"Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, - yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, - nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir".
İlham ƏLİYEV
Keçmişini unudan gələcəyini qura bilməz, - demişlər.
Keçmiş təkcə tarixin uzaqlarında qalan dövrləri deyil.
Bu gün də yaşayan insanların neçə il öncə gördükləri və yaşadıqları da keçmiş sayılır.
Buna yaxın keçmiş də demək olar.
Ancaq olanları, gördüklərimizi, çəkdiklərimizi unutmamalı, bugünkü və gələcək nəsillərə söyləməli, onları hər şeydən hali etməliyik.
Çünki unutqanlıq keçmiş faciələrin və səhvlərin yenidən yaşanılmasına səbəb ola bilər.
Bax, müdriklərimiz bu mənada keçmişi unutmamağı tövsiyə edirlər.
***
* Sabitlik olmayanda cəmiyyətin nizamı dağılır!
* Sabitlik olmayanda insanların rahatlığı, normal həyat ritmi pozulur!
* Sabitlik olmayanda bu günə və sabaha olan inam azalır!
* Sabitlik itəndə yeni, çoxsaylı problemlər meydana çıxır!
Problem demişkən, sovet dövründə problem sarıdan heç zaman "çətinliyimiz" olmayıb.
Bu gün bizim üçün adiliyə çevrilən məsələlərin bir qismi sovet hakimiyyəti illərində problem səviyyəsində idi.
MƏSƏLƏN:
Gecələr qorxmadan bayıra çıxır, istədiyimiz yerə gedirik, hətta şəhərimizdə olan əcnəbi turistlər belə səhərədək Dənizkənarı bulvarda, küçələrdə rahat və kimsədən ehtiyat etmədən gəzə bilirlər.
* Amma vaxt vardı - 20 Yanvar faciəsindən sonra Bakıda komendant saatı tətbiq olunmuşdu, kimsə gecələr bayıra icazəsiz çıxa bilməzdi, sovet əsgəri insanlara birbaşa atəş açırdı.
* Ürəyimizdən keçənləri, istədiklərimizi mağazalarımızdan (indi onlara "supermarket", "ticarət mərkəzi" deyirik) istənilən qədər alırıq;
* Amma vaxt vardı ət və yağ ailə üzvlərinin sayına görə xüsusi talonlarla və "təhkim olunduğun" mağazalardan verilirdi;
* Normal pal-paltar, əyin-baş almaq üçün qardaş Türkiyəyə gedərdik, yaxud onların gizli satışı ilə məşğul olan alverçi axtarardıq;
* Bir sıra zəruri ərzaq məhsulları - çay, qənd, şəkər tozu qıt olduğundan onları "altdan" alardıq, yəni satıcılara artıq pul ödəməklə gizlincə əldə edərdik;
* Çörək növbələri isə ən zəif yerimiz idi - yalnız dövlətə məxsus çörək zavodlarında istehsal edildiyinə görə hərdən zavodların qarşısında da növbələr yaranardı;
* İndi isə istədiyin "market"dən günün istənilən vaxtı istədiyin növdə, rəngdə və çeşiddə çörək ala bilirsən.
Xalqımızın daha bir ağrılı yaddaşı: AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində dövlətin taxıl ehtiyatı vaxtında yaradılmadığından "bəy"lər əhaliyə mal-qara üçün nəzərdə tutulan qüvvəli yemdən - "jımıx"dan çörək bişitdirərək satdırırdılar.
Yaxud şəhərimiz üçün artıq problemə çevrilən, minik maşınlarının çoxluğundan yaranan "tıxac" problemi.
Sovet dövründə əsas üç marka ("Volqa", "Moskviç" və "Æiquli") minik maşınları satılardı (indi küçələrdə şütüyən maşınların markalarının sayı-hesabı bilinmir).
Onları əldə etməkdən ötrü isə 5-10 il ərzində yerli ZDS (sonra XDS) İcraiyyə komitələrində "maşın növbəsi"nə durmalı idin.
