Minilliklər boyu formalaşmış Azərbaycan memarlığı zəngin bir irsdir. Bu torpaqlarda məskunlaşan insanlar hələ qədim dövrlərdən təbiətin sərt şərtlərinə uyğun yaşayış məskənləri yaradıblar. Nadir tarixi abidələrdən olan Qobustan qayaüstü rəsmlərində bəşər övladlarının ilk izlərini - məişətini, düşüncə tərzini, inanclarını və mədəniyyətini görmək mümkündür. Qədim insanlar burada öz gündəlik həyatlarını, ov və mərasimləri qayaüstü rəsmlərlə əbədiləşdiriblər.
Əcdadlarımızın bu izlərindən başlayan memarlıq yolculuğu əsrlər boyu inkişaf edərək İçərişəhərin əsrarəngiz, dar, döngəli küçələrinə, Qız qalasının əzəmətli divarlarınacan uzanıb. Şəhər mədəniyyətinin tərəqqisi ilə memarlıq daha da təkmilləşib, müdafiə qurğuları, saraylar, məscidlər, karvansaralar və körpülər inşa edilib.
Orta əsrlərdə Azərbaycan şəhərləri ticarət, sənət və mədəniyyət mərkəzləri kimi tərəqqi edib. Sonrakı dövrlərdə də bu inkişaf dayanmayıb. Şirvanşahlar Sarayı, Şəki Xan Sarayı, Naxçıvanın Möminə Xatun türbəsi və digər tikililər xalqımızın memarlıq zövqünün möhtəşəm nümunələridir. XX əsrin əvvəllərində isə Bakı dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilib. Neft sənayesinin yüksəlişi şəhərin memarlıq simasını dəyişib. Avropa və Şərq memarlıq üslublarının vəhdəti nəticəsində yeni inzibati binalar, yaşayış evləri və mədəniyyət ocaqları tikilib. Bu dövr Bakının memarlıq baxımından ən rəngarəng mərhələlərindən biri kimi tarixə düşüb.
XX yüzilliyin sonlarında Azərbaycan xalqı dövlət müstəqilliyinə nail oldu. Müstəqillik illərində ölkəmizdə şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsi başladı. Respublikamızın müxtəlif bölgələrində həyata keçirilən quruculuq işləri, yeni layihələr şəhərlərin simasını dəyişdirdi, müasir infrastruktur yaradıldı, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görüldü. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri müasir memarlıq prinsiplərinin tətbiqi ilə geniş vüsət aldı.
Müasir Bakının simvoluna çevrilən "Alov qüllələri", Heydər Əliyev Mərkəzi və digər tikililər ölkəmizin memarlıq sahəsində qazandığı uğurların göstəricisidir. Bu layihələr milli memarlıq ənənələri ilə müasir texnologiyaların vəhdətini əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən, əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir".
Bəşər tarixinin ən qədim sənətlərindən biri olan memarlıq yalnız yaşayış məkanları yaratmır, həm də xalqların yaddaşını yaşadır, onların dünyagörüşünü, mədəniyyətini və həyat tərzini gələcək nəsillərə çatdırır. Hər daşda, hər divarda, hər tikilidə bir dövrün nəfəsi, bir xalqın düşüncəsi yaşayır. Bu mənada indi ölkəmizin ayrı-ayrı bölgələrində reallaşdırılan tikinti-quruculuq işləri həm də gələcək nəsillərə ərməğandır.
Bu gün respublikamızda həyata keçirilən "yaşıl şəhərlər", "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini nümayiş etdirir. Göstərir ki, müasir memarlıq, şəhərsalma insanların rahat, təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını təmin etmək deməkdir.
Sevindirici haldır ki, bu gün Azərbaycan minilliklər boyu formalaşmış zəngin memarlıq irsi ilə dünyanın diqqətini cəlb edən ölkələrdən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması isə memarlıq irsimizə və şəhərsalma ənənələrimizə verilən yüksək dəyərin ifadəsidir. Bu həm də xalqımızın memarlıq irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bir çağırışdır. Tarixi binalar, saraylar, türbələr və müasir şəhər layihələri, əslində, bir-birinə qırılmaz tellərlə bağlıdır. Onlar göstərir ki, keçmişi unutmadan gələcəyə inamla addımlamaq lazımdır. Bu mənada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində reallaşdırılan tədbirlər gənc nəslin memarlıq tariximizi daha yaxından öyrənməsi, milli irsimizə sahib çıxması baxımından da təqdirəlayiqdir.
Bu gün Azərbaycan bir tərəfdən minilliklərin yadigarı olan tarixi abidələrini qoruyur, digər tərəfdən gələcəyin şəhərlərini qurur. Keçmişlə gələcək arasında yaradılan bu körpü xalqımızın zəngin mədəni irsinin davamlılığını təmin edir. Tarixi abidələr milli yaddaşımızı yaşadırsa, müasir memarlıq layihələri gələcəyə inamımızı və inkişaf əzmimizi nümayiş etdirir. Bu baxımdan Azərbaycanın evsahibliyi etdiyi WUF13 böyük əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, memarların və şəhərsalma üzrə ekspertlərin iştirak etdiyi, şəhərlərin dayanıqlı inkişafı, tarixi irsin qorunması və müasir texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinə geniş imkan yaradan bu mötəbər tədbirin Bakıda keçirilməsi bir daha ölkəmizin şəhərsalma sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir. WUF13 Azərbaycanın keçmişlə gələcəyi birləşdirən inkişaf strategiyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirən mühüm platforma kimi yadda qaldı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"