Qlobal avtomobil sənayesi tarixin ən böyük transformasiya dövrlərindən birini yaşayır. Əvvəlki illərdə elektrikli nəqliyyata keçid, sadəcə, ekologiyanı qorumaq məqsədi daşıyırdı. Bu gün isə bu proses qlobal enerji təhlükəsizliyi və iqtisadiyyatın xilası mübarizəsinə çevrilib.
Yaxın Şərqdəki gərginlik səbəbindən yaranan böyük enerji böhranı və tarixin ən böyük neft tədarükü problemi dövründə insanlar sürətlə elektrikli avtomobillərə üstünlük verməyə başlayıblar. Xüsusilə Hörmüz boğazındakı logistik risklər və neft hasilatçısı olan əsas ölkələrin tədarükündə yaratdığı fasilələr qlobal bazarlarda xam neftin qiymətini kəskin şəkildə artırıb. Bu vəziyyət ənənəvi daxili yanma mühərrikli avtomobil sahibləri üçün yanacaq xərclərini artırıb və istehlakçı davranışını kökündən dəyişib.
Beynəlxalq Enerji Agentliyi (BEA) bununla bağlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, 2026-cı ildə dünyada elektrikli avtomobil satışları yenidən artaraq 23 milyona çatacaq. Bu isə o deməkdir ki, cari il dünyada satılan hər 100 avtomobildən təxminən 30-u elektrikli olub. BEA-nın analitikləri vurğulayırlar ki, bu sürət proqnozlaşdırılandan təxminən 3-5 il daha tez baş verir və bunun əsas hərəkətverici qüvvəsi məhz geopolitik böhranlardır.
2025-ci ildə qlobal elektrikli avtomobil satışları 20 faiz artaraq 20 milyonu keçib. Dünyada satılan bütün yeni maşınların dörddəbiri elektrikli olub və onların 60 faizini Çin şirkətləri istehsal edib. Avropa və Şimali Amerika istehsalçılarının payı isə hərəyə 15 faiz təşkil edib. Bu disbalans Qərb ölkələrində ciddi narahatlıq yaradır. Avropa İttifaqı və ABŞ-nin yerli sənayeni qorumaq üçün tətbiq etdiyi subsidiyalar və daxili bazarı qoruyan gömrük tariflərinə baxmayaraq, Qərb istehsalçıları xammal tədarükü və batareya texnologiyalarındakı asılılıq səbəbindən Çin ilə rəqabətdə çətinlik çəkirlər.
Çin ötən il dünyadakı 22 milyon elektrikli maşının dörddə üçünü təkbaşına istehsal edərək qlobal mərkəz olduğunu sübut edib. Çinin elektromobil ixracı ikiqat artaraq 2,5 milyonluq rekord həddə çatıb. Avropa və ABŞ-ni çıxmaqla, dünyanın digər ölkələrində satılan elektrikli maşınların 55 faizi Çindən idxal edilib (bu rəqəm 5 il əvvəl 5 faiz idi).
Çinin bu qədər qısa müddətdə liderliyə yüksəlməsi təsadüfi deyil. Rəsmi Pekin son 15 ildə litium, kobalt və nikel kimi batareya xammallarının emalı zəncirini demək olar ki, tam nəzarətə götürüb. CATL və BYD kimi Çin nəhəngləri akkumulyator istehsalında miqyas iqtisadiyyatından (genişmiqyaslı istehsalın gətirdiyi ucuzlaşma) maksimum yararlanaraq rəqiblərindən qat-qat ucuz və səmərəli məhsullar təklif edirlər. Bu da Çin elektromobillərinin xarici bazarlarda qiymət baxımından rəqibsiz olmasına şərait yaradır. Çin və ABŞ-dəki daxili qayda dəyişiklikləri səbəbindən 2026-cı ilin ilk rübündə qlobal satışlar ümumilikdə 8 faiz azalsa da, digər regionlarda partlayış ssenarisi yaşanıb. Məsələn, ABŞ-də bəzi federal vergi güzəştlərinin meyarlarının sərtləşdirilməsi istehlakçıların hələlik gözləmə mövqeyi tutmasına səbəb olub. Lakin bu keçici durğunluq qlobal trendi dayandıra bilməyib. Belə ki, Avropada satışlar ötən ilin eyni dövrünə nisbətən təxminən 30 faiz artıb. Avropada yanacaqdoldurma məntəqələrində dizel və benzinin qiymətinin tarixi rekordları yeniləməsi, daxili bazarda müvəqqəti tənəzzülə baxmayaraq, elektrikli nəqliyyata keçidi stimullaşdıran ən böyük amil olub.
