Bu gün qloballaşma və beynəlxalq iqtisadi inteqrasiya ölkələr arasında ticarət, nəqliyyat və investisiya əlaqələrinin daha da genişlənməsinə səbəb olub. Belə bir şəraitdə bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi davamlı inkişafın əsas istiqamətlərindən biri hesab edilir.
Strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və beynəlxalq əməkdaşlıq təşəbbüsləri sayəsində Azərbaycan Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən regional qovşağa çevrilməkdədir. Ölkəmizin regional iqtisadi qovşaq kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Beynəlxalq maliyyə institutları, investisiya platformaları və biznes dairələri ilə əməkdaşlığın genişləndirilməsi də bu strategiyanın mühüm tərkib hissəsidir. Məhz həmin əməkdaşlıq formatları ölkənin investisiya cəlbediciliyinin artmasına, yeni tərəfdaşlıqların qurulmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu baxımdan Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın iqtisadi gündəminin və regional liderlik ambisiyalarının praktik təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.
Onlardan biri də Azərbaycanın sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində bankın və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda keçirilən biznes-forumdur.
"Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda" mövzusunda keçirilən biznes-forumda biznes, dövlət və bank sektorunun 170-dən çox nümayəndəsi iştirak edib. 60-dan çox özəl, 20-dən çox xarici şirkətin, həmçinin bir sıra dövlət qurumları nümayəndələrinin təmsil olunduqları forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, QDTİB-in ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
QDTİB ilə Azərbaycanın əməkdaşlığı ölkənin regional iqtisadi inteqrasiya strategiyasının vacib istiqamətlərindəndir. 20 ildən artıq davam edən tərəfdaşlıq investisiya imkanlarının genişləndirilməsinə, özəl sektorun inkişafına, ixrac potensialının artırılmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə xidmət edir. Bu əməkdaşlığın daha çox dərinləşdirilməsi məqsədilə həyata keçirilən birgə təşəbbüslər və keçirilən beynəlxalq tədbirlər Azərbaycanın regional biznes və investisiya mərkəzi kimi mövqeyini gücləndirir. Ötən iki onillikdə QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, bazarda üstünlüyün əldə edilməsinə, eləcə də dayanıqlı iqtisadi artımın inkişafına çox töhfə verib. Təsadüfi deyil ki, uğurlu əməkdaşlıq mütəmadi olaraq yeni platformalar və təşəbbüslərlə davam edir. Belə platformalar mövcud tərəfdaşlığı möhkəmləndirir, yeni biznes əlaqələrinin qurulmasına təkan verir və qarşılıqlı investisiya imkanlarının genişlənməsinə səbəb olur. Bu baxımdan biznes-forumu yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma hesab etmək mümkündür.
Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri, QDTİB-in ölkəmiz üzrə rəhbəri Sahil Babayev vurğulayıb ki, Azərbaycan bu gün infrastruktura ciddi investisiyalar yatırır: "QDTİB bizim aktiv tərəfdaşlarımızdan biridir. Bank bu günədək Azərbaycanda 500 milyon avroyadək layihənin maliyyələşdirilməsində iştirak edib. Burada özəl və dövlət şirkətləri üçün yeni imkanlar açılacaq. Bu gün qlobal iqtisadiyyat mühüm transformasiya dövrünü yaşayır. Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Mövcud geosiyasi çətinliklər fonunda Orta dəhlizin rolu getdikcə artır. Bu baxımdan Azərbaycan bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasında vacib rola malikdir, digər tərəfdən isə nəqliyyat infrastrukturu baxımından körpü rolunu oynayır". Nazir həmçinin prioritet inkişaf istiqamətlərinin maliyyələşdirilməsində yerli maliyyə institutlarının və özəl investorların rolunu vurğulayaraq bildirib ki, yeni imkanların reallaşdırılması üçün hökumətlər, beynəlxalq maliyyə institutları, kommersiya bankları və biznes dairələri arasında sıx tərəfdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Neft iqtisadi inkişafın əsas drayverlərindən biri olaraq qalsa da, neftdənkənar sahə geniş spektr üzrə sürətlə önə çıxır. Ötən ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatının 71 faizini neftdənkənar sahə təşkil edir. Bu inkişafın davamlı təmin olunmasında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır. Lakin neftdənkənar sahənin dinamik inkişafı təkcə istehsalın artırılması ilə məhdudlaşmır. Həmin məhsulların yeni bazarlara çıxarılması, yerli şirkətlərin beynəlxalq tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi və onların maliyyə resurslarına çıxış imkanlarının artırılması da eyni dərəcədə vacibdir. Məhz bu məqsədlə həyata keçirilən təşviqat və təbliğat mexanizmləri ölkənin ixrac potensialının gücləndirilməsində mühüm rol oynayır. Bu mənada biznes-forumun təşkilatçısı olan AZPROMO-nun əsas məqsədi yerli ixracatçılara dəstək olmaq, onların xarici bazarlara çıxış imkanlarını genişləndirmək və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasını təmin etməkdir. Həmin istiqamətdə sahibkarların maliyyə, informasiya və institusional dəstək alması da xüsusi əhəmiyyət daşıyır. Yeni tərəfdaşlıqların qurulması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi ixrac potensialının daha da artırılmasına imkan verəcək.
Ancaq bütün bunlar göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması artıq yalnız ölkədaxili siyasətin deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlıqdan asılı olan strateji məsələyə çevrilib. Təbii ki, belə bir platformanın məhz indiki mərhələdə təşkil olunması təsadüfi deyil. Qlobal iqtisadiyyatda baş verən transformasiyalar, alternativ nəqliyyat marşrutlarına marağın artması və ölkələr arasında investisiya uğrunda rəqabətin güclənməsi regional əməkdaşlığın yeni məzmun qazanmasını zəruri edir. Bu şəraitdə dövlətlər üçün güclü maliyyə institutları ilə tərəfdaşlıq, biznes dialoqunun genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması strateji əhəmiyyət kəsb edir. Məhz buna görə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes dairələrinin bir araya gəldiyi platformalar iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm rol oynayır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"