Türkiyə və ABŞ prezidentləri arasındakı dostluq NATO-ya kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Atlantika Alyansının Ankarada keçiriləcək sammiti ərəfəsində “New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.
O, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın liderlik diplomatiyasının blok daxilində kök salmış fikir ayrılıqlarının azaldılmasında və gərginliyin aradan qaldırılmasında həlledici rol oynaya biləcəyinə əminliyini ifadə edib. “Tramp üçün bu, daha çox etimad və dostluq məsələsidir. Türkiyə isə isti münasibətlərdən bütün NATO ailəsinin xeyrinə istifadə etməyə çalışır”, - deyə nazir qeyd edib.
Fidan vurğulayıb ki, Ankara və digər Avropa ölkələri NATO-nun əhəmiyyəti barədə ortaq bir anlayışa malikdirlər: “Heç kim Şimali Atlantika İttifaqının zəruriliyini mübahisələndirmir”.
Onun sözlərinə görə, Ağ Ev rəhbərinin NATO-ya qarşı təhdidlərinə baxmayaraq, Ankara sammit çərçivəsində müzakirələrin rəvan keçəcəyini və müttəfiqlərin ÜDM-in 5 faizini hərbi ehtiyaclara ayırmaq məqsədinə doğru irəliləyə doğru addım atacaqlarını gözləyir.
Nazir Avropada müdafiə əməkdaşlığını Aİ çərçivəsində məhdudlaşdırmaq cəhdlərini tənqid edib. “NATO daxilində struktur problemi var. Aİ daxilində inkişaf edən müdafiə əməkdaşlığı Avropa ölkələrinin NATO qarşısında öhdəliklərinə ziddir. Türkiyə və Aİ bir-birini kollektiv təhlükəsizliyin vacib komponentləri hesab etməlidir”, - deyə H.Fidan ifadə edib.
Nazir, həmçinin ABŞ ilə İran arasındakı razılaşmaların bölgədə davamlı sülhə səbəb olacağına ümid etdiyini bildirdi.