Xəbər verildiyi kimi, Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsini nəzərdə tutan Konstitusiya qanunu layihəsi qəbul olunub. Layihə adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, Korsikaya daha geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur.
Sağçı Respublikaçılar partiyası bu muxtariyyət hüququ ideyasına tamamilə qarşı çıxaraq ölkənin vahidliyinin qorunmasını tələb edir. Solçu liberal partiyalar isə Korsika nümayəndələrinin özünüidarəetmənin həyata keçirilməsini dəstəkləyirlər. Məlum sənədlə bağlı Azərbaycan Respublikasının Milli Məclisi də bəyanat yayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İSMAYILOV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan daim ən yüksək beynəlxalq platformalardan müasir dünyamızda kolonializmin davam etməsindən dərin narahatlığını ifadə edib. O qeyd edib ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean və Latın Amerikasında bir sıra xalqlar bu gün də əsarət altında yaşayırlar: "Yaxşı haldır ki, artıq uzun illər müstəmləkə şəraitində yaşayan xalqlar öz hüquq və azadlıqlarını təmin etmək yolunda mühüm tarixi nailiyyətlər əldə edirlər. Bu xüsusda Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin qəbul edilməsini qeyd etmək olar. Azərbaycan Respublikasının Milli Məclisinin bu əlamətdar hadisə ilə bağlı bəyanatında da qeyd olunduğu kimi, bu hadisə Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir. Bu qərar onu göstərir ki, xalqların qanuni və legitim tələblərinin siyasi müstəvidə həlli mümkündür".
Deputat Milli Məclisdə Korsika xalqına dəstək qrupunun fəaliyyət göstərdiyini xatırladaraq bildirib ki, müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmaq məqsədilə Bakı Təşəbbüs Qrupu yaradılıb, bir sıra beynəlxalq tədbirlər təşkil olunub və bütün bunlar Azərbaycanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlara, o cümlədən Korsika xalqına dəstəyinin bariz nümunəsidir.
Ş.İsmayılov hesab edir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan bu fəaliyyətlər Korsika xalqının hüquq və azadlıqları ilə bağlı məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: "Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi. Böyük qürurla qeyd etmək istərdik ki, Azərbaycanın kolonializmə qarşı mübarizə sahəsində səyləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Təbii ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, ölkəmizin qlobal müstəvidə oynadığı fəal rolun əyani təzahürüdür".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"