Asiya-Sakit okean regionunda (Çin xaric) satışlar 80 faiz kəskin artıb. Latın Amerikasında isə 75 faiz artım qeydə alınıb. Latın Amerikasında, xüsusilə Braziliya və Çili kimi ölkələr ictimai nəqliyyat sistemlərini (elektrikli avtobuslar və taksilər) sürətlə elektrikləşdirir, bu da ümumi statistikaya birbaşa təsir göstərir. Cari ilin mart ayında dünyanın 90-a yaxın ölkəsində satışlar artıb, 30 ölkədə isə aylıq satış rekordu qırılıb.
Yük maşınları seqmentində də dəyişiklik var. 2025-ci ildə elektrikli yük maşınlarının satışı ikiqat artıb və dünyada satılan hər 10 yük maşınından biri elektrikli olub (əksəriyyəti Çində). Logistika şirkətləri neft böhranı dövründə daşıma xərclərini optimallaşdırmaq üçün elektrikli ağır tonnajlı maşınlara investisiya qoymağa məcburdurlar. Şəhərlərarası qısa və orta məsafəli yüklərin daşınmasında elektrikli maşınlar artıq dizel mühərriklərini sıxışdırıb çıxarır.
Cənub-Şərqi Asiya regionu (xüsusilə Vyetnam) ən sürətlə böyüyən bazar statusunu alıb. Ötən il orada satışlar ikiqat artaraq 20 faiz bazar payına çatıb. Dəyişən yanacaq qiymətləri səbəbindən bu payın 2035-ci ilə qədər 60 faizə yüksələcəyi gözlənilir. Vyetnamın "VinFast" kimi yerli brendlərinin aktiv istehsala başlaması və dövlətin infra-struktur layihələrinə verdiyi dəstək bu regionu qlobal investorların diqqət mərkəzinə gətirib.
Elektrikli avtomobillərin sürətli artımı özü ilə bəzi infra-struktur çağırışlarını da gətirir. Qlobal miqyasda sürətli şarj stansiyalarının sayı hələ də avtomobillərin artım tempinə tam cavab vermir. BEA ekspertləri qeyd edirlər ki, elektrik şəbəkələrinin gücləndirilməsi və bərpaolunan enerji mənbələrinin bu şəbəkələrə inteqrasiyası yaxın 10 ilin ən kritik məsələsi olacaq. Əks halda, kömürlə işləyən elektrik stansiyalarından alınan enerji ilə elektromobilləri doldurmaq ekoloji hədəflərə kölgə sala bilər.
BEA rəhbəri Fatih Birol bildirib ki, batareya qiymətlərinin aşağı düşməsi və hökumətlərin neft böhranına qarşı atdığı addımlar bu bazarı daha da sürətləndirəcək. Xüsusilə "bərk cisimli batareyalar" yaxın illərdə avtomobillərin həm gediş məsafəsini artıracaq, həm də qiymətlərini ənənəvi maşınlarla eyni səviyyəyə endirəcək.
Hazırda dünyada 80 milyona yaxın elektrikli avtomobil var, lakin heç bir yeni dəstək proqramı elan edilməsə belə, 2035-ci ilə qədər qlobal elektrikli avtomobil sayının 510 milyona yüksələcəyi proqnozlaşdırılır. Bu isə qlobal neft tələbatının gündəlik milyonlarla barel azalması və yaxın gələcəkdə "neft erasının" geosiyasi əhəmiyyətini itirməsi deməkdir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"