İndi dünyada suyun hər damlasının hesabı aparılır
Bakı və Abşeron yarımadası son 30 ildə sürətlə dəyişib, ilk növbədə əhalinin sayı xeyli artıb. Bu, təbii ki, su və kanalizasiya infrastrukturuna olan tələbatın kəskin artması ilə nəticələnib. Müstəqillik dövrü bu sahədə xüsusən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, sonralar isə Prezident İlham Əliyevin dəstəyi ilə bir sıra strateji layihələr həyata keçirilsə də, urbanizasiya, iqlim dəyişmələri və əhalinin sürətli artımı yeni problemləri önə çıxarıb.
Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı 2026-2035-ci illəri əhatə edən "Bakı şəhərinin su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" şəhərin gələcək inkişaf strategiyasının mərkəzində dayanır. Proqram yalnız içməli suyun fasiləsiz verilməsini təmin etməklə kifayətlənmir, tullantı və yağış sularının idarə olunması, su itkilərinin azaldılması və dayanıqlı ekosistem prinsiplərinin tətbiqini qarşıya məqsəd qoyur.
Artıq dövlət proqramı çərçivəsində yüzlərlə kilometr yeni su və kanalizasiya xətti çəkilir, sutəmizləyici qurğular yenidən qurulur, müasir rəqəmsal və avtomatlaşdırılmış idarəetmə texnologiyaları olan SCADA sistemləri və smart sayğaclar tətbiq edilir. Bu yerdə xüsusi qeyd edək ki, "ağıllı şəhər" konsepsiyası suyun idarə olunmasında inqilabi addımdır. SCADA sistemləri və smart sayğaclar suyun mənbədən son istehlakçıya qədər hər damlasını izləməyə imkan verir. Hazırda 27 min kilometr su xətti, 11 min kilometr kanalizasiya infrastrukturu üzrə koordinat əsaslı məlumat bazası formalaşdırılır. Bu baza olmadan avtomatlaşdırılmış idarəetmə mümkün deyil. Smart sayğaclar vasitəsilə abonentlər su istifadəsini onlayn izləyəcək, fakturaları avtomatik ala biləcəklər.
Bəs bu böyük layihə gündəlik həyatımıza, şəhərin su təhlükəsizliyinə necə təsir edəcək? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov jurnalistlərə müsahibəsində məsələyə aydınlıq gətirib: "Hazırda mövcud vəziyyətdə suların böyük hissəsi bir mərkəzə - kollektor sisteminə yönəlir. Yeni proqram çərçivəsində isə bu sistem daha səmərəli şəkildə bölüşdürüləcək. Nəticədə həm vətəndaşların içməli suya əlçatanlığı, həm kanalizasiya xidmətlərinə çıxışı yaxşılaşacaq, həm də bu cür intensiv yağışların yaratdığı fəsadların daha az olması və suların daha operativ şəkildə kənarlaşdırılması mümkün olacaq".
Bəhs etdiyimiz dövlət proqramı yalnız içməli suyun fasiləsiz verilməsini hədəfləmir. O, həm də su itkisi risklərinin azaldılmasını, ekoloji dayanıqlılığın təmin olunmasını nəzərdə tutur. Artıq bu proqram çərçivəsində 12 istiqamət üzrə təxminən 345 kilometr uzunluğunda yeni kanalizasiya və yağış kollektorlarının tikintisi planlaşdırılıb. Həmin layihələrdən 7-sinin icrasına başlanılıb. Hər bir yeni kollektor xətti, nasos stansiyası şəhərin damarlarına həyat verir.
Su itkilərinin azaldılması isə proqramın ən vacib istiqamətlərindən biridir. Hazırda ölkədə su itkilərinin böyük hissəsi fiziki sızmalar və kommersiya itkilərindən ibarətdir. Bakıda magistral xətlərin, nasos stansiyalarının və son istehlakçıya qədər olan şəbəkələrin monitorinqi üzrə müasir texnologiyalar tətbiq olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə hazırlanmış strategiya su itkisinə qarşı səmərəli mübarizə planlarını müəyyən edir. Alternativ su mənbələrinin istifadəsi də mühüm vəzifələrdəndir. Duzsuzlaşdırma zavodları və tullantı sularının təkrar emalı paytaxtın su balansını gücləndirəcək. Məsələn, duzsuzlaşdırma layihəsi çərçivəsində hər il təxminən 100 milyon kubmetr içməli suyun istehsalı nəzərdə tutulur. Hövsan Təmizləyici Qurğular Kompleksinin yenidən qurulması nəticəsində tullantı sularının kənd təsərrüfatı və sənayedə istifadəsi mümkün olacaq. Beləcə, hər bir damla su təkrar "doğulub" şəhərin normal həyatını təmin edəcək.
Bütün bu layihələrin bir məqsədi var: Bakı və Abşeron yarımadasında müasir, dayanıqlı və iqlim dəyişikliklərinə uyğun su infrastrukturu yaratmaq. Dövlət proqramı indiki tələbatı qarşılamaqla yanaşı, gələcək nəsillərin də təhlükəsiz və dayanıqlı su təminatını hədəfləyir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"