Yalnız bundan sonra avtomobil sahibi ola bilərdin.
Keçid dövründə kolxoz və sovxozlar dağıdıldığından, kooperasiya əlaqələri pozulduğundan ittifaq tabeli müəssisələrin - fabrik, zavod və istehsalat birliklərinin öz işini dayandırması böyük işsizlər ordusunun yaranması ilə nəticələnmişdi.
İşsiz qalan insanlar isə şəhər və rayonların mərkəzlərindəki meydanlara yığılaraq kütləvi mitinqlər keçirirdilər.
Bu həm də Moskva tərəfindən körüklənən Qarabağ probleminə mərkəzin ədalətsiz yanaşmasına Azərbaycan xalqının açıq etirazı sayılırdı.
Bu gün ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5 faizdən aşağıdır.
"Qıtlıq problemləri" isə öz yerini "bolluq problemi"nə vermişdir.
MƏSƏLƏN:
* Hər ailənin bir neçə maşını olduğundan küçələrin tıxacı həllolunmaz problemə çevrilib.
* Vaxtilə mənzillərinə telefon çəkdirmək üçün illərlə növbə gözləyən ailələrin hər üzvünün indi mobil telefonu var.
* Hətta uşaqları sosial şəbəkələrdən çəkindirmək üçün qanunda müvafiq dəyişiklik etməyə hazırlaşırıq.
Mayası süni şəkildə yaradılan "Dağlıq Qarabağ münaqişəsi"ndən qidalanan və Moskvanın ölkəmizə qərəzli, ədalətsiz münasibətindən yaranan, həmin dövrdə ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanlar başçılıq etdiklərindən vaxtında həllini tapmayan məsələlərdən doğan narazılıqlar ölkədə sabitliyin ciddi şəkildə pozulması ilə nəticələndi.
Anarxiya və qanunsuzluqların cilovlanaraq sabitliyin bərpası isə xeyli zaman, vaxt və enerji tələb etdi.
***
Sabitliyi pozmaq asandır, onu bərpa etmək isə qat-qat çətin!
Azərbaycanda da belə oldu.
Ölkəyə başçılıq edənlər pozulan sabitliyi geri qaytara, xalqın etimadını doğrulda və etibarını qazana bilmədilər!
ODUR Kİ:
* Ə.Vəzirov 20 Yanvar faciəsinin səbəbkarlarından biri sayıldığından hərbi təyyarəyə minərək Moskvaya qaçdı.
* A.Mütəllibov da eyni aqibəti yaşadı.
AXC-Müsavat cütlüyünün taleyi isə qismən fərqli oldu.
İqtidarda olduqları qısa müddətdə xalqın etimad kreditini xərcləyib qurtaranları xalq müdafiə etmədi.
* Odur ki, S.Hüseynov hərbiləşdirilmiş dəstəsi ilə Bakıya gəlmək istəyəndə prezident Ə.Elçibəy "komandası"nı yiyəsiz qoyaraq Kələkiyə qaçdı.
Başlarını itirən komanda üzvləri isə bir-bir "vəzifələrini donduraraq" aradan çıxmağa başladılar.
Düşmən isə yaranmış situasiyadan istifadə edərək dalbadal ərazilərimizi işğal edir və Kürədək Azərbaycan torpaqlarına sahib durmaq niyyətini gizlətmirdi.
Xalq yaranmış vəziyyətdən yeganə çıxış yolunu sevimli və sınanmış oğlunun, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.
Heydər Əliyev xalqın müraciətinə biganə qalmadı və dövləti qoruyub saxlamaq üçün yenidən ölkə rəhbəri olmağa razılıq verdi!
Bununla da xilaskarlıq missiyasının icrasına başladı.
***
Sabitliyin yaradılması çətin, uzunmüddətli və çoxsaylı tədbirlər görülməsini tələb edir.
Sabitliyin əleyhinə çalışan qüvvələrin mövcudluğu şəraitində isə məsələ daha da qəlizləşir.
Ölkəmizdə də belə bir vəziyyət mövcud idi...
