Qlobal enerji bazarlarında yeni geosiyasi reallıqların formalaşdığı, enerji təhlükəsizliyi və "yaşıl keçid"in beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə Azərbaycan özünü yalnız enerji istehsalçısı kimi deyil, həm də enerji siyasətini formalaşdıran və regionlararası əməkdaşlığı təşviq edən mühüm tərəfdaş kimi təsdiqləyib.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların təməli 1990-cı illərin ortalarında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulub. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" və daha sonra reallaşdırılan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi ölkənin enerji tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"ndə qeyd etdiyi kimi, Azərbaycanın enerji inkişafı məhz həmin dövrdə başladı və ölkənin iqtisadi müstəqilliyinin əsasını təşkil etdi.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, bu il iyulun 13-də istifadəyə verilməsinin 20 illiyi qeyd olunacaq BTC kəməri təkcə neft ixracı layihəsi deyil, həm də regionda əməkdaşlıq, sabitlik və enerji təhlükəsizliyi modeli kimi tarixə düşüb: "Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bu layihə Azərbaycanı dünya enerji xəritəsində mühüm mövqeyə çıxardı və sonrakı qlobal enerji təşəbbüslərinin əsasını yaratdı. Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropanın enerji təhlükəsizliyini "Cənub qaz dəhlizi" olmadan təsəvvür etmək çətindir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP, TAP və digər infrastruktur layihələri ölkəmizi etibarlı enerji tərəfdaşına çevirib".
Azərbaycanın enerji siyasətinin artıq yalnız neft və qazla məhdudlaşmadığını qeyd edən deputat bildirib ki, son illərdə ölkəmiz "yaşıl enerji" sahəsində də böyük addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycanın quruda 135 giqavat, dənizdə isə 157 giqavat həcmində texniki bərpaolunan enerji potensialına malik olması ölkəmizə bu sahədə mühüm üstünlüklər qazandırır. "Hazırda ölkəmizdə onlarca "yaşıl enerji" layihəsi həyata keçirilir. Mingəçevirdə yeni elektrik stansiyasının açılması, Cəbrayılda yeni günəş-elektrik stansiyalarının tikintisi, işğaldan azad olunmuş ərazilərdə minlərlə ev və ictimai binada günəş panellərinin quraşdırılması bu siyasətin praktik nəticələridir. Qarabağ və Şərqi Zəngəzur artıq "yaşıl enerji zonası" elan olunub və həmin ərazilərdə hidro-enerji layihələri də sürətlə inkişaf edir. Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"ndə bildirdiyi kimi, gələn ilin sonunadək Azərbaycanın günəş və külək enerjisi üzrə gücü 2 giqavata, 2032-ci ilədək isə 8 giqavata çatacaq. Bu, ölkənin enerji balansında bərpaolunan mənbələrin rolunu əhəmiyyətli dərəcədə artıracaq", - deyə deputat əlavə edib.
P.Vəliyeva vurğulayıb ki, Azərbaycan regionun "yaşıl enerji" mərkəzinə çevrilməsi istiqamətində böyük işlər görür. Hazırda bir neçə "yaşıl enerji" dəhlizi üzərində iş aparılır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə "yaşıl enerji" layihələri Xəzərdən Avropaya uzanan yeni enerji xəritəsinin formalaşmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiyanın "yaşıl enerji"sinin Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq.
Deputat qeyd edib ki, 2024-cü ildə Azərbaycanın evsahibliyi etdiyi COP29 bu proseslərə əlavə təkan verib. Bu çərçivədə qəbul edilən qərarlar və qlobal öhdəliklər enerji keçidinin sürətləndirilməsi, "yaşıl investisiyalar"ın artırılması və iqlim fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ oldu: "Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"ndə çıxışında xüsusi vurğuladı ki, ölkələr neft və qaz ehtiyatlarına malik olduqları üçün deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycan məhz bu model üzrə hərəkət edərək enerji gəlirlərini sosial inkişafa, infrastrukturun qurulmasına, insan kapitalına və "yaşıl gələcəy"ə yönəldib. Bu gün Azərbaycan strateji diplomatiya, uğurlu enerji siyasəti və regional əməkdaşlıq sayəsində Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib. Ənənəvi enerji resursları ilə "yaşıl enerji"nin harmoniyasını yaradan Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində və enerji keçidinin sürətləndirilməsində öz lider mövqeyini daha da möhkəmləndirir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"