət vəsiqəsi almaq üçün digər qurumlara müraciət edilirdi. Bu gün isə tamamilə fərqli və proaktiv bir sistem işləyir. İndi vətəndaşın övladı doğulduqda klinika məlumatı dərhal sistemə daxil edir. Sistem bu məlumatları birbaşa Ədliyyə Nazirliyinə ötürür. Ədliyyə Nazirliyi isə həmin sistem vasitəsilə valideynə mesaj göndərir. Valideyn elektron şəkildə uşağın adını və soyadını seçir. Əgər seçilən soyad rəsmi siyahıda varsa, təsdiqlənir. Bundan sonra məlumatlar avtomatik və proaktiv şəkildə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Vətəndaşın heç bir müraciəti olmadan uşağın müavinəti təyin edilir və birbaşa onun kartına köçürülür. Növbəti mərhələdə isə şəxsiyyət vəsiqəsinin alınması proaktiv qaydada təmin edilir. Eyni proses çərçivəsində artıq yaşa görə əmək pensiyası təyin edilərkən də vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmır, müvafiq şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada dərhal təyin olunur.

Rəqəmsal ekosistemin imkanları bununla da məhdudlaşmır. Yaxın gələcəkdə vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl sistem tərəfindən avtomatik şəkildə məlumatlandırılacaqlar. Bu, sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq. Həmçinin səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək və müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaqlar.

Demək olar ki, son üç ayda bu istiqamətdə olduqca mühüm və konkret praktiki nəticələr əldə edilib. Məsələn, hazırda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət tam şəkildə "mygov" üzərindən həyata keçirilə bilir. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi və pasport kimi digər mühüm sənədlərin əldə edilməsi və dəyişdirilməsi də tam şəkildə platformaya köçürüləcək. 

Təhsil sahəsində də ciddi yeniliklər var. Ali təhsil müəssisələrinə qəbul olan təxminən 75 min nəfər şəxs qeydiyyatı onlayn tamamlaya bilər. Həmçinin övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbul etdirmək istəyən valideynlər bu prosesi rahatlıqla "mygov" veb-platforması üzərindən icra edə biləcək. Ədliyyə Nazirliyi üzrə notariat xidmətlərindən azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə olunması, eləcə də tərcümə sənədlərinin təsdiqi artıq "mygov" üzərindən aparılması mümkün olan yeni xidmətlər sırasındadır. Bu nümunə rəqəmsallaşmanın real gücünü və insan amilinə verilən dəyərin göstəricisidir.

Yeni prosesin tətbiqi qısa müddətdə öz müsbət nəticələrini göstərib. Statistik məlumatlar vətəndaşların bu platformaya marağının sürətlə artdığını sübut edir. Yalnız ötən il ərzində təxminən 1,3 milyon yeni nadir istifadəçi "mygov" platformasına cəlb olunub. Cari ilin yanvar ayının sonunda aktiv istifadəçi sayı 2,5 milyona yüksəlib. Burada istifadəçi dedikdə ay ərzində ən azı bir dəfə sistemə daxil olub xidmətlərdən yararlanan aktiv vətəndaşlar nəzərdə tutulur. Əsas hədəf ilin sonuna qədər bu rəqəmi 5 milyona çatdırmaqdır. 

Vətəndaşların və biznes subyektlərinin dövlət xidmətlərinə çıxışı üçün onlarla fərqli mobil tətbiq yükləməsinə artıq ehtiyac qalmayacaq. Bütün proseslər vahid mərkəzdə - "mygov" və "mygov biznes" platformaları üzərində aparılacaq. Qeyd etmək lazımdır ki, dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platforması artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan idarə edilməsini təmin edəcək.

Artıq bu böyük inteqrasiya prosesinə start verilib. Qısa müddət ərzində geniş istifadəçi kütləsi olan "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bununla yanaşı, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidməti də artıq platformaya köçürülüb. Cari ilin sonunadək qeyd olunan bu tətbiqlərin bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır. Ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqlərinin mərhələli şəkildə bu vahid ekosistemə inteqrasiya edilməsi şübhəsiz ki, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin köklü surətdə yaxşılaşdırılmasına xidmət edəcək.

Beləliklə, həyata keçirilən bu rəqəmsal islahatlar Azərbaycanın gələcək simasını müəyyən edir. Bütün dövlət xidmətlərinə vahid mərkəzdən - "mygov" platformasından çıxışın təmin edilməsi vətəndaş məmnuniyyətini ən yüksək səviyyəyə qaldıracaq. Sadəlik, çeviklik və şəffaflıq prinsiplərinə əsaslanan bu yeni rəqəmsal sistem ölkəmizi regionun ən qabaqcıl rəqəmsal mərkəzlərindən birinə çevirməkdədir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

10:12
07 İyul

Neftçalada Xəzər dənizinə nərə cinsli 400 min balıq körpəsi buraxılıb

10:03
07 İyul

Rəqəmsal Şuranın iclası, QDTİB-in toplantısı, coğrafiyası genişlənən "Made in Azerbaijan" brendi və neftin qiymətində dalğalanma

09:53
07 İyul

"Yaşıl enerji" dəhlizi Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

09:45
07 İyul

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

09:37
07 İyul

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

09:29
07 İyul

Sadə, çevik, şəffaf

09:21
07 İyul

Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"

09:13
07 İyul

Ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracı son 10 ildə iki dəfə artıb

09:05
07 İyul

Üç roman, bir həqiqət

08:56
07 İyul

Qarabağ və Şərqi Zəngəzurda yazılan quruculuq tarixinin səhifələri

08:48
07 İyul

"Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq"

08:40
07 İyul

Azərbaycan qlobal bağlantıların strateji mərkəzidir 

08:32
07 İyul

Rəqəmsal inkişafın hüquqi təminatı

08:24
07 İyul

Zakir İBRAHİMOV: “AzerGold” beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi və fəaliyyət göstərdiyi regionlarda yerli icmaların güvəndiyi şirkətə çevrilib”

08:16
07 İyul

Zimbabve Azərbaycanla münasibətlərin inkişafına önəm verir

08:08
07 İyul

Xalqın etimadından güc alan Prezident

08:00
07 İyul

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun dadəyişiklik edilməsi barədə

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:41
07 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:41
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!