Düz iki dəfə Azərbaycana düşmən qüvvələr "sapı özümüzdən olan baltalar"ın köməyi ilə dövlət çevrilişinə cəhd göstərdilər.
Lakin onlar bir məsələdə yanılmışdılar.
Artıq Azərbaycana dünyanın görkəmli siyasi və dövlət xadimi, xalqın sevdiyi və qoruduğu Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi!
Onun çağırışı ilə xalq hər iki halda ayağa qalxaraq öz rəhbərini müdafiə məqsədilə meydana axışdı...
Cəmiyyətin sağlam qüvvələri dövlətə xəyanət yolunu tutan ünsürlər üzərində qələbə çaldılar!
Heydər Əliyev zəkası hər cür xəbis niyyətlilərə üstün gəldi!
Bundan sonra müstəqilliyi əbədiliyə və dönməzliyə çevirmək, sabitliyi uzunömürlü etmək yolunda qətiyyətli addımlar atıldı:
* Qanunsuz silahlı dəstələr tərk-silah edildi;
* Əhalidəki qeyri-qanuni silah-sursat yığıldı;
* Xaos, anarxiya və özbaşınalığa son qoyuldu;
* Xüsusi komissiya yaradılaraq yeni Konstitusiyanın layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu;
* Dövlət əmlakının özgəninkiləşdirilməsi məqsədilə iki dövlət proqramı qəbul edilərək reallaşdırıldı, bazar iqtisadiyyatına keçid təmin edildi;
* "Əsrin müqaviləsi" imzalanaraq Azərbaycanın gələcək inkişafının iqtisadi bünövrəsi qoyuldu.
Tale bundan artığına vaxt vermədi, ölkədə uzunmüddətli sabitliyin təminatına imkan yaradan etibarlı siyasi kurs müəyyənləşdirən və layiqli siyasi varisini hazırlayan Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşdu.
Azərbaycanın gələcək taleyi isə etibarlı əllərə, ümumxalq səsverməsi ilə yüksək etimad qazanan cənab İlham Əliyevə tapşırıldı!
***
2003-cü il prezident seçkilərinin növbəti günü AXC-Müsavatdan qalma müxalifətin tör-töküntüləri və Azərbaycana düşmən dövlətlərin maliyyələşdirdiyi ünsürlər yenidən ölkədaxili sabitliyi sınağa çəkərək aranı qarışdırmağa cəhd göstərdilər.
Lakin İlham Əliyevin atdığı qətiyyətli və uzaqgörən addımlar, prinsipial mövqeyi və gördüyü operativ tədbirlər sayəsində məqsədlərinə çata bilmədilər!
Həm də anladılar ki, dövlət yenə də möhkəm və etibarlı əllərdədir!
Cənab İlham Əliyevin sonrakı illərdə də gördüyü işlər, qazandığı nailiyyətlər söylənilənlərin təsdiqinə çevrildi!
Ən əvvəl İlham Əliyev seçki kampaniyası dövründə xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirdi:
* Məcburi köçkünlər üçün müasir tipli 116 yaşayış kompleksi və şəhərcik saldıraraq onların həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdı;
* Görülən tədbirlər sayəsində elektrik enerjisi ilə təminatda baş verən fasilələr tam aradan qaldırıldı;
* Sahibkarlığın inkişafına münbit şərait yaradıldı;
* Yol infrastrukturu təzələndi;
* Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələri reallaşdırıldı;
* TAP və TANAP xətləri çəkilməklə "Cənub qaz dəhlizi" yaradıldı və hazırda onun vasitəsilə Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir;
* Orta dəhlizin işə salınması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün inamlı addımlar atıldı;
Lakin tam və daimi sabitlik yaranması üçün Dağlıq Qarabağ münaqişəsi həllini tapmalı, torpaqlarımız işğaldan və separatçılardan azad edilməli idi.
Odur ki, cənab İlham Əliyev ölkə iqtisadiyyatının gücləndirilməsinə, yeni ordu qurulmasına və onun ən müasir texnologiyalara əsaslanan silahlarla təmin olunmasına xüsusi diqqət yetirirdi.
Münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu saxta və riyakar mövqe tutmaqla vaxtı uzadır, işğalı əbədiləşdirməyə çalışırdı.
Ermənistan isə mənfur niyyətini gizlətmirdi.
Xankəndidə sərxoş vəziyyətdə olan baş nazir N.Paşinyan artıq torpaqların işğalı ilə bağlı məsələnin bitdiyini açıq şəkildə bəyan etdi: "Qarabağ Ermənistandır və nöqtə".
Haylar o qədər qudurmuşdular ki, hətta bizə hədə-qorxu da gəlirdilər: "Yeni müharibə, yeni ərazilər olacaqdır".
Təbii ki, Azərbaycan belə vəziyyətlə heç cürə razılaşa bilməzdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaxınlarda söylədiyi nitqindən bir neçə məqamı diqqətə çəkirik:
"Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım".
"Biz deyirdik: "Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün". Bunun müqabilində isə yalnız bir cavab alırdıq: "Gedin razılaşın" birinci mesaj. İkinci mesaj: "Bu münaqişənin hərbi həlli yoxdur". Üçüncü mesaj: "Siz müharibəyə başlaya bilməzsiniz". Dördüncü mesaj: "Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız" və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi".
"Beləliklə, dünya siyasətində qərar verən qüvvələrin torpaqlarımızın qeyri-qanuni şəkildə əbədi işğal altında qalmasına qərar verdiyini anladığımız zaman biz öz qərarımızı verdik və bütün planları dəyişdirdik. 2020-ci ildə torpaqlarımızın azad olunması uğrunda müharibə 44 gün davam etdi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Biz işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdik, lakin hamısını deyil. Daha sonra - 2023-cü ildə bu məsələyə tam və qəti nöqtə qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa olunub və bu, bütün dünya tərəfindən qəbul edilir. Bundan sonra isə biz Ermənistana sülh təklif etdik. İşğaldan və dağıntılardan əziyyət çəkmiş qalib ölkə, qalib xalq olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz biz olduq. Bu gün isə artıq sülh reallığa çevrilib".
***
* İlham Əliyev işğal altındakı torpaqları "dəmir yumruğ"u ilə azad etdi!
* İlham Əliyev ərazilərimizi separatçılardan və qondarma qurumlardan "dəmir yumruğ"u ilə təmizlədi!
* İlham Əliyev "dəmir yumruğ"unu yenidən hazır vəziyyətə gətirsə də, sülh siyasəti yeridir!
* İlham Əliyev müdrikliyi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycanda əsl sabitlik və daimi tərəqqi bərqərar olunmuşdur!
- Sabitlik xalqla iqtidarın birliyi, vəhdəti deməkdir!
- Sabitlik pozulmaz nizamdır!
- Sabitlik dövlətin gücü, qüdrətidir!
- Sabitlik sürətli və davamlı inkişafdır!
- Sabitlik vətəndaş məmnunluğunun təzahürü, xalqın iqtidara güvəni və inamıdır!
Son 20 ildə Azərbaycana 350 milyard dollardan çox birbaşa investisiya qoyulmuşdur ki, bunların da yarısı xarici mənbələrdən cəlb edilmişdir.
Bu həm də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, dünya dövlətlərinin ölkəmizdəki inkişafa, əmin-amanlığa və sabitliyə olan inamının təzahürüdür!
Dünyanın müharibələr girdabında çabaladığı, qlobal iqtisadiyyatın müharibələr səbəbindən baş verən kataklizmlərdən böyük zərbələr aldığı bir vaxtda Azərbaycan cəmi 44 gündə ikiəsrlik münaqişəyə son qoyaraq, Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirməkdədir.
Bu, İlham Əliyev siyasətinin müdrikliyi və uzaqgörənliyinin real həyatda təsdiqi, dünyaya və insanlara ən dəyərli töhfələrindən biridir!
Bəxtiyar SADIQOV