Ölkəmizin Avrasiya coğrafiyasındakı aparıcı mövqeyini Avropa İttifaqının yeni tərəfdaşlıq təşəbbüsləri də təsdiq edir
Regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan qlobal geosiyasətin mühüm aktorlarından birinə çevrilir. Şərqlə Qərbin qovuşduğu məkanda öz nəhəng logistik potensialını reallaşdıran Azərbaycan beynəlxalq nəqliyyat və enerji zəncirində həlledici mərkəzlərdən hesab olunur.
Qlobal arenada baş verən mürəkkəb siyasi-iqtisadi proseslər fonunda Qərbin, xüsusən Avropa İttifaqının (Aİ) Azərbaycana marağının artması və bu reallığın rəhbərlik səviyyəsində davamlı olaraq açıq etiraf edilməsi ölkəmizin geostrateji əhəmiyyətinin təzahürüdür. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iyulun 1-də mətbuata bəyanatları tərəflər arasında bağlantı siyasətinin hansı miqyasda inkişaf etdiyini nümayiş etdirdi.
Ölkəmizin qlobal layihələrdəki roluna və çoxşaxəli yanaşmasına diqqət çəkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır: "Şərq-Qərb" və "Şimal-Cənub" daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı".
Azərbaycanın həm birbaşa qonşuları, həm də kənar regionlarda yerləşən dövlətlərlə qurduğu balanslı münasibətlər unikal əməkdaşlıq platforması yaradıb. Bu uğurlu diplomatiya sayəsində Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzərində bütün dövlətlərin maraqlarını təmin edən iqtisadi model formalaşdırıb.
Həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" dəhlizlərinin kəsişmə nöqtəsində yerləşmək Azərbaycana qlobal ticarət dövriyyəsini yönləndirmək imkanı verir. Dəyişən dünya nizamı isə yeni infrastrukturların yaradılmasını və mövcud olanların imkanlarının daha da genişləndirilməsini tələb edir. Prezident İlham Əliyev çıxışında yeni geosiyasi reallıqlara toxunaraq, ölkəmizin bu çağırışlara hazır olduğunu bəyan etdi: "Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik".
Dünyada baş verən siyasi dəyişikliklər fonunda ölkəmiz üzərindən keçən yüklərin həcmi sürətlə artır. Azərbaycan bu artımı qarşılamaq üçün vaxtında düzgün addımlar atmış, nəqliyyat infrastrukturuna, dəmir yollarına və dəniz limanlarına böyük sərmayələr qoymuşdur. İndi isə ölkəmiz kənar maliyyədən asılı olmadan, öz imkanları ilə bu infrastrukturu daha da böyüdür və yeni qlobal çağırışlara tam hazır olduğunu nümayiş etdirir.
Azərbaycanın artan potensialı, müstəqil və ardıcıl siyasəti Avropa tərəfindən yüksək qiymətləndirilir. Qərbin enerji və tranzit təhlükəsizliyində Azərbaycanı ən etibarlı tərəfdaş kimi görməsi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin çıxışında öz təsdiqini tapdı. Aİ rəsmisi ölkəmizin regiondakı həlledici rolunu xüsusi vurğulayaraq daha dərin institusional əməkdaşlıq formatını təklif etdi: "Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır".
Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığı və Yüksəksəviyyəli Bağlantı Dialoqu təşəbbüslərinin irəli sürülməsi göstərir ki, Aİ Azərbaycanla münasibətləri ənənəvi çərçivədən çıxararaq çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə keçirir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı qlobal miqyaslı danışıqların nəticəsi olaraq regiona qoyulacaq böyük həcmdə xarici investisiyaların haraya və necə yönələcəyinin müzakirəsinə dair beynəlxalq konfransın da Bakıda keçirilməsi təklif edilib. Avropa Komissiyasının rəhbəri bu barədə belə deyib: "Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik".
Vurğulanan məsələ o qədər önəmlidir ki, Avropa rəhbərliyi böyük maliyyə və investisiya layihələrinin müzakirə mərkəzi kimi məhz Bakını görür. Bu da Azərbaycanın beynəlxalq arenada iqtisadi mərkəzə çevrildiyinin bazir göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, bağlantı strategiyası təkcə tranzit dividendlər gətirmir, həm də regionda təhlükəsizlik və sabitliyin qarantına çevrilir. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun Azərbaycana səfərindən sonra sosial şəbəkə hesabında yazdıqları da bu amilə işarə edir. Kos bildirib ki, Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazda sülhün möhkəmlənməsinə kömək etməklə yanaşı, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirəcək.
Komissarın fikirləri təsdiqləyir ki, Avropa Azərbaycanın formalaşdırdığı reallıqları və yaratdığı nəqliyyat infrastrukturunu yalnız logistik marşrut kimi yox, Cənubi Qafqazda uzunmüddətli sülhün və dayanıqlı regional əməkdaşlığın bünövrəsi kimi qəbul edir. Ticarət və enerji xətlərinin şaxələnməsi isə Avropanın təhlükəsizlik arxitekturasının əsas qarantıdır.
Bu gün Azərbaycan coğrafi və siyasi mənada Avropa ilə Asiya qitələri arasında strateji körpü rolunu oynayır. Qərbin ölkəmizə artan marağı, Avropa İttifaqı rəhbərliyinin etirafları və irəli sürülən yeni tərəfdaşlıq təşəbbüsləri Azərbaycanın mühüm qlobal aktora çevrildiyini bir daha sübut edir. Nəqliyyat, rəqəmsallaşma və enerji bağlantılarının kəsişmə mərkəzi olan Azərbaycan qurduğu əməkdaşlıq formatları ilə gələcəyin logistika və enerji xəritəsini formalaşdıran güclərdən birinə çevrilir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"