05 İyun 2026 08:55
123
Mədəniyyət
A- A+
Ömrünün sonunadək tarın sehrindən çıxmadı

Ömrünün sonunadək tarın sehrindən çıxmadı


Azərbaycan xalqının yaratdığı mənəvi sərvətlərdən biri onun zəngin musiqi mədəniyyətidir. Bu musiqinin əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmasında xalqın yaddaşı, istedadlı sənətkarların əməyi və milli dəyərlərə sonsuz sevgisi mühüm rol oynayıb. 

Dünyanın müxtəlif xalqları ölkəmizi muğam sənəti, tarın ecazkar səsi və bu sənətin yetişdirdiyi böyük ifaçılar vasitəsi ilə tanıyır. Muğam xalqımızın ruhunun, tarixinin, sevinc və kədərinin, mənəvi dünyasının bədii ifadəsidir. Bu böyük sənətin inkişafı sözsüz ki, onu yaşadan ustad sənətkarların fəaliyyəti ilə bağlıdır.

Azərbaycan musiqi mədəniyyəti tarixində tar aləti xüsusi yer tutur. Xalqımızın milli-mənəvi kimliyinin ayrılmaz hissəsinə çevrilmiş bu möhtəşəm musiqi aləti yüzilliklər boyu muğam sənətinin əsas daşıyıcısı olub. XIX əsrdə görkəmli sənətçi Sadıqcan tərəfindən təkmilləşdirilən tar yeni ifa imkanları qazanaraq Azərbaycan musiqisinin əsl simvollarından birinə çevrildi. Sadıqcanın yaratdığı məktəb sonrakı nəsillərin yetişməsinə, milli ifaçılıq ənənələrinin formalaşmasına güclü təsir göstərdi.

Bu böyük məktəbin davamçılarını xatırlayanda ilk növbədə Qurban Pirimov, Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov, Ramiz Quliyev və digər ustad tarzənlərin adı yada düşür. Onların hər biri Azərbaycan tar ifaçılığına yeni nəfəs gətirmiş, milli musiqimizin inkişafına mühüm töhfələr vermiş ustad sənətkarlardır. Məhz belə bir zəngin sənət mühitində yetişən və ömrünü Azərbaycan musiqisinə həsr edən görkəmli sənətkarlardan biri də Xalq artisti Həbib Bayramovdur.

Həbib Bayramov 1926-cı il iyunun 14-də Bakıda anadan olub. Hələ uşaqlıq illərində onun musiqiyə, xüsusən tara olan marağı ailəsinin diqqətini cəlb edib. Balaca Həbibin bu sənətə sonsuz sevgisini görən atası Əbdülhüseyn kişi onu görkəmli musiqi xadimi, məşhur tarzən Əhməd Bakıxanovun yanına aparır. Bu addım sonradan Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan böyük bir sənətkarın formalaşmasının başlanğıcı olur.

Həbib Bayramov qısa müddətdə istedadı və musiqi duyumu ilə seçilməyə başlayır. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alarkən təkcə nümunəvi tələbə kimi deyil, həm də müəllim çatışmazlığı səbəbindən muğamat sinfində dərs deyən gənc müəllim kimi fəaliyyət göstərir. Bu fakt onun hələ gənc yaşlarında qazandığı nüfuz və peşəkarlığının göstəricisidir.

1941-ci ildən etibarən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərən Həbib Bayramov ömrünün sonunadək bu kollektivdə işləyir. 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərərək milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür. Ustad tarzənin sənət yolu beynəlxalq festivallardan da keçib. 1951-ci ildə Berlində keçirilən Tələbələrin III Dünya Festivalında iştirak edərək laureat adına layiq görülməsi gənc tarzənin beynəlxalq arenadakı ilk böyük uğuru idi. Sonrakı illərdə Polşa, Kanada, Fransa, Avstriya, Danimarka, Türkiyə, Hindistan, Suriya, İordaniya, Əfqanıstan və digər ölkələrdə çıxış edən sənətkar musiqimizi dünya auditoriyasına sevdirən sənətkarlardan olub.

Həbib Bayramov tarzənlər arasında "Rast", "Şur", "Segah", "Çahargah", "Xaric Segah", "Orta Mahur" kimi klassik muğamların məşhur ifaçısı kimi tanınıb. Onun ifa tərzi yüksək peşəkarlıq, zəngin musiqi təfəkkürü və milli ifaçılıq ənənələrinə sadiqliklə seçilirdi. Təsadüfi deyil ki, dinləyicilər onun tarının səsində həm qədim muğam məktəbinin nəfəsini, həm də müasir ifaçılığın yeniliklərini hiss edirdilər.

Görkəmli tarzənin yaradıcılığının əlamətdar cəhətlərindən biri də Azərbaycan vokal sənətinin korifeylərini tarda müşayiət etməsi olub. Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarova kimi sənətkarlarla bir səhnəni bölüşmək hər tarzənin nəsibi deyil. Həbib Bayramov isə sənəti ilə bu böyük sənətkarların ifalarını tamamlayaraq Azərbaycan musiqisinin qızıl səhifələrinin yazılmasında iştirak edib.

Çoxlarının bilmədiyi maraqlı məqamlardan biri də onun saz ifaçılığı ilə məşğul olmasıdır. Ustad sənətkarın sazda ifa etdiyi "Segah", "Humayun" və "Bayatı-Qacar" muğamları bu gün də Azərbaycan radiosunun "Qızıl fond"unda qorunub saxlanılır. Bu fakt onun musiqi imkanlarının nə qədər geniş olduğunu bir daha təsdiq edir.

Həbib Bayramovun ailəsi də Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutur. O, Xalq artisti Tükəzban İsmayılovanın həyat yoldaşı idi. Azərbaycan mahnılarının tanınmış ifaçılarından olan Xalq artisti İlhamə Quliyeva da bu sənət ocağında böyümüşdür. 

Bu gün Həbib Bayramovun adı Azərbaycan musiqi tarixində hörmətlə çəkilir. O, sadəcə, virtuoz tarzən deyil, milli musiqimizin təbliğatçısı, muğam ənənələrinin qoruyucusu və Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına xidmət edən böyük sənətkar idi. Onun tarının səsində bir xalqın keçmişi, milli yaddaşı və mənəvi zənginliyi yaşayırdı.

Azərbaycan musiqisi yaşadıqca, muğamlarımız səsləndikcə, tarın sehrli səsi könülləri fəth etdikcə Həbib Bayramov kimi sənətkarların xatirəsi yaşayacaq. Çünki böyük sənətkarlar dünyadan köçsələr də, onların yaratdığı sənət əbədiyyətə qovuşur və gələcək nəsillərə yol göstərən mənəvi işığa çevrilir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 100 dollara satılır

09:52
05 İyun

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

09:41
05 İyun

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

09:23
05 İyun

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

09:12
05 İyun

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

09:01
05 İyun

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!